“Qarabağ” Qlazqodan münasib nəticə ilə dönməlidir ki…

0
514

Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edən Azərbaycan təmsilçisi “Qarabağ” ilk oyununu bu gün Bakı vaxtı ilə saat 23:45-də keçirəcək. Ağdam təmsilçisi “Seltik” klubu ilə ilk sınağına Şotlandiyada çıxacaq.

Qlazqonun “Seltik Arena” stadionunda “zolaqlılar”ın qonağı olacaq Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqiblə qarşılaşmada tarix yazmağa çalışacaqlar. Ardıcıl 4 mövsüm ölkəsinin çempionu olan, ümumilikdə isə 46 dəfə bu titula yiyələnən “Seltik” vaxtilə indi mübarizə apardığı yarışın qalibi də olub. 1967-ci ildə Lissabonda keçirilən final matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edən “Seltik” Britaniya futbolu tarixində ilk dəfə Çempionlar Kubokunu başı üzərinə qaldırmışdı.

“Qarabağ” titullarına görə rəqibinə uduzsa da, Qurbanovun yetirmələri son illərdə qazandığı nəticələrlə Şotlandiya klubundan geri qalmaq istəmədiyini göstərib. Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış etmək arzusunda olan “Seltik”dən fərqli, təmsilçimiz ötən mövsüm Avropa Liqasının qrupunda debüt edib.

Bu il daha nüfuzlu yarışın qrupuna çıxmağı hədəfləyən Ağdam klubu Qlazqodan münasib nəticə ilə dönməlidir ki, cütün taleyini Bakıdakı qarşılaşmada həll edə bilsin. Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq “Qarabağ” “Seltik” səddini adlasa, ilkə imza atacaq.

Belə ki, indiyədək heç bir Azərbaycan klubu Çempionlar Liqasının pley-offuna yüksəlməyib. Buna nail olacaq təmsilçimiz qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Bir sözlə, “Seltik” üzərində qələbə qrup mərhələsinə vəsiqə verəcək. Çünki pley-offda qələbə qitənin ən nüfuzlu klub turnirinin, məğlubiyyət isə Avropa Liqasının qrupuna düşməklə nəticələnəcək.

Ardıcıl ikinci dəfə qrupda oynamaqla daha bir tarix yazmaq imkanı olan “Qarabağ” Qlazqoya ciddi itkisiz yollanıb. Yalnız son transfer Əfran İsmayılovsuz səfərə çıxan komandada 2 sarı vərəqəsi olan oyunçu da yoxdu. Bu isə o deməkdir ki, Bakıdakı cavab oyununda sarı vərəqə üzündən cəzalı duruma düşən futbolçumuz olmayacaq.

Milanda “İnter”ə uduzduqdan sonra son 3 səfər oyununda yenilməyən “Qarabağ” bu seriyasını Şotlandiyada da davam etdirsə, qrupa doğru böyük addım atacaq. Ukraynada “Dnepr”, Fransada “Sent-Etyenn” və Monteneqroda “Rudar”la görüşlərin hərəsində 1 qol vuran Qurbanovun yetirmələri rəqib meydanlarındakı bu məhsuldarlığı “Seltik Arena”da ən azı təkrarlasa, səfər qolu çempionumuza cavab oyununda əlavə üstünlük qazandırmış olacaq.

Qeyd edək ki, “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 6-da keçiriləcək.

 

 

 

“Minimal hesablı məğlubiyyət də sərf edir”

“Bu gün bizi hansı nəticənin qane edəcəyini deyə bilmərik”. Bunu Şotlandiya “Seltik”i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi ANS-ə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 43 yaşlı mütəxəssis səfər matçında oyunu maksimum dərəcədə düzgün qurmağa çalışacaqlarını bildirib: “Bəlkə minimal hesablı məğlubiyyət də bizə sərf edə bilər. Rəqibin gücündən xəbərdarıq. Meydanda da bunun tam şahidi olacağıq. Lakin ilk matçdakı nəticənin bizi nə dərəcədə qane edəcəyini cavab oyunundan sonra deyə bilərik.

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda isə “Seltik”lə keçirəcəkləri oyun haqqında danışarkən bu sözləri deyib: “Rəqib açıq futbolu sevir. Bbizim komanda da açıq futbola üstünlük verir. Çox maraqlı iki oyun olacaq. Düşünürəm ki, biz mərhələ adlayan tərəf olacağıq”.

 

 

“Bakıda bizim üçün çətin olacaq”

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla etiraf edib ki, Azərbaycan çempionu ilə oyun heç də asan olmayacaq: “Rəqibimiz çox texnikalı komandadır. Onların heyətində braziliyalı və ispaniyalı futbolçular da var. “Qarabağ” hücum etməyi sevən komandadır. Cinah müdafiəçiləri sürətli olduğundan oyunu yüksək tempdə keçirirlər. Belə bir komanda ilə oyun bizim üçün də bir sınaq olacaq”. O daha sonra əminliklə bildirib: “Hədəfimiz Çempionlar Liqasının qrupuna düşmək və Şotlandiyada bütün titulları qazanmaqdı”.

