“Qaynar” ərazilərin qızıl qaydaları

498

Bakını azdan-çoxdan tanıyan gənc sürücülər birtəhər də olsa burada vəziyyətdən çıxmağı bacarırlar, amma orta və yaşlı nəsildən olan sürücülər öz dilləri ilə desək, Bakıda baş çıxara bilmirlər. Onlar ya kameraya düşüb cərimələnirlər, ya qəza şəraitinə düşüb həyəcanlanırlar, ya da elə, doğrudan da, qəza ilə üzləşirlər. Bəs bunun səbəbi nədir? Kəndlərdən, rayonlardan Bakıya üz tutanlar ilk günlərdə burada avtomobil sürməyə niyə çətinlik çəkirlər? Onları çaşdıran, çətin duruma salan nədir? Mövzu ilə bağlı uzun illərdir Bakıda çalışan iki təcrübəli taksi sürücüsünün fikirlərini öyrəndik. Amma onların fikirlərinə keçməmişdən öncə bir məqama diqqət edək. Söhbət ondan gedir ki, yuxarıdakı şəraitin yaranmasına heç də həmişə Bakıya bir-iki günlük gələn sürücülər səbəbkar deyillər. Yəni yerli sürücülər arasında da etikadan kənar, şəhər mədəniyyətinə uyğunlaşmayan şəhərlilər də az deyil. Onlar yerli-yersiz səs siqnallarından istifadə edir, qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradır, tıxaca səbəb olurlar. Belə sürücülərə hansı qanundan, hansı mədəniyyətdən danışasan. Heç yadımdan çıxmır. Ötən həftə Bakıda “8-ci kilometr” bazarından gəlirdim. Maşın yüklü olduğundan ağır hərəkət edirdi. Elə bu an BMW markalı maşının sürücüsü kobud şəkildə qaydanı pozaraq qəza şəraiti yaratdı. Qəfil əyləci basmasaydım, hər ikimizin maşını ciddi zədələnəcəkdi. Maşından düşmədim, amma ona yol nişanını göstərib gözləməli olduğunu dedim. Görünüşündən idmançı olduğu bilinən qardaş əsəbi halda əlini yelləyib, yoluna davam etdi. Onun əlini yelləmə hərəkəti o demək idi ki, “nə qayda, mən qayda bilmirəm”. Odur ki, hətta yol sənin olsa belə, ehtiyatı əldən verməyəcəksən. Çünki cibində sürücülük vəsiqəsi gəzdirən, ancaq qaydaları tam dəqiqliyi ilə bilməyən o qədər sürücü var ki. Onlar potensial təhlükə mənbəyidirlər…

Təcrübəli sürücülər Qalib Əliyev və Samir Xəlilov bizimlə söhbət zamanı avtomobillərin intensiv hərəkət etdiyi yerlərdə maşın sürə bilməyənlər üçün qızıl qaydaları açıqladılar. Onların verdikləri məsləhətlər əsasında həmin 10 qızıl qaydanı konkretləşdirərək təqdim edirik:

1. Əgər ilk dəfədirsə, gedəcəyiniz istiqamət üzrə həmkarlarınızdan məlumat alın. Lazım olsa, yolboyu bir neçə dəfə maşını saxlayıb, yolu soruşmaqdan ərinməyin.

2. Güzgülərlə işləməyi adət halına gətirin. Çünki sağdan, soldan və arxadan gələn avtomobilləri görmək üçün güzgülərlə işləmək vacibdir. Əks təqdirdə…

3. İstisna halları çıxmaq şərti ilə əyləcdən sərt istifadə etməyin. Ara məsafəsi düzgün saxlanılmadığı halda, arxadan gələn avtomobil maşınınızı vura bilər.

4.Avtomobili yerindən yüksək sürətlə hərəkətə gətirmək də təhlükəlidir.

5. Marşrut avtobuslarından mümkün qədər uzaq durun. Çünki bu avtobusları idarə edənlər ancaq “plan” və interval barədə düşündüklərindən nə vaxt nə edəcəkləri bəlli olmaz. Qəfil tormozlama, əks istiqamətə çıxma, sərt manevr, hər an dayanma ehtimalı və s. bu qəbildəndir.

6. Səs və işıq siqnallarından yeri gəldikcə istifadəni unutmayın. Bu, qəzadan sığortalanma baxımından düşündüyünüzdən də çox effekt verə bilər.

7. Sürücüsü təhlükəli, naşı, ərköyün təsiri bağışlayan avtomobillərdən uzaq sürün. Ya özünüz uzaqlaşın, ya da yol verin getsin işinin dalınca…

8. İlk dəfə getdiyiniz yollarda işıqforun olub-olmamasına, işləyib-işləməməsinə, yol hərəkəti nişanlarına diqqət edin.

9. “Avtomobili qəfil, özü də harda gəldi saxlamaq olmaz” düsturu hər zaman yadınızda olsun.

10. Hər an təhlükə baş verə biləcəyini unutmayın. Çünki yollarımız yol hərəkəti qaydalarını bilməyən sürücülərlə doludur. Onlar yol sizin ola-ola, gözləmələri lazım ola-ola, yol vermələri vacib ola-ola əksini edə bilərlər…

 NICAT İNTIQAM