“Qazanan” Çingiz Abdullayev olacaq…

511

“Neftçi”nin Müşahidə Şurası təşkil olunanda bəziləri komandanın ağ günə çıxdığını, hətta onun qaz vurub qazan dolduracağını söylədilər. Bəli, elə ki Şura iş başına keçdi, başladı iclası iclasa calamağa. İndiyədək bu şuranın “Neftçi” “naminə” neçə iclas keçirdiyini və hansı qərarlar qəbul etdiyindən söz açıb başınızı ağrıtmaq istəmirəm. Müşahidə Şurası qərarlar qəbul etməyində olsun, sizə nədən söz açıb, nədən söz açım, “Neftçi”nin enişindən. Bəli, üç gün öncə “İnter” “Neftçi”ni böyükhesabla məğlubiyyətə uğratmaqla “flaqman”ın çökməkdə olduğunu bir daha sübut etmiş oldu. Bu isə bir daha onu göstərir ki, iclaslarla “Neftçi”nin dərdinə çarə bulmaq müşkül məsələdir.

Zənnimizcə, 3 futbolçunun (Mirhüseyn Seyidov, Rauf Əliyev və ya Elvin Yunuszadə) transferə çıxarılması da gözdən pərdə asmaqdan başqa bir şey deyil. Axı bu gün “Neftçi”nin problemi yalnız bu “troyka” deyil. Hazırda “Neftçi”nin, demək olar ki, bütün oyunçularının yaxşı oyun nümayiş etdirməmələri göz qabağındadır. Hələ bu azmış kimi, hər tur bakılıların hansısa oyunçusu lüzumsuz hərəkətlərinə görə qırmızı vərəqə alır. İş o yerə çatıb ki bu komandanın oyunçuları baş məşqçini saymaq belə istəmirlər. Elə sonuncu oyunda baş məşqçinin qərarından narazı olan “Neftçi”nin legioneri Julius Vobay onu əvəz edən Rəhman Hacıyevlə görüşmədən, baş məşqçi Arif Əsədovun əlini sıxmadan birbaşa paltardəyişmə otağına tərəf yollanmadımı? Bundan öncəki matçda Elvin Yunuszadə baş məşqçi ilə söz güləşdirmədimi? Bütün bunlar isə komandanın idarəedilməz hala gəldiyini göstərir.

Bəli, bu gün yaxşı nəzər etdikdə açıq-aydın görünür ki, “Neftçi”də sanki bir xaos hökmranlıq edir. Arif Əsədov isə bütün bunları, sözün həqiqi mənasında, malalamağa çalışır. Görün, o, “Neftçi”nin “İnter” biabırçılığına necə don geyindirməyə çalışır: “Hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdır. Finalda tam başqa “Neftçi”ni görəcəksiniz. Qaldı ki, azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”. Şari belə yerdə deyib də: “Kimi aldadırsan, a zalım oğlu?” Nə isə…

Hə, yadıma düşmüşkən, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin də açıqlamaları elə bu səpkidədir. Mənə belə gəlir ki, bütün bu olaylardan faydalanan yeganə şəxs məhz o olacaq. Çünki hazırda “Neftçi”də cərəyan edən hadisələr nə vaxtsa Çingiz müəllimin növbəti dedektiv əsərinin süjet xəttini təşkil edə bilər. Mən buna əsla şübhə etmirəm. Deyəsən, mövzudan uzaqlaşdım axı, amma bir o qədər də yox.

Bütün bunları analiz edəndə belə bir məntiqi nəticəyə gəlmək olar ki, son vaxtlar “Neftçi”nin nizam-intizamı, əgər belə demək mümkünsə, sistemi tamam pozulub. Kim bilir, bu, bəlkə də komandanı hərənin bir tərəfə çəkməsinin nəticəsidir. Kim bilir, bəlkə də mən yanılıram. Bu yerdə yadıma bir məzəli əhvalat düşdü. Deməli, belə: bir gün görkəmli fırça ustası Əzim Əzimzadənin xəstə yatdığını eşidən gənc rəssamlar – Kazım Kazımzadə, Lətif Kərimov, Qəzənfər Xalıqov və İsmayıl Axundov onu yoluxmağa gedirlər. Evdə ustadı yataqda görən tələbələr ona ürək-dirək verirlər. Otaqda Qəzənfər Xalıqovun diqqətini rəssamın durmadan qabıq verən əlinin dərisini soymağı cəlb edir. Odur ki, o, ustad rəssamdan soruşur: “Əzim əmi, deyəsən, maddələr mübadiləs pozulub?” Rəssam da sakitcə: “Maddə qalıb ki, mübadiləsi də pozular?” – deyir. İndi onun sözü olmasın “Neftçi”də sistem qalmışdı ki, pozula?

Qvami Məhəbbətoğlu