Qatar tərpənən an özümü qatardan yerə atdım…

545

Müxtəlif mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq, bəşər sivilizasiyasının inkişafı müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi bu baxımdan nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dinlərin dinc, yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla deyə bilərik. İslamın bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar dünyaya tolerantlıq nümunəsi göstərirlər. Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. İkinci dünya müharibəsi başa çatdıqdan sonra Almaniyadan evinə – Azərbaycanın Yevlax rayonuna dönən sovet əsgəri – gənc İmamqulu Abbasov müharibə illərində tanış olduğu, alman əsilli Yelena xanımı özü ilə Azərbaycana gətirir. Əslində bu böyük bir sevginin, inamın, qarşılıqlı hörmətin əlaməti idi. İmamqulu Abbasov heç alman dilini də bilmirdi. Səssiz, sakit baxışlar bir sevginin, bir ailənin təməli oldu. Bu sevgi daha sonra uzun illər Azərbaycanda İmamqulu Abbasovun evində davam etdi. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Həmsöhbətimiz, 125 yaşlı alman əsilli Yelena nənənin ölkəmizdə gördükləri, yaşadıqları da buna bir nümunədir. Onun sözlərinə görə, bir əsrə yaxın Azərbaycanda yaşadığı müddətdə soydaşlarımız onun sevincinə seviniblər, kədərinə kədərləniblər: “Mən Aərbaycana gənc yaşlarımdan sevdiyim oğlanla bərabər gəlmişəm. Hətta bir ildən sonra mənim qardaşlarım arxamca məni öz vətənimizə aparmağa gəlmişdilər. Məni Almaniyaya aparmaq üçün qatara da mindirdilər. Lakin mən öz sevgimi üstün tutaraq qatar tərpənən an özümü qatardan yerə atdım. Beləliklə, uzun bir ömür yaşadım Azərbaycanda. Mənim atam rus olub, anam isə alman qadını idi. Valideynlərim arasında qarşılıqlı sevgi görmədim. Atam rus əsilli olduğuna görə spirtli içki düşgünü idi. Anam isə sərbəstliyi sevən qadın olub. Amma mən sizə deyim ki, Azərbaycana gəldikdən sonra burada gördüklərim məni heyrətə salmışdı. Ailə nə olduğunu mən burada gördüm, qarşılıqlı sevgini də. Həyat yoldaşım sağlığında mənə çox gözəl münasibət göstərib. Hazırda mənim 125 yaşım var. 3 övladım olub. 1950-ci ildə yoldaşım dünyasını dəyişdi. Çətin günlərimdə elə bundan sonra başladı. Çətinlik çəksəmdə bu insanları, bu ölkəni tərk etmədim. Övladlarımı böyütmək üçün pambıq sahəsində çalışmağa başladım. Onu da deyim ki, bir az Azərbaycan dilində, bir az rus dilində, bir az da alman dilində danışa-danışa hamının sevimlisinə çevrilmişdim. Bu millətin sevimlisinə çevrilməkdə İslam dininə olan hörmətimin müəyyən mənada rolu olub. Elə bu yaşda gümrah qalmağımın da bir səbəbi insanlara olan sevgim və inamım, güvəncimdir. Pis, çətin günləri arxada qoydum. İndi nəvələrimlə, nəticələrimlə xöşbəxt yaşayıram. Bu günə qədər azərbaycanlılar mənə başqa ölkədən gəldiyimi, başqa millətin nümayəndəsi olduğumu pis mənada heç vaxt xatırlatmayıblar. Əksinə, həmişə hörmət, sevgi, diqqət, xoş rəftar görmüşəm. Azərbaycanlıların bu istiqanlılığının bəlkə də dünyada əvəzi yoxdur”.

Yelena nənə mədəniyyətimizi, adət-ənənələrimizi yaxş mənimsəyib. Başı yaylıqlı, uzun tumanlı nurani bir anadır. İndi böyük bir ailə sülaləsinin başçısı olan Yelena nənə kötücəsini Azərbaycanın əzəli və əbədi xalq mahnıları “Sarı gəlin”, “Qaragilə”, “Küçələrə su səpmişəm”, “Vağzalı” ilə zümzümə edərək oynatmağı çox sevdiyini deyir: “Mənim o qədər də savadım yoxdur, amma burada gördüm ki, Azərbaycan xalqı öz təbii dini tolerantlığı ilə seçilən bir xalqdır. Bu xalqda Allaha, dinə, müqəddəs yerlərə, ibadətə, insanlığa, insanlara xüsusi sevgi gördüm. Bu diyarda özümü qərib hiss etmədim, əksinə qaynadım-qarışdım mən də bu millətin bir üzvü oldum”.

