“Qarabağ”, tilsimi qır, Avropanı təəccübləndir!!!

0
556

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün III təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Qitənin ən böyük turnirində debüt mövsümünə Malta çempionu “Valletta” üzərində 2 qələbə ilə başlayan Qurban Qurbanovun yetirmələri bu dəfə daha güclü rəqiblə üz-üzə gələcəklər. Təmsilçimiz Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Bu, həm də ağdamlıların mövsümdə ilk ciddi sınaqları olacaq. Avrokubokların qrup mərhələsində yerini təmin etmək üçün bu rəqibi adlamağa borclu olan “Qarabağ” gələn həftə baş tutacaq səfər oyunu öncəsi sərfəli nəticə əldə etməyə çalışmalıdır. Doğma publika önündə oynayacaq Azərbaycan çempionunu Tofiq Bəhramov adına Respublika Stadionuna toplaşan çoxsaylı azarkeşlər də dəstəkləyəcəklər. Azərbaycan üçün avrokuboklarda bir sıra ilklərə imza atan Qurbanovun yetirmələri indiyədək keçilməz olan ÇL-in III təsnifat mərhələsini keçməlidir. İndiyə qədər “Bakı” və “Neftçi” bu mərhələdə oynasalar da, uduzmaqla Avropa Liqasına göndəriliblər. Həm də onlar qitənin ən nüfuzlu klub turnirindəki son mərhələdə qələbəyə həsrət qalıblar. Bu gün qazanılacaq qələbə bu mərhələdəki ilkimiz olacaq. Ağdam təmsilçisi isə 3 dəfə uduzduğu Avroliqanın “pley-off”unda oynamamaq üçün qalib gəlməlidir.

 

Dünən məşq olmadı

Qurban Qurbanov bugünkü oyunöncəsi maraqlı addım atıb. Belə ki, onun qərarına əsasən, Ağdam klubunun oyunöncəsi son məşqi keçirilməyib. Adətən, matçdan bir gün öncə komandalar yüngül məşqlər etməklə kifayətlənirlər. “Qarabağ” da indiyədək həm avrokuboklar, həm də daxili çempionatın qarşılaşmalarından bir gün öncə məşqə çıxıb. Lakin Qurban Qurbanov bu dəfə oyunöncəsi məşqin keçirilməsinə ehtiyac görməyib. Klubun mətbuat xidmətindən də bu xəbər təsdiqlənib.

 

“Zalsburq”da 5 itki

“Qarabağ”dan fərqli olaraq, “Zalsburq” bugünkü görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, “buğalar” aparıcı üzvlərindən Stefan İlzanker, Ayzek Vorsa, Rodney və Frants Şimer Bakıya gətirilməyiblər.

 

Tribunalarda ajiotaj olacaq

Bugünkü qarşılaşmada tribunaların ağzına qədər dolması gözlənilir. Klubdan aldığımız məlumata görə, artıq 20 minə yaxın bilet satılıb. Üstəlik, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında bilet satışı davam edir və bu gedişlə oyun saatına qədər daha bir neçə min bilet satılacaq.

 

III mərhələdə ilk qələbə ola bilər

Vacib görüş öncəsi bir neçə maraqlı statistika ilə də sizi tanış edirik. Bunlardan biri odur ki, Azərbaycan klubları Çempionlar Liqasının III təsnifat mərhələsində qələbə qazana bilməyiblər. “Qarabağ” buna nail olan ilk komanda kimi tarixə düşə bilər. Təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirindəki bütün qələbələri ilk iki mərhələdə qeydə alınıb. “Qarabağ”a qədər iki komanda bunu gerçəkləşdirməyə cəhd edib. 2009-cu ildə bir rəqibini adlayan “Bakı” III təsnifat mərhələsində Bolqarıstan “Levski”si ilə görüşdü. Təmsilçimiz nəinki qalib gəldi, heç qol da vura bilmədi – 0:2, 0:0. 2012-ci ildə İsrail “Hapoel”i ilə qarşılaşan “Neftçi”nin də taleyi eyni oldu. Kiryat-Şmona klubu ilə görüşlərdən bakılılar məğlubiyyət və heç-heçə ilə ayrıldılar – 0:4, 2:2. Uduzduğu üçün Avropa Liqasının “pley-off” mərhələsinə yollanan paytaxt klublarının taleyini yaşamamaq, Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün “Qarabağ” bu mərhələdəki ilk qələbəmizi qazanmalıdır.

