“Qarabağ” təkqapıya oynadı, “Sent-Etyenn” 1 xala sevindi  

0
432

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” dünən qrup mərhələsindəki çıxışına start verdi. Komandamız qazonu yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda Fransa klubu “Sent-Etyenn”i qəbul edirdi.

 

“Qarabağ” – “Sent-Etyenn” 0:0

“Qarabağ” (Azərbaycan): 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 80), 20. Riçard Almeyda, 70. Çumbinyo (17. Vüqar Nadirov, 46), 41. Leroy Corc (99. Namiq Ələskərov, 70)

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 18. İlqar Qurbanov, 7. Namiq Yusifov

Baş məşqçi: Qurban Qurbanov

“Sent-Etyenn” (Fransa): 16. Stefan Ruffier, 20. Conatan Brison, 23. Pol Baysse, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klemen (k), 8. Benjamin Korqne (12. Allan Sent-Maksimin, 50), 10. Renau Kohade (28. İsmail Diomande, 87), 19. Florentin Poqba, 7. Maks-Alain Qradel, 9. Mevlut Ərdinç (18. Fabien Lemoine, 75), 22. Kevin Monne-Pake

Ehtiyat oyunçular: 30. Jessi Moulin, 29. François Klerk, 32. Jerrold Nyemek, 11. Yohan Mollo

Baş məşqçi: Kristof Qaltye

Sarı vərəqələr: J. Klemen, 64; Maks-Alain Qradel, 67

Hakimlər: Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross

Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya)

Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya)

UEFA nümayəndəsi: Sergey iliç (Belarus)

18 sentyabr 2014. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

Teli yenə ehtiyatda qalmışdı

Oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunda olmağına dəyərdi. Çünki iynə atsan yerə düşməzdi. 31 minlik tamaşaçı tutumuna malik olan mərkəzi arenanın tribunalarında boş yer yox idi. Hətta pilləkənlərdə oyuna tamaşa edənlər də var idi.

Komandamızın baş məşqçisi Qurban Qurbanov meydançaya ideal heyəti buraxmışdı. Son vaxtlar Rəşad Sadıqovun yanında Bədavi Hüseynova güvənən çalışdırıcı ənənəsinə yenə sadiq qalmışdı. Hadisələri qabaqlayıb qeyd edək ki, Bədavi müdafiədə keçilməz sədd kimi oynadı və bir dəfə də olsun təkbətək mübarizələrdə məğlub olmadı. Yeganə hücumçu Reynaldoya onun arxasında qərarlaşan Çumbinyo-Muarem-Corc “trio”su dəstək verməli idi. Muarem sol cinahda Danilo Diası əvəz etməli idi. Rəqibin heyətində isə şübhəsiz ki, ən təhlükəli futbolçular Mevlüt Ərdinç, Kevin Monne-Pake və Maks-Alain Qradel idi.

 

“Sent-Etyenn” 5 dəqiqə futbol oynadı

İlk dəqiqələrdə “Qarabağ”ın futbolçuları həyəcanlı görünürdülər. Nəticədə rəqib ilk 5 dəqiqədə iki təhlükəli hücumla yadda qaldı. Öncə Qradelin standart vəziyyətdən vurduğu topu Şehiç əla reaksiya ilə qaytardı. Az sonra isə Qradel müdafiə xəttinin səhvindən yararlana bilmədi. Yaxşı ki, komandamız tezliklə həyəcanı boğa bildi və ənənəvi oyununu sərgiləməyə başladı. Artıq topa tam nəzarət edən ağdamlılar rəqibi müdafiəyə çəkilməyə vadar etmişdilər. “Qarabağ”lı futbolçular topla elə gözəl rəftar edir, dəqiq ötürmələrlə paslaşırdılar ki, sanki rəqib Fransa yüksək liqasının güclü komandalarından biri deyildi. Yalnız Almeyda tez-tez top itkilərinə yol verirdi ki, bu da səmərəli hücumlar qurmağımıza mane olurdu. Bununla belə, təmsilçimiz rəqib qapıçısını daim gərginlikdə saxlamağı bacarırdı. İlk yarım saat ərzində Muarem iki dəfə real qol vəziyyətindən yararlana bilmədi. Makedoniyalı bunun birində topa toxuna bilmədisə, digərində uğursuz toxunuş etdi. 13 və 14-cü dəqiqələrdə isə komandamız iki yüz faizlik şansı əldən verdi. Əvvəlcə Reynaldodan gözəl ötürmə alan Maksim Medvedev sağ cinahda bir müdafiəçidən sıyrılıb zərbə vursa da, qolkiper əla qurtarış edir. Az sonra isə Leroy sağ cinahdan möhtəşəm driblinqlərlə irəliləsə də, ötürməsinə Reynaldo son anda çata bilmədi. Bundan sonra oyunda temp xeyli aşağı düşdü. Düzdür, yenə ümumi üstünlük “Qarabağ”ın tərəfində idi. Ancaq təmsilçimizin tempi yüksəltmək istəyi heç cür baş tutmurdu. Yalnız hissənin sonlarında komandamız təhlükəli uzun ötürmələrlə nəsə etməyə çalışdı. Belə epizodların birində Reynaldo sağ cinahdan sürətlə cərimə meydanına daxil olsa da, son anda ötürmə vermək əvəzinə zərbə vurmağı üstün tutunca, qapıçı onun arzusunu gözündə qoydu. “Sambaçı” az sonra yenə eyni formada, eyni addımı atdı. Nəticədə komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar. Birinci hissə göstərdi ki, “Sent-Etyenn” Fransada əla çıxış etsə də, “Qarabağ” bu komandanı məğlub edə bilər.

