“Qarabağ”ın uğursuz transferləri…

0
511

“Qarabağ” son vaxtlar Azərbaycan futbolunun zirvəsində cövlan edən qartaldır. Ağdam klubu həqiqətən də baxımlı futbol sərgiləyir və öz oyunu hesabına uğura gedir.

Son vaxtlar çempionluğun bir addımlığında dayanan “Qarabağ” bu il həmin ənənəyə son qoydu və   qızıl medallara sahib çıxdı.

“Qarabağ”, azarkeşi, rəhbərliyi, futbolçuları, məşqçilər korpusu ilə bu uğura nail oldu. Sözsüz, aparılan seleksiya və transfer işləri “Qarabağ”a çox kömək etdi.

Sözsüz, qaliblər mühakimə olunmur. Mən də onları mühakimə edib, oyunlarında çp tapmaq niyyətində deyiləm.
Sadəcə, bəzi məqamlar var ki, heç çempionluq da bu məqamları ört-basdır edə bilməz. Bu yazıda məhz həmin məqqamlardan bəhs edəcəyik. “Qarabağ”ın uğursuz transferlərindən…

 

Cənubi amerikalılar…

Bəli, fakt odur ki, son 5 ildə Azərbaycana gələn cənubi amerikalılar çox faydalıdırlar. Vaxtilə “Masallı”, “Standard” kimi klublara gətirilmiş bazar alverçilərindən fərqli olaraq, son dönəmlərdə komandamıza cəlb olunan yeni qitənin insanları adlarından söz etdirə bildilər. Flavinyo, Rodriqinyo, Denis Silva, Juninyo, Mario Souza, Xaviyer Junior, Kanales… Və “Qarabağ”ın braziliyalılarını xüsusi qeyd etməliyik. Reynaldo, Çumbinyo və Almeyda Azərbaycan çempionatları tarixinin ən güclü tiriosu hesab oluna bilər. “Qarabağ”ın yen braziliyalıları çox faydalı çıxdıqları üçün Ağdam təmsilçisinin uğursuz transferləri belə deyək ikinci planda qaldı, çox tənqid olunmadılar. Bəs onlar kimlərdir?

Bunlardan yazacağıq…

Mustafa Səlim Afrota

 

Ona Azərbaycanda yaşamaq çox çətin idi. Misir milli komandasının sabiq üzvü, vaxtilə İngiltərə nəhənglərinin diqqət mərkəzində olmuş yarımmüdafiəçi ingilis və rus dillərini bilmədiyi üçün Azərbaycanda yaşamaq onun üçün çox çətin idi. Bundan əlavə, Mustafa Səlim “Qarabağ” ruhuna da alışa bilmədi. Ona görə də Qurban Qurbano tərəfindən əvvəlcə əvəzedici heyətə göndərilən Mustafa daha sonra Azərbaycandan getdi.

Uğursuzluğun səbəblərində asılı olmayaraq, Mustafa Səlim ağdam klubunun tarixinə yaxşı transfer kimi düşmədi.

 

Nikolaz Gelaşvili

 

Futbolçunun karyerasına söz ola bilməz. “Zestafoni”də çox uğurlu oyunlar keçirdikdən sonra Almaniyaya üz tutan Niko milli komandasına da dəvət alırdı. Yəqin ki, Bundesliqa təcrübəsi olan və milli komandad çıxış edən oyunçudan heç bir Azərbaycan klubu imtina etməz. Qurban Qurbanov da belə etdi, gətirdi, şans verdi, amma xeyrini görmədi. Əslində, Gelaşvili Qurban Qurbanova çox böyük təşəkkür etməlidir. Bu oyunda çox sayda şansı boşa verən oyunçunun növbəti qarşılaşmada start heyətində meydançaya çıxması baş məşqçinin güvəni idi. Hər bir açıqlamasında buruqsaçı müdafiə edən və onun fayda verəcəyinə inandığını düşünən Qurban Qurbanov sonda özü də bezdi və onunla müqavilənin ləğv edilməsinə qərar verdi. Gelaşvili “Qarabağ”da oynadığı müddətdə 5 qol vurub, 4 qol ötürməsi etsə də, uğursuz oyunçu kimi daha çox xatırlanacaq.

 

Jaba Dvali

 

Və yəqin ki, “Qarabağ” bundan sonra gürcüstanlı oyunçu almayacaq. Çünki Georgi Adamiyanın Azərbaycanda qoyduğu izi Dvali və Gelaşvili necə lazımdırsa, sildilər. Dvali ümumiyyətlə heç nə ilə yadda qalmadı. 6 aylıq icarəyə götürülən oyunçu ümumiyyətlə   oynamadı. Qurban Qurbanov ona şans vermədi. Amma unutmayaq ki, baş məşqçinin futbolçuya şans verməsi üçün oyunçunun məşq zamanı özünü yaxşı tərəfdən göstərməsi lazımdır.

 

Ulrix Kapolonqo

 

Kapolonqo dilsiz-ağızsız adam təsirini bağışlayırdı. Kapo bəzi oyunlarda meydançaya çıxıb, sözünü həqiqi mənada dedi. Amma Qurban Qurbanov Nikolas Gelaşviliyə şans verməklə və bu məsələdə çox israrlı olmaqla Kaponu siyahıdan sildi. Mənə elə gəlir ki, Qurban Qurbanov Kapolonqoya Gelaşvili qədər şans versəydi, əminəm ki, kluba daha çox xeyir verərdi. Amma   Qurban Qurbanov Kaponu əvəzedici heyətə göndərməklə onun futbol eşqini öldürdü. Oyunçunun artıq hər şeyin həll olunmasından sonra “Qarabağ” – “Xəzər Lənkəran” matçında meydançaya çıxması sadəcə futbolun ənənəvi ədaləti idi…

 

 

 

İndikilər…

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” indiyə kimi 3 futbolçunun keçidini həll edib. Bunlar Tərlan Quliyev, Danilo Dias və Cavid Tağıyevdir.

Dias məsələsində hər şey aydındır. Ağdam klubu bu futbolçunu uzun müddətdir ki, gətirmək barədə düşünürdü. Lakin “Maritimo”nun prezidentinin keçid qarşılığında yüksək məbləğ istəməsi məsələni yubadırdı. Nəhayət ki, Qurban Qurbanov yay transfer dönəmində onu sərəncamına qata bildi. Tərlan Quliyev üçün “Neftçi”yə heç də az olmayan məbləğ ödəyən “Qarabağ” AZAL ilə müqaviləsi başa çatan Cavid Tağıyevə pulsuz sahib çıxdı. Sözsüz, hər kəs Diasın gətirilməsini alqışlayır. Çünki müxtəlif mövqelərdə oynamağı bacaran Diasın böyük təcrübəsi var. Amma Tərlan Quliyev və Cavid Tağıyev məsələsində ağız büzənlər var. Lakin “Qarabağ” vaxtilə də belə addımlar atıb. Bədavi Hüseynov, Hacı Əhmədov kimi oyunçuları gətirməklə müəyyən mənada tənqid olunan klubu indi hamı alqışlayır.

Hər halda, bütün bunlar müzakirələrdir. Zaman göstərəcək ki, kim kimdir?

Elgiz Abbasov

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here