Həmçinin “Qarabağ”ın 4 futbolçusu yubiley qeyd edə bilər. Belə ki, bugünkü görüşün iştirakçısı olsa, braziliyalı legionerlərdən Riçard Almeyda avrokuboklarda 10-cu, Reynaldo Çempionlar Liqasında 5-ci dəfə meydançaya çıxacaq. Ağdam təmsilçisinin qapıçısı İbrahim Şehiç həm Çempionlar Liqasında, həm də avrokuboklarda 5-ci oyununa çıxmaq imkanı qazanıb. Komandanın zədəli kapitanı Rəşad Sadıqovun heyətə dönüşü rəsmiləşsə, müdafiəçi avrokuboklarda 50-ci matçında oynayacaq.

 

Avstriya mətbuatı: “Ağdam Ermənistan tərəfindən işğal olunub”

Bu arada, Avstriya mətbuatında “Qarabağ” haqda geniş yazı dərc edilib. “Weltfussball” nəşrindəki yazıda əvvəlcə “Qarabağ” – “Zalsburq” matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionundan bəhs edilib, məşhur azərbaycanlı referi haqda məlumat verilib. Daha sonra “Qarabağ”ın təmsilçisi olduğu Ağdam rayonunun Ermənistan tərəfindən işğal edildiyinə diqqət çəkilib. Bu işğal nəticəsində Ağdamın darmadağın edildiyi bildirilib. 1993-cü ilin iyulun 23-də Ağdamın işğalından sonra “Qarabağ”ın ev oyunlarını başqa şəhərlərdə keçirmək məcburiyyətində qaldığı qeyd olunub. Yazıda bildirilib ki, beynəlxalq təşkilatlar da Ağdamın Azərbaycanın ərazisi olduğunu təsdiqləyiblər: “Hazırda Ağdam da daxil olmaqla, Qarabağın işğalı davam edir. Orada Ermənistanın dəstəyi ilə hakimiyyət (Dağlıq Qarabağın separatçı rejimi nəzərdə tutulur – red.) formalaşdırılıb”. Yazıda “Qarabağ”ın futbolçularının Azərbaycanın ərazi butövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi bildirilib. Bu zaman uzun illər Ağdam klubunun kapitanı olan, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Qarabağ döyüşlərində şəhid olmasına diqqət çəkilib.

Yazıda həmçinin qeyd edilib ki, 1998-2001-ci illərdə “Qarabağ” ciddi maliyyə problemi ilə üzləşib. Amma həmin vaxt “Azərsun Holdinq” komandanı himayəsinə götürüb, o vaxtdan çətinliklər də həll edilib. “Qarabağ”ın 21 fasilədən sonra 2014-cü ildə Azərbaycan çempionu olduğu da vurğulanıb.

