“Qarabağ” qrup eşqi ilə…

482
Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya “Zalsburq”unun qonağı olacaq. Artıq adıçəkilən ölkədə olan komandamız dünən son məşqini də edib və oyun saatını gözləyir. Təbii ki, heyətdə itkilərin olması baş məşqçi Qurban Qurbanovu müəyyən tədbirlər görməyə vadar edir. Qurbanov “Red Bull Arena”da baş tutacaq qarşılaşmada çox güman ki, 5-3-1 taktikasına üstünlük verəcək. Amma hücumlar zamanı bu, 3-4-3-ə çevriləcək. Qapıda İbrahim Şehiç dayanacaq. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqova çox güman ki, Bədavi Hüseynovla Qara Qarayev kömək edəcəklər. Sol cinahda ənənəvi olaraq Ansi Aqolli, sağda isə Maksim Medvedev oynayacaq.
Dayaq yarımmüdafiəçisi kimi Riçard Almeyda çıxış edəcək. Onun önündə isə Çumbinyo mübarizə aparacaq. İnsayd funksiyasını Danilo Diasla Leroy Corc yerinə yetirəcəklər. Hücumun sivri ucunda da Vüqar Nadirov yeganə qol ümidimiz olacaq.

 

“Zalsburq” da itkilərlə çıxacaq

Təbii ki, “Zalsburq” da cavab görüşünə itkilərlə çıxacaq. Belə ki, İsaak Vorsah, Valon Berişa və Asger Sorensen zədə üzündən cavab matçını buraxacaqlar. İlk oyunda qırmızı vərəqə alan Kristian Şveqler isə cəza səbəbindən oynamayacaq. Ancaq əvəzində Ştedan İlzanker zədəsini sağaldaraq, kollektivə qoşulub. Onun bu gün meydana çıxması gözlənilir.

UEFA Reynaldoya…

Bu arada, UEFA Reynaldonun qırmızı vərəqəsinin ləğv olunması ilə bağlı “Qarabağ”ın müraciətinə cavab verib. Ali futbol qurumu “Qarabağ”ın müraciətinə rədd cavabı verərək, Reynaldoya verilən cəzanı qüvvədə saxlayıb. Buna görə də braziliyalı hücumçunun “Zalsburq”la görüşdə iştirak etmək ümidi tamam puç olub.

 

…Və qara lentlə “yox” dedi

“Qarabağ” son günlər cəbhə bölgəsində şəhid olan əsgərlərimizə görə də UEFA-ya müraciət edərək, futbolçuların “Zalsburq”la cavab oyununa qara lentlə çıxmalarını və şəhidlərimizin xatirəsini bir dəqiqləlik sükutla yad edilməsini istəyib. Düzdür, UEFA “Qarabağ”ın müraciətini anlayışla qarşılayıb. Ancaq qurum bu məsələnin sırf futbolla bağlı olmadığı üçün “Qarabağ”ın müraciətini qəbul etməyib.

Xatırladaq ki, “Zalsburq” – “Qarabağ” oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. İlk görüşdə 2:1 hesablı qələbə qazanan komandamız bu səddi aşa bilsə, ən azı Avropa Liqasının qrupunu təmin etmiş olacaq.