Qarabağ veteranları sıxıntılarını dilə gətirdilər

438

Bir müddət öncə ölkəmizdə müharibə veteranlarının, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin üzləşdikləri sosial problemlərin həllinə nail olmaq üçün qeyri-hökumət təşkilatlarının üzvləri və rəhbər şəxslərindən ibarət İşçi Qrupu təsis olunub. Dünən İşçi Qrupunun üzvlərinin növbəti toplantısı keçirildi və müharibə veteranları üzləşdikləri, daha doğrusu, onları təngə gətirən problemlər barədə məlumat verdilər, bu barədə ətraflı fikir mübadiləsi aparıldı. Təfərrüatlara keçməmişdən öncə qeyd edək ki, məmur süründürməçiliyi ilə üzləşən, dediklərinə görə, problemlər səbəbindən təngə gətirilən bu insanların çətinliklərinin həllinə nail olmaq üçün təsis olunan İşçi Qrupu ilk dəfə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Koalisiyası, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi tərəfindən yaradılıb. Dünən isə Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu da bu qrupa qoşuldu. Təsisçilərdən biri – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi Koalisiyasının rəhbəri Faiq İsmayılov dedi ki, təxminən 1 ay öncə Bakının Buzovna qəsəbəsi Zuğulba prospekti 60 ünvanında yerləşən evi dağıdılıb. Onun sözlərinə görə, evinə basqın edənlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kəmərlər İdarəsinin mühafizə xidmətinin əməkdaşları olublar.

 Əlimizdə maddi imkanlar yoxdur ki…”

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas açıqlamasında dedi ki, sözügedən təbəqədən olanlara qarşı məmur özbaşınalığı artıq elə bir vəziyyətə gəlib çatıb ki, istər-istəməz ziyalılar, qeyri-hökumət təşkilatları İşçi Qrupu yaradaraq buna müdaxilə etməli olublar. Onun sözlərinə görə, hər gün İşçi Qrupunun ünvanına müxtəlif müraciətlər daxil olur: “Bu müraciətləri müəyyən mənada araşdırmaq, toplamaq üçün imkanlarımız var. Mümkün olduğu qədər onlara köməklik olunmasına çalışacağıq. Yəni söhbət bizim imkanlarımız daxilində olan şəraitdən gedir. Çünki biz məmur deyilik, əlimizdə maddi imkanlar yoxdur ki, kimlərəsə yardımlar göstərək və s”.

İşçi Qrupunun əhəmiyyətinə toxunan Radə Abbas: “Biz bir yerdə olanda sözümüz həmişə keçərlidir”,-dedi. QHT sədri qeyd etdi ki, həssas qrupa daxil olan və problemlərlə üz-üzə qalan insanların da çətinliklərinin həllinə çalışacaqlar.

 “Son vaxtlar məmur özbaşınalıqları ilə üzləşirlər”

Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova isə: “Bu gün bura elə bir məsələlərin həlli üçün yığılmışıq ki, doğrudan da çox aktualdır. Bunu bu gün bizlər eləməsək, heç kim eləməyəcək. Söhbət ondan gedir ki, müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələrinin üzvləri son vaxtlar məmur özbaşınalıqları ilə üzləşirlər. Əvvəllər onlara qarşı münasibət, bəlkə də, bu qədər deyildi. Bəlkə bu qədər idi, biz bilmirdik. Amma bu təbəqədən olan insanların problemləri getdikcə artır. İşçi Qrupunun fəaliyyətə başlamasına gəlincə, bu olmalı idi. Çünki bizə gələn müraciətlər həddindən artıq çox idi və bir atalar misalında deyildiyi kimi, “tək əldən səs çıxmaz”. Odur ki, biz sosial problemlərin həlli üçün birgə hərəkət etməyə çalışırıq”,-dedi.

Almaz Zeynalova Azərbaycanda fəaliyyət göstərən bəzi əcnəbi iş adamlarının da müharibə veteranlarına problem yaratdıqlarını vurğuladı: “Görün iş nə yerə gəlib çıxıb ki, artıq Azərbaycanda yaşayan, pul qazanan əcnəbi iş adamları da bizə  yuxarıdan aşağı baxmağa başlayıblar. Çünki onlar da görürlər ki, Azərbaycanda məmurlar bizlərə qarşı etinasız münasibət göstərirlər, beləcə, ayaqları yer alır”.

Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri dedi ki, bəzi hallarda problemlərlə üzləşən şəhid ailələrinin üzvləri ortaya çıxmağa, etiraz etməyə, narazılıq etməyə utanırlar: “Amma bu o demək deyil ki, kimlərsə bundan istifadə etməlidirlər”.

