Qarabağda dini abidələrimizin bərpası layihəsinin icrasına başlanıb

0
48

Erməni vandalları 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərimizdəki müqəddəs and yerlərimizin, inanc ünvanlarımızın da başına min bir oyun açıblar,  sözün həqiqi mənasında onlara divan tutublar. Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, 3 məscidə isə ciddi ziyan vurulub. Düşmənin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi, Ağdam Cümə məscidinin yandırılması, qarət edilməsi, digər inanc yerlərimizin murdarlanması dediklərimizin sübutudur. Şübhəsiz, bu vandallıq erməni vəhşilərinin dinimizə, tarixi dəyərlərimizə nifrətindən irəli gəlir.

Yalnız məscidləri məhv etməklə kifayətlənməyən, digər xalqlara və dinlərə qarşı da dözümsüzlüklə səciyyələnən cəmiyyət yaradan işğalçı Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək erməniləşdirib, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Şübhəsiz, bu kimi vandal əməlləri ilə erməni faşistləri minilliklər ərzində yaşadığımız torpaqlardan tarixi keçmişimizi, mənəvi yaddaşımızı silməyə, işğal etdikləri  ərazilərdə də yalnız erməni izi yaratmağa çalışıblar.

Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixən bütün dinlərə, ziyarətgahlara hörmət olub. Bu gün də bu müqəddəs ənənə davam etməkdədir. Elə işğaldan azad olunmuş Ağdam rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam məscidinə getmələri, oraya ayaqyalın daxil olmaları, dövlət başçısının Məkkədən gətirdiyi “Qurani-Kərim”i məscidə bağışlaması müqəddəs məkanlara nə qədər önəm verildiyinin bariz nümunəsidir.

Dövlətimizin başçısı və birinci xanım dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfərləri çərçivəsində   Zəngilanda mənfur düşmən tərəfindən tamamilə dağıdılan məscidə də baş çəkiblər. Dağıdılan məsciddən ürək ağrısı ilə söz açan dövlətimizin başçısı bildirib ki, heç bir beynəlxalq hüquqa məhəl qoymayan düşmən müqəddəs məkanlarımızda da cinayətlər törədib. Azərbaycan bütün bunlarla əlaqədar dəfələrlə bir sıra qurumlara, o cümlədən UNESCO-ya, Avropa Şurasına müraciət etsə də buna heç bir reaksiya verilməyib. Dövlətimizin başçısı qeyd edib ki, erməni vəhşiləri bu barbarlıqları ilə yalnız Azərbaycanı deyil, bütün müsəlmanları təhqir ediblər. Amma bu bir həqiqətdir ki, məscidlərimizdə donuz saxlayan, müqəddəs dini ocaqlarımızı təhqir edən Ermənistanın barbar və vandal əməllərinə baxmayaraq, onunla yaxın münasibətlər qurmaq istəyən müsəlman ölkələri hələ də var. Bu məqama toxunan Prezident İlham Əliyev təəssüflə bildirib: “Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər.” Halbuki  “dost” dedikləri ölkə bu kimi vandallıqlar törətməklə onların dinini təhqir edib.

Dini-mənəvi dəyərlərə daim diqqətlə yanaşan bir Prezidentin rəhbəri olduğu multikultural Azərbaycana təəssüf ki, bu gün bəzi Qərb dövlətlərinin başçıları  guya işğaldan azad olunan ərazilərdəki xristian dininə məxsus abidələrin təhlükə altında olması ilə bağlı iftiralar atmaqdadırlar. Bu iftiraya isə dövlətimizin başçısı belə cavab verib: “Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir”. Bununla da dünyanın hələ də ikili standartlara sadiq olduğunu vurğulayıb. Haqlı olaraq da sual edib: “Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək?” Prezident, həmçinin Zəngilan görüntülərindən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar”ın öz dillərini qarınlarına qoyacaqlarını da əminliklə vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti ilə tanınan Heydər Əliyev Fondu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmiş qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə start verib. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanıb. Belə ki, Avstriyanın «Atelier Erich Pummer GesmbH» şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”