Qarşıda bir gecə var…

548

Ramazanın son ongünlüyünə daxil oluruq.
Bu günlər ilin ən bərəkətli, ən xeyirli günləridir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) Qədir gecəsinin məhz bu zaman dilimində, Ramazanın son on günündə olduğunu müjdələyib. Qədir gecəsi haqqında Qurani-Kərimdə xüsusi surə var və həmin surədə bildirilir ki, o gecə min aydan daha xeyirlidir. Min ayı ilə çevirəndə təxminən 83 ildən bir qədər artıq edir, yəni uzun bir insan ömrü. Ramazan – Quran ayı, Qədir gecəsi Quran gecəsidir. Bu gecə ilk dəfə Quran nazil olunmağa başlayıb, yəni Həzrəti Cəbrayıl (ə.s.) bu gecə ilk dəfə bəzi ayətləri Sevimli Peyğəmbərimizə (s.ə.s.) verib və bu hadisə də bəşər tarixində ən xeyirli bir mərhələnin başlanğıcı olub. Qədir gecəsi həm də Həzrəti Məhəmmədə (s.ə.s.) peyğəmbərlik vəzifəsinin verildiyi gecədir. Qədir gecəsi dünyanın yenidən doğuluşu, yeni mahiyyət kəsb etməsi kimidir. Sevimli Peyğəmbərimiz müjdələmişdir ki, o gecə Allah-Təala (c.c.) dünya səmasına təcəlla edər və bəndələrinin dualarını istəyər ki, onları bağışlasın, sağlıq, bərəkət, ruzi versin. Bu gecənin bərəkəti, faydası haqqında danışmaqla qurtarmaz, çünki nə qədər danışsaq, yenə əskik qalacaq, həqiqəti Allah bilir. Biz isə, sadəcə, səmimi bir qəlblə, nəmli gözlərlə Ona yönələk, bizi o gecənin xeyir-bərəkətinə qovuşdurmasını diləyək.

Qədir gecəsinin hansı gecə olması çoxlarını maraqlandırır və hər kəs də istəyir ki, o gecəni oyaq qalsın, dua ilə namazla keçirsin. Doğrudur, səvimli Peyğəmbərimiz (s.ə.ə.) o gecəni ramazanın son on günü içərisində axtarmağı məsləhət görüb, amma hənsi gecəni nəzərdə tutduğu barədə əldə əsaslı məlumat yoxdur. Bəzi alimlərsə ramazanın hansı günlə başlayacağını əsas götürərək müəyyən cədvəl düzəldiblər ki, cümə ilə başlayanda filan gecəyə düşür, çərşənbə ilə başlayanda filan gecəyə… Bu mövzuda sizə deyiləcək elə bir sözümüz yoxdur, amma kiçik bir sözü xatırlatmaq istəyirik:

Hər gələni Xızır bil, Hər gecəni Qədir bil.

Bu sözü ilk dəfə kim deyibsə, Allah ondan razı olsun! Həqiqətən də əgər sən Qədir gecəsini əhya etmək, yəni diri tutmaq, tam yaşamaq istəyirsənsə, işini daha etibarlı tut, bu gecələrin hər birini Qədir gecəsi düşüncəsi ilə yaşa! Əgər Allah qismət etməyibsə, lap o gecənin hansı gecə olduğundan əmin olsan belə, ya başına bir işə gələr, ya da yatıb eləcə boş keçirərsən. Əgər niyyətin Allah rizasını qazanmaqdırsa, cəfa çəkməyə hazır olmalısan. Allah qulunun zəhmət çəkməsini, bir şeyi haqq etdikdən sonra qazanmasını istəyər. Hər şeyi asan yoldan əldə etmək xoş bir şey deyil. İnsanın qazancı onun alın təri ilə suvarılanda daha gözəl, daha bərəkətli olur. Doğrudur, kərəminə qurban olduğum istədiyinə istədiyi qədər lütf-mərhəmət edər, bu Onun haqqıdır, kimsə bir söz söyləyə bilməz, amma sən bərəkətli, xeyirli, qurtuluşuna səbəb olacaq bir gecə yaşamaq istəyirsənsə, onu hər tərəfindən zəhmətlə əhatəyə al, hər gecəni o duyğuyla yaşa, o eşqi, o təşnəni köksündən əskik eləmə!

Son illərdə yanlış olaraq əhya gecələrini Qədir gecəsi ilə qarışdırırlar. Əhya birbaşa Həzrət Əlinin (ə.s.) həyatı ilə bağlıdır və 3 gecədir, üstəlik də, Quranda adıçəkilən Qədir gecəsi ilə heç bir əlaqəsi yoxdur. Elə buna görə də bəziləri əhya gecələrini Qədir gecəsi hesab edərək, “Qədir gecələri” ifadəsini işlədirlər. Halbuki Qədir gecəsi bircə gecədir və hansı gecə olduğu da müəyyən qədər sirdir.

İlin hər günündə, xüsusilə də bu günlərdə bizim ibadətə, duaya o qədər ehtiyacımız var ki, sözlə ifadə etmək mümkün deyil. Amma bir həqiqəti də unutmayaq ki, duanın iki növü var: sözlü dua, əməli dua. Sözlü dua bəndənin Allaha yönəlib bütün dərdlərini söyləməsi və çarə diləməsidir, əməli dua isə istədiyin şeyin başa gəlməsi üçün lazım olan şərtləri yetinə yetirməkdir. Bu günlər dua zamanıdır, günahlardan təmizlənmə imkanıdır. Buyurulur ki, ramazanın əvvəli Allahın mərhəmətidir, ortası bağışlamasıdır, sonu ilə bəndəsini cəhənnəm əzabından qurtarmasıdır. İstər ölmüşlərimiz, istərsə də həyatdakılarımız üçün bu həqiqəti tətbiq etmək mümkündür.

Bu fürsəti qaçırmayaq, ölmüşlərimiz için dua edək, Həzrəti İbrahim kimi zürriyyətimizin saleh bəndələr olmasını diləyək, məmləkətimizin, dünyanın hər yerində inim-inim inləyən müsəlman qardaş-bacılarımız üçün dua edək, Qarabağımıza yenidən qovuşa bilməyimiz üçün Rəbbimizə yalvaraq… O qədər ehtiyacımız var, o qədər ehtiyacımız var ki, saymaqla bitməz. Amma nə qədər ehtiyacımız olsa da, Allahımız var və bu həqiqət ruhumuzun ən böyük qazancı, ən böyük təsəllisidir.

Dualarınızı əskik etməyin, yönünüzü Allahdan çevirməyin, Qədirin nə olduğunu bilin ki, qədriniz bilinsin.

Əli Məcidov