“Qarabağ” uduzmasa…

55

Aprelin 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son iki oyunu keçiriləcək.

Günün ilk matçında “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edəcək. Ağdam klubu 49 xalla turnir cədvəlinin lideridir. “Gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfər qarşılaşmasında uduzmasa, ardıcıl 10-cu mövsüm avrokuboklara vəsiqə qazanacaq.

Komandalar indiyədək ölkə çempionatlarında 37 dəfə üz-üzə gəliblər. Bunların 27-də “köhlən atlar” qələbə qazanıbsa, 5-də meydan sahibləri 3 xala seviniblər. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var – 83:18. Ağdam təmsilçisi Premyer Liqadakı son 7 matçda rəqibinə uduzmur, “Sumqayıt” isə 3 görüşdə xala həsrətdir.

Tura “Səbail” – “Qəbələ” görüşü ilə yekun vurulacaq. Hazırda “dənizçilər” 11 xalla sonuncu – 8-ci, “Qəbələ” isə 34 xalla 4-cüdür. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv səfər matçında qalib gələcəyi təqdirdə, üçüncü pilləyə yüksələcək.

Komandalar indiyədək Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Bu matçların 9-da əyalət klubu, 4-də paytaxt təmsilçisi qələbə qazanıb. Topların nisbətində də “Qəbələ” öndədir – 33:16.

Qeyd edək ki, aprelin 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah” “Zirə”ni qəbul edib.”Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. “Sabah”ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə Coy Lens-Mikels, 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodriges vurub. “Qartallar”ın yeganə qoluna 48-i dəqiqədə Hamidu Keyta imza atıb.Xallarının sayını 32-ə çatdıran “Sabah” 5-ci, 36 xala malik “Zirə” isə üçüncü pillədə qərarlaşıb.

“Neftçi” isə səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.