“Qarabağ” və “Qəbələ” növbəti sınaq qarşısında

457

Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir. Bu matçlardan ikisi Azərbaycan təmsilçilərinin iştirakı ilə keçiriləcək. Yarışda mübarizə aparan hər iki klubumuz bu gün meydana çıxacaq. “Qəbələ” evdə, “Qarabağ” səfərdə oynasa da, komandalarımız eyni saatda mübarizəyə start verəcək. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan Roman Qriqorçukun yetirmələri bu dəfə də eyni uğura iddialıdı. Artıq 3 mərhələ keçən “qırmızı-qaralar” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək. Əyalət klubu ilk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək.
Təsnifat mərhələlərində evdə keçirdiyi qarşılaşmalarda ardıcıl 3 qələbə qazanan “Qəbələ” çətin səfər öncəsi sərfəli nəticə haqda düşünməlidi. Qapısını toxunulmaz saxlamaqla qalib gələcəyi halda, “qırmızı-qaralar” Sloveniyaya daha rahat yollana bilər. Cari mövsümdə 12 qol vurub, məhsuldarlığı ilə seçilən Roman Qriqorçukun yetirmələri 1 dəfə fərqlənsə, eyni mövsümdə eyni turnirdə ən çox qol vuran Azərbaycan komandası olacaq.
Azərbaycan çempionu “Qarabağ” isə cari mövsümdə ilk Avroliqa sınağına çıxacaq. Çempionlar Liqası ilə məğlubiyyətsiz vidalaşan Qurban Qurbanovun yetirmələri son iki mövsümdə olduğu kimi yenə mübarizəni daha zəif turnirdə davam etdirməyə məcburdu. İsveçin “Höteborq” klubu ilə səfər görüşünə favorit qismində çıxacaq. Düzdü, skandinaviyalılar vaxtilə avrokuboklarda qələbə də qazanıb. Lakin bu ölkənin klublarının indiki gücü Azərbaycan çempionu ilə müqayisə olunacaq səviyyədə deyil. Təmsilçimiz İsveçdə qələbə qazansa, bu, komandanın qitənin ikinci dərəcəli turnirində yubiley – 20-ci sevinci olacaq.
Pley-off mərhələsində ən çox oynayan Azərbaycan klubu ardıcıl 2 dəfə adladığı turu 3-cü dəfə keçmək iddiasındadı. Qurban Qurbanovun yetirmələri gələn həftə Bakıda keçiriləcək qarşılaşmada azarkeşlərini sevindirmək üçün şimal səfərindən qolla və məğlubiyyətsiz dönməlidi. Bunu bacaracağı halda, Ağdam klubu ardıcıl 3-cü dəfə qrupda oynamaq şanslarını xeyli artıracaq.
Avropa Liqası
Pley-off, ilk oyunlar
18 avqust
21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. “Dalğa Arena” stadionu
21:00. “Höteborq” (İsveç) – “Qarabağ”
Baş hakim: Pavel Raçkovski
Baş hakimin köməkçiləri: Radoslav Sneyka, Mihal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Bosko Yovanetiiç (Serbiya)
UEFA nümayəndəsi: Trevor Lloyd Hyuz (Uels)
Höteborq. “Qamla Ullevi” stadionu