“Biz öz meydanınımzda möhtəşəm azarkeş dəstəyi altında oynayacağıq. Bununla belə, oyuna hazır olmağımız çox vacibdir. İlk qarşılaşmada yaxşı nəticə qazanmalıyıq. Çünki Bakıda bizim üçün çətin olacaq. Uzun yol qət edəcəyik. Belə vəziyyətdə uğurlu nəticə əldə etmək çətin olur. 2013-cü ildə Qazaxıstanın “Şaxtyor” klubuna qarşı səfər oyunundan  əliboş qayıtmışdıq. Uzaq səfər matçının nə demək olduğunu bilirik. İlk oyunda qələbə qazanmasaq, cavab görüşündə işimiz çətin olar”. Bu sözləri isə “Seltik”in futbolçusu Çarli Mulqrevə məxsusdur. “Seltik”in kapitanı Skott Braun da həmkarıilə eyni fikirdədir: “Qarabağ” son dövrlər yaxşı oyun nümayiş etdirir. Buna əsasən deyə bilərəm ki, Azərbaycan çempionu ilə görüşümüz çətin olacaq”.

“Seltik” klubunun futbolçusu Qari Makkey-Stiven iyulun 29-da baş tutacaq ilk qarşılaşmada azarkeşlərin dəstəyinə böyük ehtiyacları olduğunu dilə gətirib: “Qarabağ”la qarşılaşma çox çətin olacaq. Bizi ciddi sınaq gözləyir. Bu üzdən bütün bacarığımızı nümayiş etdirməliyik. İlk oyunu öz meydanımızda keçirəcəyik. Ümid edirəm ki, dolu tribunalar önündə çıxış edəcəyik. Azarkeşlər bizim 12-ci oyunçu qismində dəstəkləyəcək. Bu amil “Qarabağ”a bir neçə qol vurmağımıza kömək edəcək”.

 

 

“Atletik”i kənarlaşdırıb, Avrokubokda yola davam etmək çox çətindir”

 

Sabah Avropa Liqası çərçivəsində keçirilən oyunda “Qəbələ” Kiprdə “Apollon”un qonağı olacaq. “İnter” isə daha çətin sınaq qarşısındadır. Bakılılar İspaniya Primerasının daimi iştirakçılarından biri “Atletik”lə görüşəcək.

 

“Hədəfimiz cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir”

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri oyun öncəs bildirib ki, “İnter”in heyətində rəqibə çətinlik yaşada biləcək futbolçular var. Baş məşqçinin sözlərinə görə, komandası arxayınlaşmamalıdır: “Cütün favoriti olduğumuz doğrudur. Amma bu, bizi sakitləşdirməməlidir. Çünki səfər oyununu səfərdə keçirəcəyik. Qarşılaşmanın süni örtüklü meydanda keçirilməsi isə bizim xeyrimizə deyil”.

“Atletik” klubunun müdafiəçisi Mikel San Xosenin də fikri demək olar ki, belədir: “Arxayınlaşsaq, hər şey ola bilər. Hədəfimiz cütün taleyinə ilk oyunda aydınlıq gətirməkdir. Bizi yeni mövsümə çox vacib start gözləyir. Start oyunu öncəsi qətiyyən arxayınlaşmaq olmaz”.

 

“Avropa Liqasında sonuncu oyununuz ola bilər”

“Hesab etmirəm ki, bizim üstünlüyümüz var. İspaniyada fiziki hazırlıq çox yaxşı keçirilir. Üstünlüyümüzün olduğunu deməzdim. “Atletik” çox güclü komandadır”. Bu sözləri Avropa Liqasının III təsnifat mərhələsində “Atletik”lə qarşılaşacaq Bakı “İnter”inin müdafiəçisi Xuanfran Qarsiya İspaniya mətbuatına müsahibəsində deyib. O həmçinin bildirib: “Valideynlərim deyirlər ki, “Atletik”lə düşməyiniz həm yaxşı oldu, həm də pis. Ona görə yaxşı oldu ki, İspaniyaya gedəcəyəm, onlar mənimlə görüşə biləcəklər. Pis tərəfi isə odur ki, deyirlər bu, sizin Avropa Liqasında sonuncu oyununuz ola bilər. İspaniyaya qayıtmaq və “San Mames”də oyuna çıxmaq mənim üçün xoş olacaq. Bu, böyük təcrübə deməkdir. Ancaq “Atletik” kimi komandanı mübarizədən kənarlaşdırıb, Avrokubokda yola davam etmək çox çətindir”.

