Qaynar olmayan “qaynar xətt”

Ümumiyyətlə, mənim nəyi isə qaynatmaqla əsla aram yoxdur. Təbiətim belədir. Lakin bu dəfə o nə isələrdən birini qaynatmağa məni məcbur etdilər. Özü də, əgər belə demək mümkünsə, çox rəsmi formada. Bu boş, həm də mənasız girişdən sonra keçirəm mətləbə…
Bəli, bir neçə gün öncə, daha doğrusu, fevralın 26-da səhər saat on radələrində iş yerimin yaxınlığındakı “Neptun” mağazasına girib bir qutu siqaret (adını reklam etmək istəmirəm) almaq istədim. Satıcı qız: “İki manat iyirmi qəpik ödəməlisiniz”, – deyəndə gözlərim kəlləmə çıxdı. Handan-hana gözlərim öz əvvəlki “məkanına” qayıtdıqdan sonra satıcı qıza: “Axı indi almaq istədiyim siqaretin qiyməti dünən bir manat əlli qəpik idi”, – dedim. Artımı əlüstü hesablayıb: “Birdən-birə 46,6 faiz? Əgər bu dollara görədirsə, onda 33 faiz olmalı idi axı”, – dedim. Satıcı qız çiyinlərini çəkməklə sualımı “cavablandırdı”. Bir istədim müdirin yanına girib bu artıma bir aydınlıq gətirməsini xahiş edim. Birdən rəhmətlik nənəmin: “Bala, görəndə ki, qazan qaynayıb daşır, onun qapağını qaldırmaq imkanın yoxdur, o zaman ocaqdan kösövləri çək” sözləri yadıma düşdü. Və mən də ikinci varianta üstünlük verdim. Yəni dərdimi süni qiymət artımı ilə bağlı fəaliyyət göstərən “qaynar xətt”ə bəyan etmək fikrinə düşdüm. İş yerimə çatan ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qaynar xətt”inə zəng etdim (Beş-altı cəhdimin boşa çıxmağından hiss etdim ki, xətt qaynardan da qaynarmış). Nə isə…

Başıma gələni nəql edən kimi, cavab verdilər ki, bəs biz süni artımla bağlı monitorinqlər aparırıq, sizin də şikayətinizi qeyd edərik… Xülasə, adımı, yaşımı, yaşayış yerimi, telefon nömrəmi soruşandan sonra “tamam” deyib əlaqəni kəsmək istəyəndə Məşədi İbadın hambalı kimi səsləndim: “Bəs “Neptun”un məndən aldığı o artıq yetmiş qəpiyimi nə vaxt qaytaracaqsınız?”

Bu sözlərdən sonra bir siqaretə görə bu qədər haray salmağım mənə gülməli gəldi. Öz-özümə dedim: “Camaat nə hayda, sən nə hayda?” Qaynar xətdəki şəxs mənim bu halımdan xəbərdar olmuş kimi dedi: “Qardaş, başa düş ki, tütün məmulatları o qədər də önəmli məhsul deyil. Bir də çəkmə bu zəhirmarı da… Elə gərək tüstülənəsən?” Mən yarızarafat, yarıgerçək dilləndim: “Vallah, bu zəhirmarı sabahdan atacağam. Bununla da bu süni qiymət artımından ən çox qazanan mən olacağam. Üstəlik, məni bu bəladan xilas edənlərə bir “sağ ol” da deyəcəyəm. Amma unutma ki, söhbət təkcə siqaretdə deyil. Vallah, onsuz da tüstü təpəmdən çıxır. Bu tüstünün yanında siqaret tüstüsü nədir ki? Dollar bahalaşan gündən əksər məhsulların qiyməti 30-35 faiz artıb. Bəli, artıq bu süni qiymət artımı sənaye mallarında, üstəlik, kənd təsərrüfatı məhsullarında da özünü göstərir. Kartof, soğan, kələm belə bahalaşıb e… Mən hələ dərmanları demirəm. Bax indicə iş yoldaşım dünən 43 qəpiyə satılan dərmanı 70 qəpiyə aldığını dedi. Şikayət birmi, ikimi? Üstəlik, indi hərə bir üsulla bu artımdan faydalanmağa çalışır. Hətta bəzi mağaza müdirləri yeni üsula əl atıblar, yəni təmir adı ilə mağazalarını bağlayıblar. Nə isə… Axı bununla bağlı heç bir rəsmi göstəriş-filan yoxdur… Qardaş, axı ölkə başçısı da süni qiymət artımına yol verilməməsi ilə bağlı bütün qurumlara göstərişlər verib. Niyə onun dediklərinə əməl olunmur? Məgər dərəbəylikdir?” Qaynar xətdəki dinmədi, sadəcə: “Bizim işimiz sadəcə monitorinq aparmaqdır”, – dedi.

Qaynar xətdən aralanan kimi canıma möhkəm üşütmə düşdü. Halbuki xidmətə zəng edəndə elə güman edirdim ki, məsələyə operativ müxailə ediləcək və pozulmuş hüququm bərpa olunacaq. (Üstəlik, bu “qəhrəmanlığıma” görə mənə  “sağ ol” da deyəcəklər). Belə düşünməyə də haqqım var idi. Çünki həmin bu xidmət məlumat vermişdi ki, sui-istifadə hallarına, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək. Az sonra bu barədə düşünəndə yəqin etdim ki, sən demə, xidmətin süni qiymət artımı ilə bağlı məlumatında görüləcək ciddi tədbirlərin vaxtı konkret müəyyən olunmayıb. Yəni cücəni payızda deyil, nə vaxtsa sayılacağı nəzərdə tutulubmuş.  Bəli, bir daha deyirəm: mən də başa düşürəm ki, tütün məmulatları o qədər də önəmli məhsul deyil. Buna görə qaynar xəttin soyuq olduğunu da yaxşı başa düşürəm. Amma digər məhsullarla bağlı edilən şikayət əsasında “qaynar xətt”in niyə operatıv qaynamadığını başa düşməkdə çətinlik çəkirəm. Bəlkə, məni başa salasınız. Bilirəm, bu “qaynatmama” görə, məni qınayanlar da tapılacaq. Belələrinə bəri başdan deyirəm: bu mənim vətəndaşlıq borcum idi. Qvami Məhəbbətoğlu