Qarabağ qazisi: Ordumuz hələ çox əfsanələri reallığa çevirəcək

0
252

Üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atdı. Bu, həm də dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi tariximizə həkk olundu. Bu zəfərdə düşmən tapdağı altında olan Lələtəpə istiqamətində gedən döyüşlərdə yaralanmış kapitan Hikmət Məmmədovun da müəyyən xidmətləri olub.

Hikmət Aydın oğlu Məmmədov 1985-ci il oktyabrın 5-də Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Çəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Leytenant kimi cəbhə bölgəsində xidmətə başlayıb. Aprel döyüşlərində sağlamlığını itirməsi ilə əlaqədar ordu sıralarından tərxis olunub.

İkinci qrup Qarabağ əlili, ehtiyatda olan zabit Hikmət Məmmədova ilk sualımız onun hərbiyə gəlişi ilə bağlı oldu. O, suallarımıza cavabında dedi:

– Hərbçi olmaq arzum olub. Atam da mənim bu arzumu dəstəkləyib. Yəni ailəmizdə bu istəyimə qarşı çıxan olmayıb. Odur ki,  hərbi liseyə qəbul olunmağım evimizdə böyük sevinclə qarşılanıb.

–  Düşmənlə üz-üzə gələrkən Azərbaycan Ordusunun heç nədən çəkinmədiyinin, rəşadətlə irəlilədiyinin şahidi olmusunuz. Deyə bilərikmi ki, bu, ümumilikdə, ordu sıralarında xidmət edən bütün əsgər və zabitlərin mənəvi-psixoloji döyüş ruhunun yüksək səviyyədə olmasının nəticəsi idi?

– Aprel döyüşlərində “Təki Vətən sağ olsun” deyərək irəliyə doğru hərəkət edən əsgər və zabitlərimizin Vətənə, torpağa olan sevgilərinin bir daha şahidi oldum. Bununla da onlar bir daha ordumuzun gücünü düşmənə göstərdi. İnanıram ki, elə bu sevgi ilə onlar düşmən tapdağı altında olan digər ərazilərimizi də azad edəcəklər.

– Yaralanmağınızı, döyüş bölgəsindən çıxarılmağınızı necə xatırlayırsınız? 

– Biz aprelin 1-dən 2-nə keçən gecə düşmən hücumunun qarşısını almaq məqsədi ilə döyüşə girdik. Elə həmin gün də demək olar ki, üç saat ərzində işğal altında olan xeyli ərazimizi düşməndən azad etdik. Aprelin 2-də isə düşmən tərəfindən atılan minomyot mərmisinin qəlpələrinə tuş gəldim. Nəticədə qarın nahiyəmdən, həmçinin başımdan ağır yaralandım. Çoxlu qan itirdiyimə görə yerimdən qalxmağa taqətim olmadı. Taqım komandiri, leytenant Afiq Rizvanlının və digər yoldaşlarımın köməkliyi ilə məni yaxınlıqdakı hospitala, oradan da Bakıya göndərdilər. Orada çətin, amma uğurlu əməliyyat olundum. Belə ki, başımdan bir neçə qəlpə çıxarıldı, amma həyati təhlükə yarana biləcəyindən ehtiyatlanaraq 4 qəlpəni çıxarmadılar. Çox şükür, indi, necə deyərlər, səhhətim yerindədir.

– Aprel döyüşlərinin iştirakçısı kimi düşmənin imkanlarını necə dəyərləndirərdiniz?

– Ermənistan ordusunu heç bir halda bizim ordumuzla müqayisə etmək olmaz. Bircə faktı deyim: biz ermənilərin qoyub qaçdıqları postlarına daxil olanda gördük ki, inanın, oralara it bağlasan belə qalmaz.

– Sizin kimi kapitan olmaq üçün xüsusi istedada malik olmaq lazımdır?

– Mənim fikrimcə, birinci növbədə hərbi savadın olmalıdır. Bilirsinizmi, indiki zəmanədə hərbi bilik çox önəmlidir. Hərbi biliyə malik olmadan uğur əldə etmək çox çətindir.

– Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsınız?

– Əsgər və zabitlərimiz torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın növbəti əmrini gözləyirlər və bu əmri qısa zamanda həyata keçirmək əzmindədirlər. Doğrudur, mən hazırda ehtiyatda olan zabitəm. Amma bunun, əgər belə demək mümkünsə, mətləbə dəxlə yoxdur. Yəni cənab Ali Baş Komandan əmr edərsə, yaralanmağıma baxmayaraq, yenə də torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram.

– Bu gün sizə olan diqqət və qayğıdan razısınızmı?

– Hazırda bizə yüksək diqqət və qayğı göstərilir. Buna görə ölkə başçımıza, eləcə də  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, iş adamları da bizimlə maraqlanırlar. Məsələn, mənzil şəraitimin yaxşılaşdırılmasına iş adamı Füzuli Məmmədov yardım edib. Milli Məclisin deputatı Adil Əliyev isə əməliyyata ehtiyacı olan ailə üzvlərimdən birinə öz köməyini əsirgəməyib. Daha doğrusu, əməliyyat xərclərini üzərinə götürüb.

– Şıxarx qəsəbəsində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş hərbçilərimizin  xatirəsinə ağacəkmə aksiyası keçirilib. Səhv etmirəmsə, siz də həmin aksiyanın iştirakçısı olmusunuz. Bu aksiya zamanı nələri xatırladınız?

– Şəhid olmuş döyüş yoldaşlarımın hər birini… Onlarla birgə keçirdiyim günlər bir sənədli film kimi gözlərim qarşısında canlandı. Elə orada onların ruhlarına hesabat verirmiş kimi dedim: “Mənim vətənpərvər qardaşlarım, zəhmətiniz hədər getmədi. Bizə illərdən sonra qələbə sevincini yaşatdınız, üçrəngli bayrağımızı Lələtəpədə dalğalandırdınız. Düşmən tapdağı altında olan ərazilərimizin bir qismi məhs sizin sayənizdə azad olundu. Şühbəsiz, azad edilməkdə davam edəcək. Axı buna qadir olduğumuzu siz əyani şəkildə hər birimizə göstərdiniz”.

– Müxtəlif tədbirlərdə iştirak edirsiniz. Həmin görüşlərdə sizin ən çox diqqətinizi çəkən məqamlar hansılardır?

– Bu gün bizə əfsanəvi insanlar kimi baxırlar. Şübhəsiz, mən bunu təbii qəbul edirəm. Bu mənada ordumuz hələ çox əfsanələri reallığa cevirəcək. Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyi, eləcə də xalq-iqtidar birliyi də diqqət çəkən məqamlardandır.

–  Bir hərbçi kimi fəaliyyətiniz yetərincə dəyərləndirilibmi?

– Azərbaycan Ordusunda xidmət etdiyim üçün həmişə qürur duymuşam və bu xidmətlərim komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilib. Belə ki, Müdafiə Nazirliyi tərəfindən Aprel döyüşlərində göstərdiyim xidmətlərimə görə “Fərqlənməyə görə” və “Vətən naminə” medalları ilə təltif olunmuşam.

– Bu gün darıxanda hara üz tutmağa üstünlük verirsiniz?

– Şəhidllər xiyabanına… Onu da deyim ki, orada komandirim, polkovnik-leytenant Raquf Orucovun məzarı başında daha çox dayanıram.

– “İki sahil” qəzeti vasitəsilə gənc nəslə nələri tövsiyə etmək istərdiniz?

–  Müşahidələrimə əsasən deyə bilərəm ki, gənclərimiz Aprel döyüşlərində qazanılan qələbələrdən çox ruhlanıb, həmin döyüşlərdə şəhid olmuş əsgərlərimizin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirirlər. Fikrimcə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaəti bir nümunədir. Odur ki, onları sosial şəbəkələrdə fəallıq göstərərək qəhrəmanlarımızı tanıtmağa, onlar haqqında daha çox paylaşımlar etməyə çağırıram.

Qvami Məhəbbətoğlu, “İki sahil”