Onun sözlərinə görə, hazırda “İnter”də motivasiya yüksək səviyyədədir: “Hazırkı heyətin 90 faizi yeni futbolçulardır. Adaptasiya prosesini hələ də tam keçməmişik. Buna baxmayaraq, yaxşı oyun göstəririk. “Atletik”ə qarşı da öz sistemimizlə oynayacağıq. Meydana çıxanda 11 futbolçu bir-birimizə deyirik ki, gəlin, yaxşı oyun göstərməyə çalışaq və nəticə əldə edək. Təbii ki, oyunlar bir-birindən fərqlənir. Matçın necə keçəcəyini heç kim əvvəlcədən deyə bilməz. Hazırlıq keçmək üçün çox vaxtımız olmayıb. Rəqib heyətinin komplektləşməsinə və sürətinə görə bizi qabaqlayır. Bu günlərdə “Atletik”in “Betis”lə yoxlama oyununa baxdım və bir daha gördüm ki, bu komandanın futbolçuları cinahda necə fəal işləyirlər. İstənilən halda, bütün gücümüzdən istifadə edəcəyik”.

Xuanfran Qarsiyanın fikrincə “Atletik”in heyətində ən təhlükəli futbolçu Arits Adurisdir: “O, zəhmli futbolçudur, onu bir nəfərlə tutmaq çox çətindir. 34 yaşı olmasına baxmayaraq, gözəl oyun sərgiləyir”.

Müsahibənin sonunda o: “Azərbaycan futbolunun səviyyəsi sizi qane edirmi?” sualına belə cavab verib: “İspaniya futbolunun səviyyəsində olmasa da, Azərbaycanda futbol inkişaf edir”.

Qeyd edək ki, “San Mames” stadionunda keçiriləcək “Atletik” – “İnter” görüşü Bakı vaxtı ilə 23:45-da başlayacaq.

 

“Apollon” azarkeşlərə səsləndi

“Apollon”un baş məşqçisi Pedro Emanuel Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları “Qəbələ” ilə  oyunöncəsi azarkeşlərə müraciət edib. Portuqaliyalı mütəxəssis komandanın azarkeşlərini iyulun 30-da “Antonis Papadopulos” stadionunda keçiriləcək oyuna dəvət edib. Müraciətdə deyilir: “Bütün dostlarımızı və azarkeşləri “Qəbələ” ilə oyunda bizi dəstəkləməyə çağırıram. İstərdim ki, 90 dəqiqə ərzində yanımızda olasınız. Sizin dəstəyini hiss etmək bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, iyulun 30-da keçiriləcək “Apollon” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

 

Xəbərdarlıq alsalar…

Avropa Liqasının çıxış edən Azərbaycan klublarının 3 futbolçusu III təsnifat mərhələsinin cavab oyununu buraxmaq təhlükəsi ilə üz-üzədiR. İlk iki təsnifat mərhələsində hərəyə 2 dəfə sarı vərəqə alan Zurab Xizanaşvili, Rafael Santos və Cavid Hüseynov iyulun 30-da baş tutacaq ilk qarşılaşmada cəzalı duruma düşə bilər.

“İnter”in gürcüstanlı legioneri İspaniya “Atletik”i ilə Bilbaodakı görüşdə xəbərdarlıq alsa, avqustun 6-dakı cavab oyununda komandasına kömək edə bilməyəcək. Bu üzdən 33 yaşlı Zurab ilk qarşılaşmada ehtiyatlı davranmalıdıR.

“Qəbələ” Kiprin “Apollon” klubu ilə Larnakadakı görüşündə daha ağır zərbə ala bilər. Komandanın kapitanı Cavid Hüseynovla mərkəz müdafiəçisi Rafael Santos əvvəlki 4 oyunda hərəyə 2 xəbərdarlıq alıb. Onların səfər matçında cəzalanması “Bakcell Arena”dakı cavab oyununda meydana çıxmamaqları ilə nəticələnəcək.

 

 

Böyükağa Hacıyev: “Belə fürsət bir daha ələ düşməyə bilər”

“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev klublarımızın Çempionlar Liqası və Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki şanslarını qiymətləndirib: “Qarabağ”la “İnter”ə güclü rəqiblər qismət olub. Sözsüz, hər iki komanda sona qədər mübarizə aparacaq. Ağdam təmsilçisinin ilk oyunundan çox şey asılıdır. Münasib nəticə olarsa, cavab görüşünə fərqli hazırlaşmaq mümkün olacaq. “Qarabağ” öz oyununu göstərsə, istəyinə nail ola bilər. “İnter”dən nəsə tələb etmək çox çətindir. Ağır durumda iki mərhələ keçmək böyük uğurdur. İndiki durumda “bankirlər”dən gözəl oyun gözləmək daha düzgün olar.

“Qəbələ”yə gəldikdə söyləmək olar ki, Roman Qriqorçukun bəxti digərləri ilə müqayisədə gətirib. Çünki, Kipr təmsilçisi nəhəng klublara aid deyil. Onlarla bərabər səviyyədə mübarizə apararaq uğur qazanmaq olar. Yəqin ki, Qriqorçukun öz hazırlıq planı var. Biz onlara uğur arzulayırıq. Belə fürsət bir daha ələ düşməyə bilər. “Qəbələ” bu mərhələni də keçəcək gücdədir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here