Qayğı olan yerdə…

0
185

Dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən ardıcıl tədbirlərin icrası nəticəsində ölkəmizin əldə etdiyi uğurlarda həkimlərimizin böyük rolu danılmazdır. Belə ki, onlar ilk günlərdən  həyatlarını təhlükə altında qoyaraq bu bəlaya qarşı mübarizənin ön cəbhəsinə atılıblar. Şübhəsiz, respublikamızda ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərimizin peşəkarlığı, fədakarlığı hesabınadır.  Biz bu istiqamətdə müsbət dinamikanı görürük və ümid edirik ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır.

Yeri gəlmişkən qeyd edək ki, ölkə başçısı öz çıxışlarında onların fədakarlığından dəfələrlə söz açıb. Məsələn, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda keçirilən açılış mərasimində demişdir: “Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub”.

Dövlətimiz pandemiya ilə əlaqədar həkimlərə xüsusi diqqət göstərir. Təkcə onu demək kifayətdir ki, koronavirus pandemiyası ilə  mübarizədə əmək sərf edən, dövlət tibb müəssisələrində çalışan işçilərin iş yerlərini müasirləşdirməklə yanaşı, onların sosial rifahının yaxşı­laşdırılması məqsədilə əməkhaqları  aylıq vəzifə ma­aşlarının 3-5 mislinədək artırılıb. Məsələn, Azərbaycan Prezidentinin Sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb işçisinə, 3029 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

Üstəlik, bu istiqamətdə yeni-yeni addımlar atılmaqdadır. Bu da onların daha böyük ruh yüksəkliyi ilə işləmələrinə imkan verir. Belə qayğı və diqqət olan yerdə isə nəticələrin ürəkaçan olması labüddür. Son aylarda bu istiqamətdə görülmüş işlər, yaradılmış geniş imkanlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, ölkəmizdə pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda da­yanır.

Bu mübarizədə həkimlər həyatlarını riskə ataraq koronavirus pandemiyasına yoluxanları  həyata qaytarmaq üçün gecə-gündüz iş  başındadırlar. Başqa sözlə desək, həmişə ön xətdə, ön cəbhədədirlər. Bu yolda həyatlarını itirənlər də olub, müalicəyə cəlb olunanlar da. Amma bütün bunlar öhdəliklərini daha mükəmməl bir şəkildə icra edən həkimlərimizin gözəgörünməz düşmənə qarşı mübarizədə iradəsini sındıra bilməyib. Yəni, belə bir ağır durumda onlar, sözün həqiqi mənasında, qəhrəmanlıq nümayiş etdirirlər. Bununla da Prezident İlham Əliyevin “şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, o cümlədən pandemiya dövründə” sözlərini öz əməlləri ilə doğruldurlar.

O ki qaldı digər xarici dövlətlərdən gələn həkimlərə… Unutmayaq ki, hər bir ölkədə həkimlərin sayı normal həyat rejiminə hesablanır. Odur ki, dünyanın heç kimin ağlına gələ bilmədiyi bir bəla ilə üzləşməsi ölkəmizi də bu sahədə daha ciddi addımlar atmağa vadar etdi. Ona görə də əlavə həkimlərin respublikamıza dəvət edilməsi gündəlikdə duran məsələlərdən birinə çevrildi. Dövlət başçısı­nın və Birinci vitse-prezidentin göstərişi ilə beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan bu sahə üzrə ixtisaslaşmış həkim briqadaları gəldilər. Üstəlik, xaricdə təhsil alan tələbələrimiz də bu proseslərə cəlb olundular. Bununla da onlar həkimlərimizin fədakar əməyinə yeni situmul verdilər.  

Qvami Məhəbbətoğlu“İki sahil”