QAX-SARIBAŞ YOLUNDA VƏ YA TƏRK EDİLMİŞ YURD

311

 

                                          

İllər öncə qaxlı qardaşım Adil ilə birgə “Günəşli” müalicə ocağında eyni otaqda qalası olduq. Bu yaxınlıqdan sonra onunla aramızda dostluq münasibəti yarandı. O, Bakıya gəldiyində bizdə, mən isə Qaxa getdiyimdə onlarda binələndim.

İyunun əvvəllərində isə Adil qardaşım telefon açdı: “Ayə, bu istidə nə oturmusan Bakıda… Baxmayıb vara, yoxa, Qaxa gəl, Qaxa…İndi buralarda gülün gülü, çiçəyin çiçəyi hayladığı zamandı. Bir neçə günlüyünə olsa da, gəlin, bir az havanızı dəyişin. İnsana gəzmək qalacaq…” Dedim: “Qardaşımız Hacı Elşadla birgə məsləhətləşib gələrik”. ( Adil iş yoldaşım Hacı Elşadla da eyni ilə mənim kimi “Günəşli” müalicə ocağında birgə olmuşdu).
İki yerdə işlədiyim üçün işlərimin qızğın çağı idi. Qardaşım Hacı Elşadla ölçüb- biçdik ki, Qurban bayramına qədər hər iki yerdə, işlərimi düzənə salım və gedək. Elə də oldu. İyunun 26-sı səhər saat 5- də Hacının ağ dəmir kəhəri ilə yola düşdük. Respublikamızın sağı-solu yaşıllıqlarla bələnmiş əl içi – ayna kimi yollarla şütüyə-şütüyə Şamaxını arxada buraxıb gəlib çıxdıq İsmayıllıya. Burada bir yerdə azacıq dincəldikdən sonra yol aldıq Qəbələyə. İsmayıllı və Qəbələnin gözəllikləri haqqında eşitmişdim, lakin görməmişdim. İndi isə yol boyu bu yerlərin ilahi gözəlliklərini əyani şəkildə – öz gözlərimlə gördüyümdə bu yerlərin füsunkarlığının canlı şahidi oldum. Bu sehir dolu gözəlliklərin önündə qəlbim necə də heyrətlənməyə bilərdi. Çünki bu yerlərin ilahi gözəllikləri könlümü körük kimi körükləyib öz yuvasından havalandırırdı. Şair duyğularım qanad taxmışdı özünə… Məni yandırırdı sevdasının közünə…

Qəbələdə yol kənarında səhər yeməyini yedikdən – kəmərimizin altını bərkitdikdən sonra yol aldıq Oğuza və ordan da Şəkiyə. Kiş çayının üzərindən keçib hər yerdə yaşıl çalmalı dağların ətəklərindən keçən sağlı- sollu yaşıl ağaclarla bülənd olan yolla Şəkinin və Qaxın göz doyuran kəndlərindən keçə- keçə gəlib çıxdıq Qaxa. Könlümüzü şirin duyğulara boyaya- boyaya… həzin, kövrək hisslərlə yaxa- yaxa…

                                             Önümüzdə idi Qax

Adil qardaşımız bizi Qaxın girişində – dörd yolda gözləyirdi. Bu bizim Qaxa ikinci səfərimiz idi. Qaxda 2018- ci ilin avqustun son , sentyabrın isə ilk günlərində olmuşduq. O zaman Qaxa qatarla gəlib, qatarla da qayıtmışdıq.
O zaman da Qax bizim üçün əfsunlu olmuşdu. Bu gün isə iki qatına əfsunlu idi. Evə gəlib  “xoş- beşdən” sonra günorta yeməyimizi yeyən kimi İlisuya yola düşdük. Yol boyu könül oxşayan mənzərələrin seyrinə dala- dala İlisuya gəldik. Ağçaya, Kürmük çaya baş vurduq. Bu çayların sularında axası olduq ürək dolusu… həzz ala- ala… Keçən səfərimizdə orada olduğumuz üçün təkcə İlisu şəlaləsinə getmədik. Lakin keçən səfərimizdə getmədiyimiz, unutduğumuz Səngər qalasına baş çəkməyi özümüzə borc bildik. On yeddinci əsrin bu möhtəşəm tarixi abidəsi önündə ruhumuzu qanadlandıra-qanadlandıra babalarımıza əhsən dedik, minnətdarlıq şükranları ilə xatirələrini yad etdik.
Növbəti gün isə bir xeyirxah iş üçün Zaqatalaya gedəsi olduq. Zaqatalaya getməyimizin ən böyük savabı isə o oldu ki, heç zaman görmədiyimiz Vətən torpağının bir gözəl parçasını da görmüş olduq. Qaxdan Zaqatalaya olan bu otuz kilometrlik məsafədə Qaxın və Zaqatalanın biri- birində necə də gözəl kəndlərini yaşıllıqlarla adalanmış dağətəyi kəndlərinin sehrinə daldıq. Min-min əlvan boyalara boyanmış oldu könlümüz… Qaxa geri dönərkən Qum kəndini də ziyarət edəsi olduq. Könül açan mənzərələri ilə tanışdıq. Nərdərə çayının sularında arınıb darandıq.

