“…Qazanan alverçilərdir”

592

Goranboy rayonunun Qaradağlı kəndi yerkökü ilə məşhurdur. Kənddə yerkökü ən mühüm tərəvəz sayılır. Hazırda yerkökünün yığımının ən qızğın vaxtıdır.

Goranboy rayonunun Qaradağlı kənd sakinləri deyirlər ki, yerkökü becərilməsi qədimi adətdir. Yerkökünün becərilməsinin bu kəndə xas ənənələri var. Məsələn, burada yerkökü kəndlilərin dili ilə desək, Göygöldən gələn ən təmiz su sayılan Ağsuda yuyulur. Yerkökü torbalarla çayın içinə qoyulur və 1 sutka burada qalır və bunun özü bu tərəvəzə əlavə dad verir. Yerkökü istehsalı kənd sakinlərinin dolanışığında vacib rol oynayır. Bu il kənddə məhsuldarlıq xüsusi olaraq seçilir. Çünki 100 hektara yaxın sahədə kəndlilər yerkökü becəriblər. Hər hektardan təqribən 25-30 ton yerkökü götürülsə, 3000 tondan çox məhsul edir. Əvvəlcə, məhsul sahələrdən əl əməyi ilə yığılır. Bundan sonra həmin torbalar çay suyunda yuyulmaq üçün suya qoyulur. Növbəti gün həmin torbadan çıxarılır və yeni torbalara satışa uyğun formada yığılır. Bu proseslərə yerkökünün yuyulması xüsusi rəng qatır. Belə ki, kəndlilər məhsullarını Kəpəz dağından gələn Kürək çayında yuyurlar. Bu da, öz növbəsində, yerkökünə xüsusi dad qatır. Məhsul torbalarda ağzıbağlı şəkildə suya qoyulur. Axının aparmaması üçün torbaların üstünə daş qoyulur. Kəndlilər torbaların üstünə çıxaraq tapdayırlar ki, yaxşı yuyulsun. Bu xoş mənzərə adətin sübutudur. Əldə olunan məhsulu müştərilər 20-25 qəpik arası Qaradağlı camaatından alırlar. Kəndlilərin fikrincə, 20-25 qəpik çox aşağı qiymətdir. Ancaq neynəmək olar, yoxsa məhsul əllərində qalar. Kənd sakinləri gündə təxminən 3-4 ton yerkökü yığıb satırlar. Bu onu göstərir ki, məhsul boldur. Ticarətçilər yerkökünü yerində alaraq, böyük şəhərlərə Bakı, Gəncə, Mingəçevirə apararaq, 50 qəpik-1 manat 30 qəpik arası satırlar və qazanan da onlar olurlar. Bütün əziyyəti çəkən kəndlilər isə çəkdikləri əziyyətin bəhrəsini istədikləri kimi görə bilmirlər. Qeyd edək ki, yerkökü ötən ildə Qaradağlı kəndində eyni qiymətə olub.

Esmira Hidayətova, Goranboy