“Qarabağ UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb, “Neftçi” klubu isə UEFA Avropa Liqasında mübarizəni dayandırıb

50

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Avqustun 12-də Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edib.

Estoniyalı baş hakim Kristo Toverin idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL-in heyətində isə meydana Vozinya, Andrey Teyşeyra, Slobodan Medoyeviç, Davor Zdravkovski, Stefan Sçepoviç, Bruno Santos, Manuel Torres, Euller Silva, Sito Riera, Robert Mazan və Kire Ristevski çıxıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Qarabağ” minimal hesablı qələbə qazanıb – 1:0. Matçın 87-ci dəqiqəsində Kadi fərqlənməklə komandasını turnirin növbəti mərhələsinə daşıyıb.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Tənsilçimiz pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.

Bakının “Neftçi” klubu isə UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Belə ki, vqustun 12-də turnirin üçüncü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olub.

Almaniyalı referi Deniz Aytekin idarə etdiyi oyun Finlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 46-cı dəqiqəsində Riku Riski hesabı açıb. On dörd dəqiqə sonra Roope Riski “Neftçi”nin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. Görüşün 89-cu dəqiqəsində Roope Riski yenidən fərqlənib.

Komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

“Neftçi” mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn” (Farer adaları) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə “Makkabi” böyük hesabla qalib gəlib – 7:2.