“Qarabağ” tilsimlənmiş raundu keçdi

0
376

Avqustun 1-də Ağdamın “Qarabağ” komandası səfər oyununda Moldovanın “Şerif” klubuna 2:1 hesabı ilə qalib gələrək Azərbaycanın futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının ”play-off” mərhələsinə vəsiqə qazanıb.

Oyuna fəal başlayan Moldova komandası bir neçə real qol imkanı yaratsa da, bundan yararlana bilməyib. Müdafiədə dəqiq oynayan “Qarabağ” qapısını toxunulmaz saxlayıb və tədricən təhlükəli əks-hücumlar təşkil edib. Matçın 39-cu dəqiqəsində Qara Qarayevin cərimə zərbəsi qapıdan bir qədər aralı keçib. Bundan dörd dəqiqə sonra Donald Qeryenin güclü zərbəsini rəqib komandanın qapıçısı çətinliklə dəf edib. Nəhayət, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə komandamızın hücumçusu Dino Ndlovu hesabı açıb.

Oyunun 86-cı dəqiqəsində “Qarabağ” klubu hesab arasındakı fərqi artırıb. Rəqib komandanın qapısından ikinci topu Ansi Aqolinin gözəl ötürməsindən sonra yarımmüdafiəçi Miçel keçirib. “Şerif” təsəlli qolunu oyuna əlavə edilmiş dəqiqələrdə 11 metrlik cərimə zərbəsi ilə vurub. Oyun komandamızın xeyrinə başa çatıb və bu nəticə “Qarabağ”ın növbəti mərhələyə adlaması üçün kifayət edib (0:0;2:1).

Bundan əvvəl üç dəfə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksələn Qurban Qurbanovun yetirmələri növbəti cəhddə uğur qazanaraq Azərbaycan futbol həvəskarlarına böyük sevinc yaşadıb.

Xatırladaq ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın “Samtredia” komandasını mübarizədən kənarlaşdırmışdı (5:0;1:0).

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

1 avqust

 

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) – 1:2

Qollar: Badibanqa, 90+4 (pen.) – Ndlovu, 45+3, Miçel, 86

 

Baş hakim: Roy Reynşreyber

Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

Tiraspol. “Şerif” stadionu

İlk oyun – 0:0

 

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian

Baş məşqçi: Roberto Bordin

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov