Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir…

68

Kimsədən kömək ummadan, kənardan bir manat almadan

Bu gün Azərbaycan bütün dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Respublikamızın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara və müasir çağırışlara əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. Uğurla davam etdirilən islahatların sayəsində ölkəmizdə iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb, qeyri-neft ixracımız 25 faizdən çox, xarici ticarət 70 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar təşkil edib.

Qırx dörd günlük Vətən müharibəsindəki böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur.  Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Bölgədə böyük infrastruktur işləri görülür, yaşayış binaları inşa olunur. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı kənd” layihəsi əsasında istifadəyə verilib, həmçinin beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq   kəndlərin əraziləri müəyyənləşdirilib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda elektrik yarımstansiyalarının inşası davam etdirilir. Yeri gəlmişkən, ötən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Həmçinin çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib. Təbii ki, işğaldan azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin uğurlu icrası həm bu bölgə, həm də bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq.

Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş həcmli tikinti-quruculuq, abadlıq işlərinin görülməsi yaxın gələcəkdə regionun turizm sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.  Ekspertlərin qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə Füzuli Beynəlxalq Hava Limanının tikintisi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınmasının nəzərdə tutulması, eyni zamanda, Qarabağın tacı Şuşada tarixi-mədəni obyektlərin, “Xarıbülbül” və “Qarabağ” mehmanxanalarının ən son standartlara uyğun formada təmir edilərək istifadəyə verilməsi bölgədə dayanıqlı turizmin inkişafını sürətləndirəcək. Bütün bunlar bir daha deməyə əsas verir ki, bu bölgə nəinki Azərbaycan, hətta bütün dünya üçün nümunə olacaq.

Bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan Qarabağı və Zəngəzuru öz hesabına, kimsədən kömək ummadan, kənardan bir manat almadan yenidən qurur: “Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar”.

Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın öz iqtisadi gücü, qüdrəti ilə tezliklə cənnətə çevrilərək bütün dünyaya nümunə olacaq.

“İki sahil”