Bəli bir çox qara qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Amma onlar unudurlar ki, Azərbaycan iqrçiliyə, ksenofobiyaya qarşı olub. Azərbaycanda Yelena nənə kimi insanlar azdırmı? Onlar ölkəmizə gələnədək, xalqımızı tanıyanadək bəlkə də başqa düşüncədə olublar, buraya gəlməyə tərəddüd ediblər. Amma buradakı mühiti, sadə insanlarımızın düşüncə tərzini görəndən sonra bu düşüncə tamamişə dəyişib.

“Bu dünyada hər bir xalq, millət

üçün yer var”

Həqiqətən, irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub. Azərbaycan torpaqlarının erməni işğalçılarının təcavüzünə məruz qalmasına, Xocalı faciəsinin törədilməsinə baxmayaraq dinlərarası dialoq, tolerantlıq ermənilərin mənsub olduğu dinin davamçılarına qarşı heç bir zəiflik göstərmədən davam etdi. Bu ənənənin dinlərin qarşıdurması kimi təqdim olunmasına Azərbaycan xalqı və dövləti imkan vermədi. Bundan istifadə etməyə çalışanlar unudurdular ki, Azərbaycanda tolerantlıq milli sərvət olaraq qəbul edilir və bunun formalaşmış və yerləşmiş ənənəsi mövcüddur. Hər bir kəsə yaxşı məlumdur ki, Azərbaycan əsrlər boyu burada yaşamış müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub. Qeyri azərbaycanlılar da uzun əsrlər boyu Azərbaycanda yaşayıb, özlərinə yurd, yuva qurub ev-eşik sahibi olublar. Azərbaycanın əsrlər boyu tolerantlıq nümunəsi olduğunu ulu atalarımız, babalarımız da deyirdi. Bu gün yaşadığımız müstəqillik dövründə də bu meyillərin qorunub saxlandığının şahidiyik. Xalqlararası, millətlərarası dialoq bu meyilləri gücləndirir. Bu dünyada hər bir xalq, millət üçün yer var. Təki sülh olsun, əminamanlıq olsun, əməkdaşlıq olsun. Azərbaycan müsəlman aləminin bir parçasıdır. Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Yeri gəlmişkən, ölkəmizdə keçirilən İlk Avropa Oyunları da buna bir daha bir sübutdur. Ölkəmizə gələn Avropalılardan aldığımız məlumatlardan aydın oldu ki, onlar bu ölkədə sabitlik, dostluq, mehribançılıq görüblər. Onların hər biri deyirdi ki, istər idmançı olsun, istərsə də turistlər – bizə azərbaycanlılar haqqında həmişə yalnış məlumat veriblər. Amma, biz Azərbaycanda olarkən öz gözümüzün şahidi olduq ki, bu millət necə istiqanlı, qonaqpərvər və dözümlü bir xalqdır. Bizim əzəli və əbədi düşmənimiz olan ermənilər isə əsrlər boyu azərbaycanlıların torpaqlarına, musiqilərinə, mətbəxinə göz dikiblər. İnsanlarımızı yurdsuz-yuvasız qoyublar. Malımızı-mülkümüzü talan ediblər. Sonda yenə də uduzan onlar oldular. Artıq bütün Avropa Azərbaycan haqqında canlı məlumata sahib ola biliblər. Haqq-ədalət öz yerini tapıb. Kimin pis-kimin yaxşı olduğu zamanla üzə çıxır. Azərbaycana gələnlər, burada yaşayanlar bilirlər ki, budur tolerantlıq, budur Azərbaycançılıq. Bəli, tolerantlığın bir Azərbaycan modeli var deyənlər yanılmayıblar. Bütün bu sadalananlar onu da sübut edir ki, Azərbaycan dövləti qədər nə MBD məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq ola biləcək ölkə yoxdur. Çox böyük fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədilər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır. Onu da deməyə dəyər ki, Azərbaycanın tolerantlıq modeli sərt sınaqlardan uğurla çıxmışdır.

Esmira Hidayətova