“Qayınanam mənə hər bir işdə dəstək olur”

538
Hər gün evin iş-gücünü yola verib işə tələsən, axşam qayıdıb tez-tələsik yenə də biş-düşlə, yır-yığışla məşğul olan qadınlar üçün ailə qayğısını çəkmək bəzən çox çətin olur. Bəs ictimai-siyasi həyatda tanınan qadınlar necə, ev qadını rolunu oynaya bilirlərmi? Onlar işdən sonrakı vaxtlarını ev işi və istirahət arasında necə bölürlər?
Mingəçevirdə gənc yaşlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkar xanım Mahirə Abbasovaya ünvanladıq. Onunla Mingəçevirdə “Aziz bebe” kimi tanınan uşaq aləmi mağazasında görüşdük.

“Gününüzün əsas hissəsini mağazada keçirirsiniz, bəs ev işləri, mətbəx sizə nə qədər yaxındır?” sualımıza müsahibimiz belə cavab verdi: “Artıq bu işlərə alışmışam. 8 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. İlk dəfə uşaq paltarlarının satışı ilə, daha sonra ev tekstili, qadın və kişi ev geyimləri ilə işə başladım. Türkiyədə fəaaliyyət göstərən fabriklərlə işbirliyi qurduq. Düzdür, əvvəlcə, bir gənc qadın kimi bu işlərin başlanğıcı çətinlik törətsə də, artıq bu işlərə alışmışam. Çünki həyat yoldaşım da bu işlərin həyata keçməsində mənə dəstək olur. Onu da qeyd edim ki, iki dəfə Türkiyədə fabriklərdə keçirilən sərgilərdə iştirak etmişik. Türkiyədə tanınan firmalarla çalışırıq. Firmaların sahibləri bizə insan sağlamlığına müsbət təsir göstərən, keyfiyyətli mallar təqdim edirlər”.

 

“Çalışıram işimi elə qurum ki, ailədə söz-söhbət yaranmasın”

Mahirə Abbasova bütün bu işlərin öhdəsindən vaxtını planlı işləməklə gəldiyini söylədi: “Mən işimi planlı şəkildə görürəm. 3 övladım var, onlara da zaman ayırmaq lazımdır. Etiraf edim ki, analıq hissi güc gəlir – ən çox vaxtımı onlara sərf etməyə çalışıram. Mənim qayınanam Xuraman xanım çox anlayışlı qadındır. Ev işlərində həmişə mənə kömək olub. Hətta deyərdim ki, qayınanam mənə hər bir işdə dəstək olur. Əgər o olmasaydı, mən gəlib bu məqama çata bilməzdim. Yoldaşımla iş dalınca gedəndə də arxayın oluram ki, uşaqlarım əmin əllərdədir. Mən sahibkarlıq fəaliyyətinə başlayanda çalışıram işimi elə qurum ki, ailədə söz-söhbət yaranmasın. Qadından tələb olunan işlərin öhdəsindən gələ bilməsəydim, iş qadını kimi də fəaliyyət göstərə bilməzdim”.

 

“Həyatın mənasını işə bağlamaq səhvdir”

“Evdar xanım olmaq, yoxsa iş qadını olmaq daha çətindir?” sualımıza psixoloq İlhamə İsmayılova belə cavab verdi: “Bu gün bəzi qadınlar işləməyi özlərinə hava, su kimi vacib bilirlər. Onlar “işləməyən qadının ailədaxili hörməti olmaz” deyə düşünüb, işləməyə can atırlar. Marağı oldu-olmadı, işi bacardı, yaxud çətinlik çəkdi kimi nüanslar elə də vacib olmur, yetər ki, qadın  ev qapısından çölə çıxısın. Başa düşülən haldır ki, qadının işləməyi ailə büdcəsinə təsir edir. Amma ehtiyac yoxdursa, yaxud həyat yoldaşı buna icazə vermirsə, buna görə mübahisə etməyə dəyərmi? Qadınların yarıdan çoxu bu suala “dəyər” deyə cavab verir. Düzdür, işləmək yaxşıdır, amma ailə, uşaq problemlərini yarımçıq həll edib işə qaçmaq, gəldikdən sonra xəstə, halsız görünmək, uşaqlara zaman ayırmamaq, həyatın mənasını işə bağlamaq səhvdir. Bu gün bəzi işləyən anaların ən böyük problemi daxillərindəki günahkarlıq hissidir. Çünki o, övladına kifayət qədər vaxt ayıra bilmir. Amma işi üçün bunu büruzə də vermir. Yeməyini verib, geyimini təmizləmək uşağa və ya ailəyə vaxt ayırmaq demək deyil”.

 

“Bəzi ailələrdə ailə, uşaq ikinci plana keçir”

Psixoloq onu da qeyd etdi ki, işləmək qadın üçün məcburiyyət olduğu halda, ailə, şəxsi həyat, sosial münasibətlər ikinci plana düşür: “İşləmək heç bir problem yaratmaz, o halda ki, qadın işdən zövq alar və işini məcburiyyət kimi qəbul etməz. Məsələnin kökündə isə, təbii ki, qarşı tərəf, həyat yoldaşı durur. İstənilən halda kişi qadına başa salmalıdır ki, hər nə olur olsun, o bu işi işləməyə məcbur deyil və istədiyi zaman işi saxlaya, istədiyi zaman davam edə bilər. Amma Azərbaycan ailələrində vəziyyət necədir – qadın düşünür ki, illərdir oxumuşam, mütləq işləməliyəm, işləməsəm sonradan həyat yoldaşım işləməyə icazə verməz və s. İstər-istəməz ailə, uşaq, həyat ikinci plana keçir. Tək məqsəd hər nə olur olsun, mütləq iş hesab edilir. Nəticədə isə həmin yorğunluq, depressiya, ailəyə vaxt ayıra bilməmək, uşağına məcburi sevgi göstərmək, özünə baxmayan qadın və bütün bunlardan boğaza yığılan kişi”…

Esmira Hidayətova