Qarabağı cənnətə döndərmək üçün bütün qüvvələr səfərbərdir

0
44

Xəbər verildiyi  kimi, Prezident İlham Əliyev yanvarın 19-da “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərman imzalayıb. Bəs bu, hansı zərurətdən irəli gəlib?

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə  yollar çəkilir, beynəlxalq hava limanı inşa olunur, erməni vəhşiləri tərəfindən dağıdılmış dini-tarixi-mədəni abidələrimiz bərpa edilir, yeni su, qaz xətləri çəkilir, enerji təchizatı istiqamətində işlər aparılır, digər kommunal infrastrukturların bərpası həyata keçirilir.  Tikinti-bərpa, abadlıq-quruculuq işlərinə xarici şirkətlər də cəlb edilib. Eyni zamanda Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Bir sıra dövlət orqanlarının da işğal olunmuş ərazilərdə yerli strukturlarının formalaşdırılmasına başlanılıb. Bunlara misal kimi Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yerli orqanlarının fəaliyyətə başlamasını göstərmək olar. Yəni, dövlətimizin başçısının tapşırığı ilə bütün qurumlar dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi məqsədi ilə düşmən caynağından qurtulmuş Qarabağa cəlb olunublar. Qarabağı yenidən qurmaq, sözün həqiqi mənasında cənnətə döndərmək üçün ölkəmizdə bütün qüvvələr səfərbərdir.”

Azər Badamovun fikrincə, bunu idarəetmənin yeni modeli kimi dəyərləndirmək daha doğru olar: “Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyev yanvarın 18-də Azərbaycan Televiziyasına müsahibəsində bunun anonsunu da vermişdi. Bildirmişdi ki, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır: “Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları.” Bu məqamda bir məsələyə də diqqət yönəltmək istərdim. Ümumiyyətlə, indiyədək Prezident İlham Əliyev fundamental islahatlar aparmaq istiqamətində mühüm addımlar atıb və yüksək nəticələrə  nail olub. Hətta mən deyərdim ki, yeni iqtisadi şəraitdə ölkə həyatının ən müxtəlif sahələrində sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi Azərbaycanı qarşıya qoyulmuş hədəfə – dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması da ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir. Başqa sözlə desək, cənab Prezident bu Fərmanla özünün fəaliyyətində son dərəcə ölçülü-biçili, sistemli xarakter daşıyan daha bir model ortaya qoyub. Şübhəsiz, həmin  Fərman Qarabağımızın cənnətə çevrilməsi istiqamətində həyata keçirilən bütün işlərə öz töhfəsini verəcək.”

Qvami Məhəbbətoğlu, “İki sahil”