“Qarabağ” yeni stadiondakı ilk oyununu 1 xalla qeyd etdi

524

Bu gün Topaz Premyer Liqasında VI turun daha iki qarşılaşması baş tutub. Qarşılaşmalardan biri Sumqayıtda, digəri isə Bakıda keçirilib.

 

Birinciliyin aşkar autsayderi AZAL “Sumqayıt”ın qonağı olub. Əslində komandaların ikisi də çempionata heç də yaxşı start verməyiblər. Meydan sahibləri keçirdiyi 5 oyunda qələbə üzünə həsrət qalsa da, qazandığı 3 xalı heç-heçələrə borcludu. “Təyyarəçilər” isə qələbə qazanmaq bir yana, bu oyuna qədər nə xal, nə də qol hesabını aça bilməmişdilər. İki komandanın qarşılaşmasında AZAL son dörd oyunda “Sumqayıt”a uduzmayıb. Bu dəfə də ənənə pozulmayıb. “Gənclik şəhəri”nin sakinləri hesabı açan tərəf olsa da, oyuna əlavə olunmuş dəqiqələrdə AZAL hesabı bərabərləşdirərək, həm mövsümdəki ilk qolunu vurdu, həm də ilk xalını qazandı.

 

Günün digər oyunu isə şübhəsiz ki, turun mərkəzi görüşü hesab olunurdu. Ötən mövsümün çempionu “Qarabağ” mövsümə istədiyi kimi başlaya bilməyən “Neftçi” ilə qarşılaşıb. Bu vaxta qədər keçirilmiş bütün çempionatların iştirakçısı olmuş bu iki komandanın dueli “Azərbaycan derbisi” adlandırılır və həmişə maraqlı və gərgin mübarizə ilə yadda qalıb.

 

“Qarabağ” yeni inşa etdiyi stadionda ilk oyununu məhz əzəli rəqibinə qarşı keçirib. Əvvəlki illərdən fərqli Ağdam təmsilçisi bu dəfə görüşün aşkar favoriti idi. Bu mövsüm gənclərə bel bağlayan “Neftçi”nin Avrokubokda da mübarizəni davam etdirən güclü rəqibi önündə necə çıxış edəcəyi maraqla gözlənilirdi. Hər halda, paytaxt təmsilçisi sürpriz edərək 8 oyunluq “Qarabağ” sindromuna və 2 il 4 aylıq qələbə həsrətinə son qoymaq arzusunda idi. “Flaqman” arzusuna qismən nail oldu. Oyunda hesabı açan “ağ-qaralar” yalnız matçın son dəqiqəsində öz qapılarında qol gördülər. “Qarabağ” isə yeni stadiondakı ilk oyununu 1 xalla qeyd etməli oldu.