 

“Uzun yolçuluq və saat fərqi əleyhimizə işləyən amildir”

Oyunöncəsi həm rəqibin, həm də təmsilçimizin üzvləri mətbuata açıqlama veriblər. İndi də həmin fikirlərlə sizi tanış edirik:

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Ciddi rəqibə qarşı oynayırıq. Hamımız üçün maraqlı oyun olacaq. Çalışacağıq ki, sürətli, mübariz bir futbol göstərək. Rəqibin Avropa təcrübəsi çoxdur. Ancaq biz də yaxşı hazırlaşmışıq. Sabah bunun şahidi olacaqsınız. Demək olar ki, bir həftədir rəqibi analiz edirik. Düşünürəm ki, səhv etməmişik. Həqiqətən çox sürətli bir komandaya qarşı oynayacağıq. Rəqib tez bir zamanda rəqibin cərimə meydançasına daxil olmaq istəyir və bunu bacarır. Ancaq bizim də hücumumuz və sürətimiz onlardan az olmayacaq. Çalışacağıq ki, rəqibin güclü tərəflərini bağlayaq və zəif cəhətlərindən istifadə edək”.

Maksim Medvedyev (“Qarabağ”ın müdafiəçisi): “Bizi sabah ağır oyun gözləir. Çoxları düşünür ki, “Zalsburq” sabah bizi məğlub edəcək. Ancaq “Qarabağ” da zəif komanda deyil. Bizim də Avropa təcrübəmiz var. Çalışacağıq ki, rəqibə hücum futbolu göstərək və onlara sübut edək ki, biz də zəif deyilik. Artıq bir həftədir komanda ilə məşq edirəm. Oyuna yüz faiz hazıram. Baş məşqçi şans versə, sabah meydanda olacağam”.

İlqar Qurbanov (“Qarabağ”ın müdafiəçisi): “Zalsburq”un gücünə yaxşı bələdik. Onlara qarşı çox ciddi hazırlaşırıq. Bu komandaya qarşı oyunlarımız “Valletta” ilə görüşlərdən tamamilə fərqlənəcək. Amma biz onlardan qorxmuruq”.

Adi Hütter (“Zalsburq”un baş məşqçisi): “Bizi Bakıda asan oyunlar gözləmir. Birincisi, təxminən altı saatlıq uzun yol qət etmişik. Amma ən başlıcası “Qarabağ”ın evdə necə gözəl oyun nümayiş etdirdiyini özüm də görmüşəm. Avstriya çempionatında ardıcıl iki böyükhesablı (6:1, 5:0) qələbə bizi hədsiz sevindirir. Amma eyforiyaya qapılmaq olmaz. Rəqibi sakit tərzdə təhlil edib qarşıdakı oyuna köklənmişik”.

Martin Hinteregger (“Zalsburq”un müdafiəçisi): “Hazırda tam olaraq “Qarabağ”la oyuna köklənmişik və rəqib meydanında yaxşı nəticə ilə dönməyə ümid edirik. Bizim baş məşqçi “Qarabağ”ın oyununu Bakıda izləyib və rəqibin oyununu öyrənib. Biz bilirik ki, “Qarabağ” sıx oynamağı sevir. Bu, bizim oyunumuza təsir edə bilər. Düzdür, uzun yolçuluq və saat fərqi “Zalsburq”un əleyhinə işləyən amildir. Amma bunları unudub “Qarabağ”la matçda işimizə peşəkarlıqla yanaşmalıyıq”.

Kevin Kempl (“Zalsburq”un yarımmüdafiəçisi): “Çempionlar Liqasının qrup mərhələsində oynamaq kimi böyük hədəfimiz var. Mən də bu uğurun bir hissəsi olmaq istəyirəm. Hazırda əla formadayıq və mərhələ keçmək şansımız daha böyükdür. Komanda doğru yoldadır və hansısa dəyişikliyə ehtiyac yoxdur. Oyun tərzimizə sadiq qalmalıyıq və daha da “artırmalıyıq”. Avropada bir sıra komandalara başağrısı ola biləcəyimizi düşünürəm. Rəqibə hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq”.

 

30 iyul

20:30 “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya)

Hakimlər: Sergey Boyko, Aleksandr Voytyuk, Oleq Pluznyuk, Anatoli Abdula (hamısı Ukrayna)

UEFA nümayəndəsi: Oğuz Sarvan (Türkiyə)

Hakim-inspektor: Kuanış Kanapyanov (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here