Qarabağ qazisi İlham Həmidov: “Onu hansı pulla ala bilərdim?”

745

Azərbaycanın vətənpərvər oğullarından biri, birinci qrup Qarabağ əlili, Qarabağ qazisi, kəşfiyatçı İlham Həmidov, demək olar ki, ilin 9 ayını xəstəxanalarda keçirir. Odur ki bu barədə söz düşəndə o, həmişə belə deyir: “Xəstəxana artıq mənim evimə çevrilib”. Hazırda İlham bəy yenə xəstəxanadadır. (Yeri gəlmişkən, ötən il də biz onunla xəstəxanada görüşmüşdük. Onda ağır kəllə beyin travması, ağır osteoporoz, kontuziya, şəkər xəstəliyindən əziyyət çəkən Qarabağ qazisinin vəziyyəti çox ağır idi. Onun ağrılarını üzünün cizgilərindən də açıq-aydın oxumaq olurdu).

Bu dəfə isə onu çox gülərüz gördük. Təbii ki, onun bu durumu bizi də çox sevindirdi. O son günlər vəziyyətinin yaxşı olmasını belə izah etdi: “Bildiyiniz kimi, Mingəçevirin səhiyyə sistemində islahatlar aparılıb. Bu mənada Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması, əhalinin sağlamlığının qorunmasına İcbari Tibbi Sığorta Sistemi öz töhfəsini verməkdədir. Bir sözlə, Mingəçevirdə İcbari Tibbi Sığorta Sisteminin  tətbiqi mənim kimi xəstələrin şəfa tapmasının bir qarantı olub. Zənnimcə ki, Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi şəhərimizin iqtisadiyyatımızda oynadığı rolla bağlıdır”.

O daha sonra dedi: “Bəli, mən bu gün özümü çox yaxşı hiss edirəm. Burada yaradılan şərait, diqqət və qayğı ürəyimcədir: təmiz otaqlar, müasir standartlara cavab verən tibbi avadanlıqlar, dövlət tərəfindən verilən iynə, dərmanlar, gündə 3 dəfə də yemək… Onu da əlavə edim ki, müalicəmdə istifadə olunan iynə-dərman hazırda yerləşdiyim xəstəxananın balansında yoxdur. Amma xəstəxana onları təşkil edir. Yeri gəlmişkən, ildə bir dəfə mənə qiyməti 650 manat olan bir iynə vurulmalıdır. İndi İcbari Tibbi Sığorta Sisteminin güzəşti ilə bu iynə mənə vurulur. Onu mən hansı pulla ala bilərdim? İnandırım sizi, bir il bundan əvvəl səhhətimdən yaranan ağır ağrılara dözə bilmirdim. Nə gizlədim, həyatımdan bezmişdim”.

Bu yerdə söhbətinə ara verən Qarabağ qazisi az sonra: “Bu günümə min şükür deyərək”, – söhbətini davam etdirdi: “Sosial Müdafiə Nazirliyinə ərizə ilə dəfələrlə müraciət etmişdim ki, müalicəm xaricdə aparılsın. Amma İcbari Tibbi Sığorta Sistemi bu şəhərdə bərqərar olandan bəri bu bəladan, sözün həqiqi mənasında, qurtuldum. İndi özümü çox yaxşı hiss edirəm. Mən buna görə dövlətimizin başçısına, həmçinin bu layihəni tətbiq edənlərə, xəstəxananın rəhbərliyinə – Könül həkimə, həmçinin Leyla həkimə, Ruxsarə həkimə, Cahid həkimə, tibb bacılarına – Bahar xanıma ,Tünzalə xanıma, Reyhan xanıma, Samirə xanıma çox minnətdaram. Onu da deyim ki, xəstəxanın həkim və tibb bacıları mənə, sözün həqiqi mənasında, mənə ana-bacı qayğısı göstərirlər”.

