“Qarabağ”la milli komandanı müqayisə etmək istəmirəm”

391

Avroliqadakı təmsilçimiz “Qarabağ” sabah doğma meydançada vacib oyununa çıxacaq. Bu qarşılaşma ərəfəsində komandanın təcrübəli futbolçusu Namiq Yusifov həm çempionat, həm Avroliqa, həm də milli komandamız haqda suallarımızı cavablandırdı.

— “Qarabağ”ın uğurunun və sevilməsinin səbəbləri nədir?

-Yəqin ki, “Qarabağ” öz oyunu, dəsti-xətti və tərbiyəsinə görə sevilir. Bu komanda da baş qaldırmaq yoxdur, qələbə qazandı və ya məğlub oldu həmişə eyni olur. Bu amillər birlikdə olanda həmin klub uğur qazanır və azarkeşlər tərəfindən sevilir. Bunda ilk növbədə baş məşqçimiz Qurban Qurbanovun əməyi böyükdür. Nizam-intizam var və hər kəs buna əməl edir, sonda bunun nəticəsini görürük.

— “Araz Naxçıvan”la matçda, demək olar ki, ikinci heyətlə oynayıb asan qələbə qazandınız. Sanki bu tip komandalarla oyunlar “Qarabağ” üçün məşq xarakteri daşıyır. Razısan bu fikirlə? Və ümumiyyətlə, matçla bağlı fikirlərin…

— Bu fikirlə razı deyiləm. Sadəcə olaraq bizdə 1-ci və 2-ci heyət yoxdur. Bizim üçün hər bir oyun vacibdir. Fikir verirsinizsə, oyunlara qarışıq heyətlə çıxırıq. Buna baxmayaraq, komanda öz oyun stilini qoruyub saxlayır. Heç bir rəqibə fərq qoymuruq. Fərqi yoxdur, “Araz Naxçıvan”, “Neftçi” və ya “Dnepr” olsun, biz meydançaya qələbə üçün çıxırıq. Bu qarşılaşmaya da normal çempionat oyunu kimi ciddi yanaşaraq çıxdıq. Yaxşı oyun oldu, hesab bu matç haqda hər şeyi deyir.

— “Qarabağ”ı noyabrın 6-da ciddi sınaq gözləyir. Yəqin ki, “Dnepr”lə ev oyununa da qələbə üçün çıxacaqsız. Səncə, səfərdə olduğu kimi, evdə də bu komandanı məğlub edə biləcəksinizmi?

-Əvvəlcədən nə isə deməyi doğru saymıram. Biz əlimizdən gələni edəcəyik ki, yenə qalib olaq. Hamıya məlumdur ki, rəqib yaxşı komandadır. Asan oyun olmayacaq, həm də Avroliqada, ümumiyyətlə, oyunlar çətindir. Əslində Azərbaycan çempionatında da asan oyun olmur. Bunu nəzərə alaraq, hər kəs bu matçın önəmini anlayır.

— Ukraynada “Dnepr”ə qarşı əsas heyətdə oynadın. Rəqibin heyətində ən təhlükəli futbolçu kimi hesab edirsən?

— Rəqibin heyətində kifayət qədər təhlükəli futbolçular var, konkret ad demək istəmirəm. Ukraynada da açıqlama verənədə ad bildirmədim. Futbol komanda oyunudur, bir iki nəfərlə həll olunmur. Bütün komanda olaraq onlarda müdafiəçisindən tutmuş hücumçusuna qədər hər bir oyunçu istənilən vaxt təhlükə yarada bilər.

— Avrokubokda nədənsə “Qarabağ” səfər oyunlarını daha yaxşı keçirir. Ev görüşlərində isə komandada həyəcan hiss olunur. Bu nə ilə bağlıdır?

-Mən bu fikirlə razılaşmıram, əksinə, evdə keçirdiyimiz oyunların nəticəsinə baxanda daha yaxşı olduğumuzu göstərir. Məsələn “Zalsburq”u məğlub etmişik, “Sent-Etyenn”lə yaxşı oynamışıq və s. İnşallah, “Dnepr”lə oyunda da ardı gələr. Evdə həyəcan yoxdu, öz azarkeşlərimizin qarşısında və onların dəstəyi ilə daha da yaxşı oynayacağıq.

— Sən bir “Qarabağ”lı futbolçu kimi komandanızın qrupdan çıxacağına inanırsanmı?

