“Qarabağ” Texası ovsunlayıb

586

“Qarabağ Ansamblı”nın çıxışı əcnəbi auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb

Amerika Birləşmiş Ştatlarının Texas ştatında hər il keçirilən “South by Southwest” musiqi, kino və media texnologiyalar festivalı dünyanın müxtəlif ölkələrindən minlərlə insanın diqqətini cəlb edir.

Bu il festivalda iştirak etmək üçün 62 ölkədən olan 2 mindən çox musiqi qrupu müraciət edib. Seçilmiş 27 ölkə-iştirakçılar arasında olan “Qarabağ” muğam ansamblı ölkəmizi tədbirdə uğurla təmsil edib.
4 nəfərdən ibarət ansamblın rəhbəri Milli Konservatoriyanın məzunu, xanəndə Aqil Süleymanovdur. O, hazırda Mədəniyyət və İncəsənət Universitetində magistrdır. Ansamblın digər üzvləri Elvin Novruzov kamançada, Rüstəm Müslümov tarda, Elnur Əliyev isə nağarada ifa edir.
Hər il mart ayının ortalarında keçirilən festivalda Azərbaycan musiqisini təmsil edən “Qarabağ Ansamblı”nın çıxışı əcnəbi auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta çıxışlarını bitirən qrup, tamaşaçıların xahişi ilə yenidən səhnəyə qayıtmalı olub və daha bir muğam ifası təqdim ediblər.
Novruz bayramına təsadüf edən musiqi festivalının rəsmi açılışında ABŞ-ın prezidenti Barak Obama da iştirak edib.
“Qarabağ” ansamblı artıq ikinci ildir ki, festival çərçivəsində Azərbaycan muğamını və milli musiqi alətlərini iştirakçılara tanıdır.
Festival çərçivəsində “Qarabağ Ansamblı”nın muğam ifaları Texasın Ostin şəhərində fəaliyyət göstərən radiostansiyalarda da yayımlanıb. Bundan əlavə “South by Southwest” festivalına aid internet səhifələrində qrup haqqında geniş məlumat yerləşdirilib. Hazırda gənclərin əsas yaradıcılıq hədəfi Ostin şəhərində muğam ifalarından ibarət musiqi albomu təqdim etməkdir.