 

Məlumat üçün bildirək ki, İlham Həmidov 1971-ci ildə Mingəçevirdə anadan olub. Hüquqşünas olmaq istəyib. Lakin mənfur ermənilərin bədnam əməlləri onun bu arzusunu ürəyində qoyub. Belə ki, o zaman 17 yaşlı İlham ermən daşnaklarına mübarizə aparmaq məqsədilə Şuşaya gəlib. Amma yaşının az olması səbəbindən onu könüllülər batalyonuna qəbul etməyiblər. (Onu da qeyd edək ki, həmin vaxt ölkəmiz sovet imperiyasının tərkibində idi). 1990-cı ildə 18 yaşı tamam olan İlham Həmidov sovet ordusu sıralarına çağrılır. Vladivostoka, oradan da Saxalinə göndərilir. 1992-ci ilin mayında o, hərbi hissədə olarkən televiziyadan Şuşanın işğalı haqqında məlumat eşidir. Bu xəbərdən sarsılan İlham bəy artıq hərbi hissədə qərar tuta bilmir. Elə həmin gün o heç kimə heç nə demədən təyyarəyə bilet alıb Azərbaycana uçur. Hərbi komissarlığa müraciətindən sonra onu şəxsi keyfiyyətlərinə görə könüllülər dəstəsinə yox, birbaşa Bakıya – Xüsusi Təyinatlı Dəstəyə göndərirlər. Bir müddət sonra İlham bəy Xüsusi Təyinatlı Dəstənin tərkibində  Qarabağa ezam olunur. Onun ilk döyüşü Ağdam istiqamətində Qalayçı və Qazançı kəndlərinin müdafiəsi ilə başlayır. 1992-ci ilin ikinci yarsından İlhamın döyüş yolu Çıldıran, Sırxavənd, Baş Güneypüyü, Abdal- Gülablı, Naxçıvanik kəndlərindən keçir. Bir müddət sonra isə İlham Həmidov kəşfiyyat qrupuna salınır. O bu qrupdaki günlərini belə xatırlayır: “Bizim batalyona “dəmiryeyənlər batalyonu” deyirdilər. Onu da deyim ki, biz texnikadan istifadə etmədən vuruşurduq. Rəhmətlik Salam, Azad, Elsevər, Ərəb, Qəqəni bizimlə birgə vuruşub. Çox ağır döyüşlər idi, çox ağır”.

İlham Həmidov bir kəşfiyyatçı kimi tez-tez tapşırıqlar alır. Özünün dediyi kimi, bu tapşırıqlar onlar üçün o qədər də çətin gəlmirdi. Hər bir tapşırıq da yerinə yetirilirdi. Bir gün o, evinə baş çəkməli idi. Lakin həmin gün yeni tapşırıq verilir. Odur ki, o, evə baş çəkmək fikrindən daşınır. Döyüş yoldaşları ilə birgə QAZ-66 avtomobilində Ballı Qaya ərazisinə gəlirlər. Həmin günlərdə isə Ballı Qayanın ermənilər tərəfindən ələ keçirilmişdi. İlham və döyüş yoldaşlarının isə bundan xəbərləri yox idi. Onlar Ballı Qayaya çıxanda minamyotun snaryadı yanlarına düşür… İlham gözünü açanda özünü əlləri bağlı qarın üstündə görür. Elə həmin gündən İlham Həmidov 3 il 6 ay erməni əsirliyində olur.

Aldığı işgəncələrə və travmalara baxmayaraq ailəsinin yanına qayıtmaq istəyi ona dözüm və səbr verir. Nəhayət, 1996-cı ilin may ayında dahi rəhbər Heydər Əliyevin hərbi əsirlərin dəyişləməsi ilə bağlı razılıq əldə olunur. İlham may ayının 10-da Azərbaycana qayıdır. Həmin gündən söz düşəndə isə o belə deyir: “Mənim doğum günüm noyabrın 7-si idi. Amma doğum günümü hər il mayın 10-da – ikinci dəfə həyata gəldiyim gün qeyd edirəm”.

Söhbətinin bu yerində döyüş yoldaşlarını xatırlayan İlham Həmidov bir qədər kövrəldi. Az sonra isə dedi: “Onu da deyim ki, əsirlikdə qolumu, ayağımı sındıranda Allah şahidimdir ki, gözlərimdən yaş gəlmədi, amma Şəhidlər xiyabanına gözümdə yaş olmadan girə bilmirəm”.

 

Esmira Hidayətova, Mingəçevir