 “Məni səhvən məcburi köçkünlərin siyahısına salıblar”

Daha sonra Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas onlara ünvanlanan müraciətlərlə bağlı konkret məlumatlar verdi: “Qarabağ müharibəsi veteranı, həyat yoldaşı döyüşlərdə şəhid olmuş Zərifə Əliyeva yaşadığı yataqxananın sökülməsi ilə bağlı bizə müraciət edib. Bildirim ki, Zərifə Əliyeva və onun övladı həmin yataqxanada yaşadıqları  mənzildə qeydiyyatda olublar. Bir müddət əvvəl həmin yataqxana sökülüb və orada məskunlaşan məcburi köçkünlərə dövlət proqramı əsasında tikilmiş binadan evlər verilib. Məcburi köçkün olmayan 5 ailəyə isə kompensassiya verilib. Lakin Zərifə xanıma kompensassiya ödənilməyib. Qəribədir ki, məcburi köçkün olmasa da ona məcburi köçkünlər üçün inşa olunmuş binadan 1 otaqlı mənzil verilməsi təklif edilir. Zərifə xanım isə razılaşmır. Deyir ki, xəstə adamdır, yoldaşı şəhid olub. Bildiyiniz kimi, məcburi köçkünlərə evlər müvəqqəti verilir, daimi qeydiyyata düşmürlər. Sabah məcburi köçkünlər öz yurd-yuvalarına qayıdası olsalar, onun övladının aqibəti necə olacaq, atacaqlar küçəyə?”

Tədbirdə çıxış edən Zərifə Əliyeva bu problemin yaranmasında əsas səbəbkar kimi Yasamal Rayon İcra Hakimiyyətini ittiham etdi. Dediyinə görə, məcburi köçkün olmaya-olmaya ona bu təbəqədən olanlar üçün tikilmiş binadan ev təklif etməkdənsə, kompensassiyasını versinlər: “Mən xəstə adamam, sabah dünyamı dəyişsəm, tək övladım təkbaşına neyləyəcək? Məcburi köçkünlər tutaq ki, qayıtdılar öz evlərinə, bəs mənim övladımın aqibəti necə olacaq? Bir daha deyirəm, mən məcburi köçkün deyiləm, xahiş edirəm ki, rəsmi dövlət qurumları yaranmış bu anlaşılmazlığı həll etsinlər”.

 “Oğlunu internata qoyub, Qarabağ müharibəsinə yollanmışdı…”

İşçi Qrupuna digər müraciəti isə Nazilə Yumayeva ünvanlayıb. Radə Abbasın sözlərinə görə, Qarabağ müharibəsi veteranı olan Nazilə xanım Bakının Yasamal rayonunda ata evində yaşayır: “Qarabağ müharibəsinin ən qızğın vaxtlarında Nazilə Yumayeva doğmaca oğlunu internata qoyub, müharibəyə yollanıb. O çox ağır və şiddətli döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib. Qayıdandan sonra isə övladını internatdan götürüb və indi onunla birgə yaşayır. Nazilə xanım müraciətində bildirir ki, yaşadığı mənzil hazırda bərbad vəziyyətdədir. Həyat yoldaşı dünyasını dəyişdiyi üçün o, mənzilini öz hesabına təmir etdirə bilmir. Gedin o insanın yaşadığı evə baxın ki, nə gündədir. Vətən uğrunda canından keçməyə hazır olan, sağlamlığını itirən bu xanım yaşamağa yer tapmır, evi o vəziyyətdədir”.

 Bir evdə 4 nəfər əlil yaşayır…

R. Abbas Qarabağ müharibəsi veteranı Roza və Natavan xanımların da ağır sosial şəraitlərindən danışdı, yardıma ehtiyacları olduğunu vurğuladı və dövlətin onlara sahib çıxmalarının vacibliyini qeyd etdi: “Roza xanımın evi yoxdur, əməliyyata ehtiyacı var. Natavan xanım uzun illər çarpışandan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətindən ev aldı. Amma o ev sadəcə quru divardan ibarət idi. Bu gün həmin evdə 4 nəfər əlil yaşayır. Həyat yoldaşı müharibə veteranıdır, II qrup əlildir, özü müharibə veteranıdır, II qrup əlildir. Qardaşı müharibədə itkin düşüb, anası II qrup əlildir, bacısı vərəmli xəstə, II qrup əlildir. Bu ailəyə sahib çıxan yoxdur. Dövlət qurumları bu məsələni diqqətdə saxlamalıdırlar. Ən azından qanun belə tələb edir”.

Radə Abbas və Almaz Zeynalova ölkəmizdə müharibə veteranlarının, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin hüquqlarının qorunması, onların normal sosial şəraitinin təmin olunması üçün qanunların qəbul edildiyini bildirsələr də, bu qanunların icrasında problemlərin yaşandığını vurğuladılar. Tədbirdə digər problemlərdən də danışıldı.

Ümid edək ki, onların qaldırdıqları bu problemlərin hər biri dövlət qurumları tərəfindən də ayrı-ayrılıqda araşdırılacaq və öz həllini tapacaq.

 Nicat İntiqam