Qatdın aləmi yenə bir-birinə, Nensi “nənə”…

45

“Xanım Pelosi, Ermənistan həmişə Rusiyanın yanında olacaq!”

Gəldi, Ermənistanın tarixən dostluq etdiyi qonşuları ilə münasibətlərini pozacaq açıqlamalar verərək yeni gündəm yaratdı. Bu ölkədə  onsuz da həssas olan siyasi vəziyyəti daha da gərginləşdirərək qarşıdurma həddinə çatdırdı. Qeyri-peşəkar, ikrah doğuran artistliklə qondarma soyqırımı “qurbanları”nın “xatirəsinə” timsah göz yaşları axıtdı… Və getdi. O, getdi, geridə isə bir ciddi müzakirələrə səbəb olan qərəzli, təxribatçı açıqlamaları qaldı, bir də təmsil etdiyi dövlətin Cənubi Qafqazdakı etibarını sarsıdan əməlləri. Hə, bir də Azərbaycan əleyhinə səsləndirdiyi, ölkəmizdə Amerikanın dövlət maraqlarını zədələyən şər və böhtan dolu, saxta, sırf erməni lobbisinin yalanlarını əks etdirən, qəbuledilməz bəyanatları.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda keçirdiyi görüşlərin, verdiyi açıqlamaların heç birində ədalət və tərəfsizlik gözlənilmədi. Əksinə, 82 yaşlı diplomat sanki qəsdən regionda vəziyyəti qarışdırmaq üçün gəlmişdi. Bu qənaəti yalnız onun Azərbaycana qarşı Amerika Ermənilərinin Milli Komitəsinin (DAT) təmsilçisi, nümayəndəsi, yaxud təsir dairəsində olan biri kimi qərəzli, bir az da şovinist erməni kimi qəzəbli çıxışları yaratmır. O, eyni zamanda, Ermənistan-Rusiya, Ermənistan-İran münasibətlərini korlamaq üçün də əlindən gələni əsirgəmədi. Nensi getdi, ekspertlər, analitiklər isə onun “quyuya atdığı daşları” çıxarmaq üçün baş sındırırlar və görünən odur ki, bu, o qədər də asan olmayacaq…

ABŞ-da bu ilin noyabrında keçiriləcək aralıq seçkiləri nəzərə alsaq N.Pelosinin və onu müşayiət edən ermənipərəst konqresmenlər Frenk Pallone, Anna Eşu və Ceki Spierin bu ölkədəki güclü erməni lobbisinin çaldığı havaya niyə oynadıqlarını, Nensi “nənə”nin sırf ermənilərin səsini qazana bilmək üçün ölkəmizin əleyhinə bəyanatlar səsləndirməsini anlamaq çətin deyil. Baxmayaraq ki, Ermənistana səfəri ilə eyni vaxtda okeanın o tayından amerikalı spikerin istefası tələbi də gəldi. Demokrat konqresmen Eliss Slotkin bəyan etdi ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir. Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb: “Bizim (Nümayəndələr Palatası) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim.”

Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir. Slotkin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.

Belə görünür ki, Pelosinin süni də olsa göz yaşı axıtmasının onun gələcək karyerası üçün elə bir təsiri olmayacaq.

Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) üzvləri də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı ölkənin rəsmi orqanlarına müraciət ediblər. Müraciətdə bildirilir ki, AAKŞ-ın ABŞ-ın müxtəlif ştatlarında yaşayan İH üzvləri və Azərbaycan diaspor təşkilatlarının liderləri Azərbaycan Respublikasında yaşayan qohumlarının təhlükəsizliyi üçün çox narahatdır: “Biz demokratik prinsiplərin beşiyi olduğuna inandığımız üçün ailələrimizlə ABŞ-a köçmüşük. Lakin Nensi Pelosi və onu dəstəkləyən konqresmenlər insan hüquqlarını və ədaləti müdafiə edən demokratik prinsiplərə qarşı çıxış edirlər”.

Bu il ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyinin tamam olduğunu xatırladan soydaşlarımız bildiriblər ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın qazının tükənməsi fonunda Azərbaycan həm Ermənistanla ədalətli sülhün və iqtisadi münasibətlərin qurulması, həm də Avropaya qaz tədarükü məsələlərində xoş məramını nümayiş etdirir. N.Pelosi və ona bənzərləri isə Azərbaycanın xoş məramını dəstəkləmək əvəzinə, demokratik prinsiplər üzərindən qərəzli və ermənipərəst siyasətə üstünlük verir, Birləşmiş Ştatlardakı amerikalıların iqtisadi problemlərini çözmək əvəzinə xarici ölkələrdə münaqişələrin gərginləşdirilməsi, daha çox insanın bu münaqişələrdə həlak olması kimi demokratiya ilə bir araya sığmayan addımları dəstəkləyirlər. Təəssüflə qeyd edilib ki, ədalətdən və demokratiyadan danışan N.Pelosi indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı aparığı təcavüzkar siyasətə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına, şəhərlərimizin, kəndlərimizin, məktəblərimizin, xəstəxanaların, məzarlıqların dağıdılmasına, yüzminlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib: “Belə birtərəfli addımlar və əsassız bəyanatlar bölgədə kövrək sülhün möhkəmlənməsinə deyil, gərginliyin artırılmasına xidmət edir”.

AAKŞ İH üzvləri müraciətində ABŞ Konqresini spiker Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında yeni münaqişələrin yaranması istiqamətində nümayiş etdirdiyi davranışla əlaqədar dərhal tədbirlər görməyə çağırıblar.

