Qarabağ qazisi: Onların yüksəldiyi zirvəyə ucala bilmədim

600

Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Aprel qələbəsində xidmətləri olanlardan biri də Üzeyir Nəcəfovdur.

İkinci qrup Qarabağ müharibəsi əlili Üzeyir Nəcəfovun dediyinə görə, hələ uşaqlıq illərindən hərbi sənətinə marağı olub: “Erməni daşnaklarının torpaqlarımızı işğal etmələrini, minlərlə soydaşımızı yurd-yuvalarından didərgin salmalarını, qız-gəlinlərimizi əsir götürmələrini eşitdikdən sonra hərbçi olmağı və düşməndən intiqam almağı qarşıma məqsəd qoydum. Lakin ailənin tək oğlu olduğum üçün valideynlərim bu seçimimə qarşı çıxdılar. Bu səbəbdən hərbi sahədə təhsil ala bilmədim. Amma yenə inadımdan dönmədim. Belə ki, həqiqi hərbi xidmətdən sonra snayper kursunda bu silahın incəliklərinə yiyələndim. Kursu başa vurandan sonra ön xətt briqadasının snayper taqımında xidmətimi davam etdirdim və bir neçə tapşırığı uğurla yerinə yetirdim. Daha sonra məni briqada tərkibində yeni təşkil edilmiş xüsusi təyinatlı kəşfiyyat qrupuna kəşfiyyatçı-snayper kimi qəbul etdilər”.

Aprel zəfərindən söz açan müsahibimiz bildirdi ki, həmin döyüşlər bizim milli ruhumuzu silkələdi: “Üstəlik, erməni daşnaklarına, eləcə də onların havadarlarına Milli Ordumuzun qüdrətini göstərdi. Şəxsən mən Lələtəpə istiqamətində gedən döyüşlərdə 7 düşmən postunun ələ keçirilməsində iştirak etdim. Düşmənin necə qaçdığının, bizdən necə imdad dilədiyinin şahidi oldum. Bununla da demək olar ki, qismən də olsa işğalçılardan intiqamımı aldım”. 

Füzulinin Kərimbəyli kəndində boya-başa çatmış Üzeyir Nəcəfov vurğuladı ki, ordumuzun müasir silahlarla tam təmin olunması gerçəklikdir: “Amma bir məsələni unutmayaq ki, müasir döyüşlərdə qələbə qazanmaq üçün inam və ruh da əsas rol oynayır. Belə bir inamı, ruhu isə bizə bizimlə birgə döyüşlərə atılmış komandirlərimiz verirdilər. Məsələn, mənim hərbi hissə komandirim, mayor Şükür Həmidov (hazırda o, polkovnik-leytenant rütbəsindədir) kimi… Elə bu kimi xidmətlərinə görə də o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

“Döyüş meydanından çıxmaq istəmirdim”

Həmsöhbətimiz yaralanmasını belə xatırladı: “Hava işıqlaşana yaxın biz Lələtəpənin qarşısında yerləşən və hündürlükdə heç də ondan geri qalmayan bir təpəyə doğru hərəkət etdik. Bu zaman mühərriki işlək vəziyyətdə olan UAZ markalı avtomobillə rastlaşdıq və onu atəşə tutduq. Belə qənaətə gəldik ki, təpədəkilər komandir heyətindəndir. Həmin təpəyə yaxınlaşarkən ermənilər təpənin içərisində inşa etdikləri kazarmadan bizə atəş açdılar. Əvvəlcə elə zənn etdik ki, orada 3-5 nəfər var. Amma sonradan məlum oldu ki, orada 9 nəfər gizlənibmiş. Biz həmin kazarmanı qumbaraatanla vurduq. Bir müddət araya səssizlik çökdü. Öndə olduğum üçün mən və bir də taqım komandirim içəri girməyə cəhd etdik. Bu zaman bizə məlum olmayan yeraltı keçidlə qaçmaq istəyən polkovnikin yoluna çıxdım. Sən demə, o məni nişan alıbmış. Mən onu görən kimi özümü itirmədən kənara atıldım. Amma düşmənin açdığı atəşlərdən tam yayına bilmədim. Nəticədə 4 güllə yarası aldım. Taqım komandirim isə onu  cəhənnəmə vasil elədi. Uzun sözün qısası… Yoldaşlarım məni çətinliklə döyüş meydanından çıxardılar. Sözün düzü, yaralı olmağıma baxmayaraq, döyüş meydanından uzaqlaşmaq istəmirdim. Hətta məni oradan uzaqlaşdıran silahdaşlarıma da bununla bağlı etirazımı bildirdim”.

Yeri gəlmişkən qeyd edək ki, Lələtəpə yüksəkliyini fəth edən zabitlərimizdən biri – Silahlı Qüvvələrimizin polkovniki, Milli Qəhrəman Şükür Həmidov müsahibələrinin birində Piriyev qardaşları ilə birgə Üzeyirin də bu mərdliyindən ətraflı söz açıb.

Daha sonra şəhid olmuş silahdaşlarını – Nicat İsgəndərovu, Ruhin Qəhrəmanovu, Elnur Əliyevi, Orxan Həmidovu və digərlərini xatırlayan və onların ruhlarına dualar oxuyan Üzeyir Nəcəfov sanki böyük günah işlədibmiş kimi dedi: “Təəssüf ki, mən onların yüksəldiyi zirvəyə ucala bilmədim”. Dediyinə görə, onlar yadına düşəndə səngərlərimizə, əsgərlərimizin yanına üz tutur. O, həmçinin hər zaman, hər an cənab Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazır olduğunu da bildirdi: “Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi daha düşmənin atəşi altında deyil. Kənddə abadlıq işləri görülüb, yeni evlər tikilib. Kənd sakinlərinin doğma yurd-yuvalarına qayıtması təmin olunub. Bu isə o deməkdir ki, növbəti ayaq basacağımız ərazilər Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan… olacaq. O yerlərdə də belə abadlıqların şahidi olacağıq”.

“Oğlumu hazırlayıram”

Üzeyir Nəcəfov oğlu üçün hərbi forma tikdirib. Dediyinə görə, onu hərbçi-kəşfiyyatçı kimi görmək istəyir: “Çünki bu gün mənim Vətənimin torpaqlarının bir hissəsi hələ də ermənilərin işğalı altındadır. Həmin əraziləri azad etmək üçün isə ürəyində Vətən sevgisi olan əsgər və zabitlərimizə daha çox ehtiyac var. Gənclərimizə isə tövsiyəm belədir:  “Vətəni sevsinlər, milli dəyərlərimizə önəm versinlər. Hansı sahədə çalışmalarından asılı olmayaraq, öz peşələrinin biliciləri olsunlar. Dövlətimizin daha da inkişaf etməsinə öz dəyərli töhfələrini versinlər. Zənnimcə, belə olsa,  istədiyimiz hər bir şeyə nail olacağıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”