“Qarşıda planlarımız çoxdur”

849

Gənclik sabaha gedən yoldur desək, yanılmarıq. Bu yolun yolçuları olan gənclərin çiyinlərində məsuliyyət adlı bir yük var. Təbii ki, xalqın gələcəyi, dövlətin qüdrəti bu məsuliyyət yükünün necə dərk olunmasından asılıdır. Hər bir gənc öz dövlətinin ideologiyasına bələd olmalı, onu tam mahiyyətlə dərk etməlidir. Bunun üçün də gənclər ideoloji cəhətdən maariflənməlidirlər. Bu isə əlbəttə, ilk növbədən ailədən başlayıb, təhsil müəssisələrində və digər sahələrdə davam etdirilməlidir. Mingəçevir şəhərində də belə müəssisələrdən biri də Gənclər Evidir.
Bu günlərdə Mingəçevirdəki Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin koordinatoru Tural Kərimovla görüşüb şəhərimizdəki gənclərin bugünkü durumu, onların fəaliyyəti ilə maraqlandıq. O bildirdi ki, 2010-cu ildən Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir filialını təşkil etdik: “Qısa zaman kəsiyində şəhərin ən aktiv gəncləri bizə qoşuldu”. Onun sözlərinə görə, Mingəçevir Gənclər Evinin rəsmi açılışı 2013-cü il aprel ayının 16-da cənab Prezidentin Mingəçevirə səfəri zamanı keçirilib. Daha sonra o dedi: “Bu məkan əsasən gənclərin tələbatını ödəmək üçün yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcuddur”.
O həmçinin qeyd etdi ki, Gənclər Evi istifadəyə veriləndən sonra bir qrup mingəçevirli gənci tərəfindən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi təsis olundu ki, şəhər gənclərinin həyatında bir yenilik idi: “Bu gənclər ilk dəfə müstəqil yerli gənclər təşkilatının əsasını qoydular və qurumlarını Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdilər. Mən deyərdim ki, məhz bundan sonra gənclərimiz həyatında yeni bir mərhələ başladı. Belə ki, məhz bundan sonra gənclər öz layihələrini sərbəst şəkildə müxtəlif qurumlara təqdim etdilər. Onu da deyim ki, bu layihələrin həyata keçirilməsi gənclərin təcrübə qazanmalarına, iş və fəaliyyət qabiliyyətlərinin önə çıxmasına şərait yaradır”.
“Ümumiyyətlə, Gənclər Evinin istifadəyə verilməsi region gənclərinin aktivliyinin artmasına səbəb olub”, – sözləri ilə söhbətini davam etdirən Tural Kərimovun dediyinə görə, 5 mindən çox tələbə, o cümlədən region gəncləri burada yaradılan imkanlardan istifadə edir. Onu da vurğulayım ki, əsas məqsədlərimizdən biri də gənclər təşkilatlarının beynəlxalq əlaqələrini daha da genişləndirməkdir. Bununla gənclərimiz xarici təcrübələrdən yararlanmaqla yanaşı, öz təcrübələrini də onlara aşılayırlar. Belə gənclərimiz çoxdur. Onlardan biri Mingəçevir Dövlət Universitetinin Bakalavr məzunu Kamal Əhmədovdur.
Yeri gəlmişkən, qeyd edək ki, Kamal universitetdə oxuyarkən Gənclər Evində və “İşıqlı gələcək” İctimai Birliyində Tural müəllimlə birgə çalışıb. İndi də o, bu sahədə fəaliyyətini davam etdirir. Kamal 2014-2016-cı illərdə Çexiyanın Ostrova Texniki Universitetində biznesin marketinqi üzrə magistr təhsili alıb və bugün qazandığı xarici təcrübəni region gəncləri ilə bölüməklə yanaşı fəaliyyətlərində də tətbiq edirlər.
Tural müəllim söhbətini bu sözlərlə yekunlaşdırdı: “Azərbaycan gəncliyi qarşısında duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və qayğısı ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Qarşıda planlarımız çoxdur. Məsələn, tezliklə məktəblilərə yardım məqsədi ilə hazırlıq kursları da təşkil edəcəyik, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün əlimizdən gələn köməyi göstərəcəyik. Eyni zaman da gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün maraq klublarının sayı və fəaliyyət dairəsi daha da genişləndiriləcək”.
Esmira Hidayətova.