Faktdır ki, Azərbaycan Ermənistanın hələ də davam edən təxribatlarından əziyyət çəkməkdədir, qarşı tərəfin günahından sülh sazişinin imzalanması gecikir. Yəni, Ermənistan üçün Azərbaycan onsuz da düşməndir. Bu baxımdan amerikalı senatorun sülhə töhfə vermək əvəzinə həmin prosesi pozmaq cəhdi yuxarıda qeyd etdiyimiz səbəblərdən gözlənilən idi. Ancaq Ermənistanı böyük həcmdə asılı olduğu İranla (N.Pelosinin təbirincə, farslarla) və tam şəkildə asılı olduğu Rusiya ilə açıq intriqaya çəkmək daha ciddi mətləblərdən xəbər verir. Erməni xalqının və siyasi analitiklərin proseslərin gedişatına münasibətləri isə birmənalı deyil. Əslində səbəb sadədir. Pelosi “Ermənistanın ərazi təhlükəsizliyi, suverenliyi və demokratiyası Birləşmiş Ştatlar üçün dəyərlərdir” desə də, “KTMT-dən çıxarsa, ABŞ Ermənistanın təhlükəsizliyinə qarantiya verə bilərmi” sualına birmənalı cavab verməkdən yayınıb və ümumi sözlərlə “bugünkü görüşümüzdə iqtisadi və təhlükəsizlik məsələləri, Ermənistanın “Minilliyin çağırışı” proqramlarına qoşulması məsələsi, müdafiə sahəsində əməkdaşlığımız haqqında danışdıq. Gözləntilərin və istəklərin nə olduğunu dinləmək və anlamaq üçün buradayıq”, – deyə cavab verib. Ermənipərəst konqresmen Frank Pallonenin də həmin suala cavabı fərqli olmayıb: “Biz başa düşürük ki, Ermənistan Rusiya ilə birlikdə bu təhlükəsizlik təşkilatının bir hissəsidir. Bu barədə heç nə demirik. Biz deyirik ki, ABŞ Ermənistanın təhlükəsizliyindən çox narahatdır. Biz Ermənistanı təhlükəsizlik baxımından mümkün qədər dəstəkləmək istəyirik.”

Yəqin ona görədir ki, amerikalı senatorun Ermənistana səfəri zamanı həm onun gəlişi münasibətilə ABŞ bayraqlarına sarılmış ermənilərin qarşılama mitinqi, həm ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması tələbi və Rusiya əleyhinə şüarların səsləndirildiyi etiraz mitinqi, həm də ABŞ-ın bu ölkədəki səfirliyi qarşısında “Birgə” hərəkatının əllərində üç dildə “Xanım Pelosi, Ermənistan həmişə Rusiya ilə birlikdə olacaq” yazılı plakatlar tutmuş fəallarının Rusiyaya həmrəylik aksiyası keçirilirdi.

Erməni hüquq müdafiəçisi Ruben Melikyan “Facebook” səhifəsində yazıb ki, İran Ermənistandan çox xoşagəlməz mesaj aldı: “N.Pelosi Kafescian muzeyində nümayiş etdirilən böyük “Vardanants” tablosunun qarşısında “Xristian Ermənistan”ın farslara qarşı müharibəsini xatırladıb.

Zəhmət olmasa, ona deyin ki, bu, sadəcə olaraq, kiçik sərhəd təxribatı idi və tərəflər bu məsələdə bir-birini çoxdan başa düşürlər. Deyin ki, niyə köhnə mövzuları gündəmə gətirirsən, əziz xanım, indi bizim tərəfdəsən?”

Siyasi ekspert Karen Köçəryan isə N.Pelosinin səfərinin iki əsas məqsədi – seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyi olduğunu bildirib. O, yerli mətbuata açıqlamasında qeyd edib ki, bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər keçiriləcək. Pelosi özü İrəvanda bildirib ki, Kaliforniya əhalisinin 40%-i ermənilərdir və nümayəndə heyətinə ermənilərin yaşadığı ştatların konqresmenləri də daxildir.

Politoloqun sözlərinə görə, Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst kimi qiymətləndirib, lakin indi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür, təbii ki, ABŞ bundan istifadə edib təşəbbüsü öz əlinə almağa qərar verib.

Politoloq Yevgeni Mixaylovun fikrincə, Rusiyadakı erməni lobbisi Rusiya və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətindən razı deyil. Ermənistanın hazırkı rəhbərliyi isə Rusiyaya xəyanət siyasəti yürüdür.

Paşinyanın ətrafındakıların amerikameyilli olduğunu vurğulayan ekspertin müşahidələrinə görə, hazırda Rusiyanın iri mətbuat orqanları “Ermənistan Rusiyadan üz çevirir” sualı üzərində baş sındırır.

Və daha bir erməni ekspert, politoloq Argişti Kiviryan öz “Facebook” səhifəsində Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədinin İranı tam blokadaya salmaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etmək olduğunu yazıb: “Nensi Pelosi “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə getdi, Avarayr döyüşünü (451-ci ildə Sasani imperiyası ilə ermənilər arasında baş verdiyi iddia edilən döyüş) əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. O zaman beyinsizlərdən soruşmaq lazımdır ki, Pelosi əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: Hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır.”

Argişti Kiviryan daha sonra yazır ki, Qərb heç vaxt Azərbaycana qarşı ciddi addımlar atmayacaq: “İndi, Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər?”

Deyəsən, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin ən böyük zərbəsi elə Ermənistanın özünə dəyəcək. Bu gedişat düşmən ölkənin dövlət kimi mövcud olması və inkişaf edə bilməsi üçün son şanslarını da sual işarəsi altında qoyur. Bəlkə elə belə yaxşıdır və Ermənistan adlı dövlət heç kimə lazım deyil? iKI SAHIL