— Komandamızın çətin qrupa düşdüyünü əksəriyyət etiraf edir. “Qarabağ” bu qrupdan çıxa bilməsə heç kəs tərəfindən qınaq obyekti olmayacaq. Əgər azda olsa şansımız varsa, bunu dəyərləndirməliyik. Allahın izniylə qismətimizdə nə varsa olacaq. Alınmaması üçün ciddi səbəb yoxdur, yaxşı irəliləyirik.

— “Qarabağ” üçün 2 cəbhədə — yəni həm çempionat, həm də Avrokubokda mübarizə aparmaq çətin deyil ki?

— Əlbəttə, asan deyil, amma yenə də şükürlər olsun ki, heyətimiz bu oyunlara görə yetərlidir. Yəni futbolçular bir-birilərini əvəzləyəndə oyunda dəyişiklik olmur. Yaxşı təcrübəli baş məşqçimiz var, hər bir futbolçudan lazımi şəkildə istifadə edir. Ona görə də ciddi problem yoxdur. Ard-arda 4 oyun keçirdik, təkcə “İnter”lə heç-heçə oynadıq, qalanlarında qalib gəldik.

— Yeni transfer Emeqara haqda hansı fikirdəsən? Avropa Liqasında iştirak etsəydi, komandaya köməyi dəyərdimi?

— “Qarabağ”a gələn hər bir futbolçu komandaya kömək etmək üçün gəlir. Düşünürəm ki, Emeqara bu komandaya gəlibsə, bizim baş məşqçimiz də onu legioner futbolçunu bəyənibsə, transferinə razılıq veribsə, deməli, yaxşı futbolçudur. Ona görə də əlbəttə ki, Avroliqada oynasaydı, köməklik edə bilərdi.

— Foqtsun vaxtında milliyə çağırılmayan futbolçulardan biri də sən oldun. Necə düşünürsən, onun gedişindən sonra milliyə yolun açıla bilərmi?

— Onu Allah bilir. Hələlik müvəqqəti baş məşqçidir, yəqin ki, yeni məşqçi gələndən sonra çempionatı izləycək və lazım bildiyi futbolçuları seçəcək. Məni həmin siyahıya salarsa, məmnun olaram.

— Söhbət millidən düşmüşkən, yığmaya hansı məşqçinin gəlməsini istəyirsən — yerli, yoxsa əcnəbi?

— Bu, son vaxtlarda gündəmdə olan məsələdir, hamı istəyir ki, yerli məşqçi olsun. Amma AFFA baş məşqçini  xaricdə axtarır. Bizim deməyimizin bir əhəmiyyəti yoxdur. Təbii ki, millidə yerli məşqçi olmalıdır. Azərbaycan futbolu o səviyyədə deyil ki, hansısa xarici baş məşqçi gəlib ona istiqamət versin. Ulduz məşqçi ulduz futbolçuları olan komandaya gəlməlidir. Düşünürəm ki, bizdə yerli məşqçi uğurlu olar.

— Milli komandamız haqdakı fikirlərin də maraqlı olardı…

— Əvvəlcə onu deyim ki, bizdə normal heyəti olan milli komanda hazırlamaq mümkündür. Sadəcə olaraq hansı mövqedə kim oynamalıdır, bunu baş məşqçi etsə yaxşı nəticələr alarıq.

— Əgər “Qarabağ” Avropada uğur əldə edirsə, deməli, milli komanda da eyni uğuru qazana bilər. Razısınız?

— “Qarabağ”la milli komandanı müqayisə etmək istəmirəm. Amma onu bildirmək istəyirəm ki, Berti Foqts sağda oynayanı solda, soldakını sağda oynadırdı, kimi hara gəldi qoyurdu. Belə taktiki gedişlər onu göstərirdi ki, baş məşqçimiz futbolçuları izləmir. Çempionatımızı izləyən, kimdən necə istifadə edəcəyini bilən məşqçi olarsa, uğur qazana bilərik. Bizə futbolu və bizim çempionatı bilən məşqçi lazımdır. Bundan əlavə, kim bu məsələ ilə bağlı neqativ hal görürsə, bunu vaxtında deməlidir. Foqts gedəndən sonra vaxtilə onu tərifləyənlərin danışması artıq yersizdir.

Rasim Məmmədli