Yolumuz Sarıbaşadı

“Şair, indi bəs hara?” – deyə soruşdu Adil qardaşım. Dedim ki, Sarıbaşa… əgər mümkünsə… Gəldik İlisuya. Sarıbaşa enən yolda dayanıb soruşduq ki, Sarıbaşa necə getmək olar. Dedilər ki, qalxın yuxarıya, şəlaləyə gedən yerdən ancaq mümkündür. Gəldik deyilən yerə. Kimə yaxınlaşdıqsa, yeddi kilometrlik yola altmış manat deyib, sonunu əlli manatda dayandı. Mən fikrimi dəyişdim. Çünki bu qiymət mənim aldığım aylıq əmək haqqının beşdən biri idi. Lakin Adil qardaşım bir ixtiyar sürücünün saqqızını necə oğurladısa, onunla necə dil tapdısa, sağ olsun, bizi otuz manata aparmağa razılaşdı. Bu ixtiyar sürücünün “ixtiyar”da “Vilisi”nə – “Qaz 69”- na oturub yola düşdük Sarıbaşa. Çünki iki diferli maşınlar yalnız Sarıbaşa rahatlıqla gedə bilirdi.
Bəs bu Sarıbaşa məndə sevgi haradan yaranmışdı ki, ora belə can atırdım? Əvvala, keçən səfərimizdə Sarıbaş yolunda Rüstəm adlı bir gənc atlı ilə görüşdük. Sarıbaşın dağları, bulaqları, həyat şəraiti haqqında ilk məlumatı ondan almış oldum. Bir şeirimdə də qeyd etdiyim kimi “Sarıbaşı görməsəm də, Kürmük çayının suları ilə üzü yuxarı axdım, ona Rüstəm balamın gözləri ilə baxdım”… İkincisi isə 2019- cu ilin sonlarında rəssam dostum Nazim Şah məni yaxından tanıdığım Nazim Məmmədov və Fərhad Yalquzaq kimi gözəl rəssamlarımızın Mədəniyyət və Turizm nazirliyinin xətti ilə təşkil olunmuş bir sərgisinə dəvət etdi. Mən də tənbəllik etməyib getdim. Sen demə, bu rəssam qardaşlarımız uzun müddət Sarıbaşda olmuş, Sarıbaşdan əllidən artıq əsər çəkmişdilər. Hamısı da biri- birindən bənzərsiz. Bu gün məni Sarıbaşa çəkən də daha çox o duyğular idi.
Bu qocaman ustanın “qocaman” sarı kəhəri ilə yol aldıq Sarıbaşa… Bu “qocaman” kəhər çox böyük çətinliklə, daşlı-qayalı yolu eşə- eşə, torpağın bağrını deşə- deşə addım- addım Kürmük çayının məcrası boyu irəliləyirdi üzü yuxarı, düşüncələrimin isə Sarıbaşaydı axarı. Yolu hardasa yarı etmişdik ki, maşınımızın qarşısını iki gənc oğlan kəsdi. Xahiş etdilər ki, bizi də Sarıbaşa götürün. Bunlar sən demə, Qax rayonunun yol idarəsinin sürücüləri Məhərrəm Əkbərov və Əbülfət Rəsulov idilər. Sarıbaşı görməyə gedirdilər. Gəlib çıxdıq çayın içindən keçiləcək yerə, sonsuz zorluqlar görə-görə…Haradan ki, keçəcəkdik bir maşın batıb qalmışdı orda- oturmuşdu çaya. Sürücüyə dedik ki, bəlkə ona yardım edəsən? Dedi sevə-sevə edərdim, çəkməyə kəmər olsaydı. Nə onlarda, nə də bizdə kəmər olmadığı üçün yardım edəmmədik heyf ki… Oradan çayın içi ilə iyirmi-otuz metr yuxarı qalxıb- ikinci və daha zor bir yerdən özümüzü çaya vurduq. Mən düşündüm ki, artıq oturduq. Lakin bu “azman kəhər” – “Qaz-69” sağa- sola ləngər vura- vura bizi o biri sahilə çıxardı. Qarşıda hələ bir çay da varıydı. Kürmük çayına töküldüyü yerdən on-onbeş metr yuxarıdan Dəyirman çayını keçib yuxarıya Sarıbaşa qalxmalı idik. Bu çayı qismən rahatlıqla keçdik. Dəyirman çayını keçərkən biraz yuxarıda bizə əl eyləyən beş-altı nəfər on- on iki yaşlı uşağı çayda çimən gördük, könlü gülşən-çəmən gördük. Könlümüz atlandı… Nəhayət dolanbac yolu qalxaraq yeddi kilometrlik yolu bir saata gəlib çıxdıq

Sarıbaşın mərkəzi sayılan bulağın başına.