 

Reynaldo səhnəyə çıxdı, amma…

Komandamız ikinci hissəyə bir dəyişikliklə başladı. İki dəfə dizindən zədə alan Çumbinyo oyunu davam etdirə bilməyincə, Qurban Qurbanov onu Vüqar Nadirovla əvəzləməli oldu. Məhz Vüqar topa ilk toxunuşundaca hesabı aça bilərdi. Onun uzaq məsafədən zərbəsini qapıçı çətinliklə dəf etdi. Birinci hissədə elə də çox gözə dəyməyən Reynaldo 61 və 69-cu dəqiqələrdə özünü göstərdi. Xüsusən də, ilk epizodda “sambaçı” çətin olanı etdi və topa uğursuz zərbə vurdu. Maksimdən sağ cinahdan ideal ötürmə alan hücumçu nəzarətsiz vəziyyətdə topu ram etsə də, penalti nöqtəsi üzərindən özünə yaraşmayan şəkildə zərbə vurdu. Növbəti hücumda isə braziliyalı hər şeyi özü etdi. Sol cinahdan sürətlə cərimə meydanına girən Reynaldo rəqibin düz 3 müdafiəçisini aldatdı, lakin qapıçı ilə təkbətək dueldən məğlub ayrıldı. Qalan dəqiqələrdə də oyun təkqapıya getdi. Ancaq bütünlüklə müdafiədə oturan fransızlar Bakıdan 1 xalla ayrılmağa müvəffəq oldular. Maraqlıdır ki, Fransa Liqa 1-nin iddialı hesab edilən komandası 90 dəqiqə ərzində cəmi 1 dəfə Şehiçi narahat edə bildi ki, o da 3-cü dəqiqədə. Təəssüflə demək lazımdır ki, “Qarabağ” oyunu ilə qələbəyə layiq olsa da, 2 xal itirdi.

 

Məşqçi fikirləri

Kristof Qaltye: “Komandamın oyunundan razıyam. Çoxlu ofsaydlara düşməyimizə baxmayaraq, zonalar üzrə səhvlərə yol vermədik. Heç də pis olmuram ki, hücumlarımız elə də gözəl alınmadı. Çünki çətin rəqiblə oyunda daha çox müdafiəyə fikir verirdik. Əslində, biz “Qarabağ”ın son oyunlarını izləmişdik. Tamaşaçılar üçün də rəqib asan görünə bilərdi. Bu oyundan sonra onlara olan hörmətimiz daha da artdı. Bakıda qol buraxmamağımız böyük üstünlükdür. Biz Sent-Etyenndə daha yaxşı çıxış etməyə çalışacağıq. “Qarabağ”ı yüksək səviyyəli komanda kimi bilirdim. “İnter” qrupun favoritidir. Qurban Qurbanovun yaxşı taktiki sxemdən yararlanmasını gördükdən sonra fikirlərim bir qədər dəyişdi. Artıq deyə bilərəm ki, “Qarabağ” da bu qrupun favoritlərindən biridir. İnanıram ki, komandanız Fransada da hücum futbolu nümayiş etdirəcək. Amma “Sent-Etyenn”in hücum futbolu oynamaması ilə bağlı deyilənlərlə də razı deyiləm. Gələn oyunda da çox çalışacağıq ki, daha çox güc qoyaq”.

Qurban Qurbanov: “Məncə, bu oyunda qol çatışmadı. Müdafiədə oynamağımızdan daha çox razı qaldım. Çalışacağıq hər oyunda yaxşı çıxış edək. Azarkeşlərimizə “çox sağ olun” deyirəm. Belə azarkeş olanda millətimizin birliyi hiss olunur. Böyük bayrağımızın stadionda əllərdə gəzdirilməsi yaxşı görüntü idi. Rəqib əks-hücumları daha çox mərkəzdən başlayırdı. Reynaldo müdafiədə də bizə kömək edirdi. Qazandığımız hər bir xal bizim xeyrimizədir. Oyundan əvvəl də demişdim ki, əsas yaxşı oyun göstərməkdir. Belə davam etsək, 3 xal da gələcək. 1 xala da şükür etməliyik. Amma bu 1 xalı da çox şişirtmək lazım deyil. Komandanın oyunundan və ayrılıqda futbolçuların hər birindən razı qaldım. Fransa klubu ilə oynamamışdıq. İndi onların da nəyə qadir olduğunu öyrəndik. Mən bu rəqibi ciddiyə alırdım. Komandanın müdafiəsini daha irəlidən qurmağı tapşırmışdım. Mənim üçün çox vacib idi ki, top itirən zaman müdafiə oluna bilək. Rəşad Sadıqovun oyununda eniş var. Amma onun tədricən öz formasını qaytara biləcəyini düşünürəm. Biz pillə-pillə irəliləyirik. Oyundan-oyuna çalışırıq ki, işimizi daha düzgün qurub nöqsanları aradan qaldıraq. Həmişə bu yöndə inamla mübarizə aparırıq. Vüqar Nadirovun oyunundan razı qaldım. Onun 2 dəfə mövqeyini dəyişdirdim. Əvvəl hücumda, daha sonra yarımmüdafiənin sağında oynatdım. Düşünürəm ki, Çumbinyonun zədəsi ciddidir. Müayinədən sonra bunu dəqiq biləcəyik. Muarem Muaremin zədəsi isə o qədər də ciddi deyil”. RUSLAN SADIQOV

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here