Umuda tərk edilmiş Sarıbaş

Sarıbaş kəndinin çox gözəl coğrafi mövqeyi var. Belə ki, bu kəndin solundan Dəyirman çayı, sağından isə Kürmük çayı axır. Bu kənd dəniz səviyyəsindən 1600- 1800 metr yüksəklikdə bu iki çayın qovuşuğunda yerləşir. Sarıbaş kəndi dörd bir tərəfdən Hovur dağı, Alagözü dağı, Kömürbulaq dağı, Çalayer dağı kimi dağlarla adalandığından ətrafı seyr etdikcə heyrətlənməyə bilmirsən. İki göz yaşı kimi qaynar bulağının suyundan içməklə doymaq olmur. Təkcə özün deyil, könlüm də sərinləyir, rahatlıq tapır.
Sovet dövründə üç yüzdən yuxarı ailə yaşayıb Sarıbaşda. Bu kəndin öz məktəbi olub. Üç yüzdən artıq şagird təhsil alıb. 2017- ci ildən məktəbin fəaliyyəti tamamilə dayanıb. İndi o məktəbin bir neçə sinif otağında hidrometrologiya mərkəzi yerləşir. Sovetin zamanında bu kəndə “Ural” tipli avtobuslar işləyib.
Bu gün bu kənddə yaşamağa həyat şəraiti olmadığından kənd sakinlərinin yüzdə doxsanı demək olar ki, kəndi tərk edib. Hazırda yay dövründə bu kənddə iyirmi, qışda isə on iki ailə yaşayır. Əsasən, məşğuliyyətləri qoyunçuluq və maldarlıqdır. Qışda bura çoxlu qar yağdığından o iş də özünəməxsus çətinliklər yaradır. Bu kəndin ən qocaman sakini Zahid baba səksən beş yaşında, Güllü nənə isə yetmiş yeddi yaşındadır.
Bu kənd rəspublikamızın Rusiya Federasiyası ilə sərhəd nöqtəsində olduğundan bu kənddə sərhədçilərimiz yerləşir. O kəndin sakinləri kimi, sərhədçilərimizin də ora gediş-gəlişinin nə qədər zor olduğunun mənzərəsi yəqin ki, hər kəsə aydındır.
Sarıbaşı dolaşdıqca, burdakı evlərə nəzər yetirdikcə illər öncə tərk edilmiş ayrı bir kənd haqqında yazdığım bir şeirdən aşağıdakı misralar yaddaşımdan süzülməyə başladı.

İşə bax , daş evlər daşlaşıb sanki,

İllərdi gələni, gedəni yoxdu.

Yollara dikilib sönük baxışlar,

Həsrəti, qəmi bol, nisgili çoxdu.

 

Nə qədər kimsəsiz,nə qədər yalqız,

Nə qədər tənhadı,nə qədər təkdi.

Toxunsan, elə bil,haray salacaq,

Fəryad qoparacaq, hönkürəcəkdi.

 

…Qoymayın beləcə boşalsın kəndlər,

Qoymayın yurdumuz dağılsın ev-ev.

Ey Vətən övladı,ey Vətən oğlu,

Sev öz torpağını, yaxşı-yaxşı sev.

 

Hər iki səfərimizdə də Qax rayonunda olarkən rayonun ayrı-ayri kəndlərində aparılan yüksək səviyyəli tikinti abadlıq işlərinin canlı şahidi olduq. Lakin bu Sarıbaş kəndini isə sanki rayon rəhbərliyi bu illər boyunca unudub- bir sözlə, taleyin umuduna buraxıb. Görünür o  kəndin ziyalıları, başbilənləri də öz doğma yurdlarına qarşı laqeyiddirlər ki, yuxarı orqanlar qarşısında problemləri zamanında qabartmayıblar.
Respublikamızın maddi – texniki bazasının bu qədər dayanıqlı olduğu bir zamanda Sarıbaşa gedən bu yeddi kilometrlik yolun əsaslı təmiri və körpü salınması məncə o qədər də zor olmamalıdır. Yetər ki, ürək istəsin.
Axı bu kəndi istər yay, istərsə də qış turizm məkanına çevirmək üçün orada olduqca böyük imkanlar- maddi baza vardır. Təəssüf ki, bu günə qədər bu təməldən, özüldən istifadə olunmayıb. İnanıram ki, tezliklə respublikamızın ayrı-ayrı bölgələrindəki olan ucqar kəndlərimiz kimi, Sarıbaşın da üfüqündə günəş doğacaqdır. Bu yurd yerimizin həqiqi sahibləri qızınmaq üçün o günəşin şöləsinə bir daha yığışacaqlar.
Biz o “qocaman kəhər”imizlə Sarıbaşdan ayrılanda qızılı günəş qüruba doğru enməkdəydi. Şair könlümdən isə bu cür şirin duyğular axmaqdaydı: “Ey, taleyin ümidinə edilmiş yurd yerim, hər batan günəş sabah yenidən – mütləq … və mütləq bir də doğacaqdır…”

                                                                                       28-29.08.2021.
                                                                                    Ələsgər Talıboğlu
Şair- publisist, AYB- nin üzvü,                                

                                                                                  Məmməd Araz mükafatı laureatı.