Qarabağ qazisi: Elə bildim ki, qumbara atdılar…

864

Tariximizin şanlı səhifələrindən biri də Aprel döyüşləridir. 2016-cı ilin aprel ayında demək olar ki, hər kəsin narahatlığı cəbhədəki vəziyyətlə bağlı idi. Qürurverici hadisə o oldu ki, aprel döyüşləri qələbəmizlə nəticələndi. Bu zəfərdə söz sahibi olanlardan biri də Qarabağ qazisi Səməndər Manafovdur.

– Cənab baş leytenant, bəlkə söhbətimizə özünüz haqqında məlumatla başlayaq?

– 1990-cı il avqustun 16-da Kürdəmir rayonunun Xınıslı kəndində dünyaya göz açmışam. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşam. Liseyi bitirəndən sonra isə Heydər Əliyev adına Hərbi Akademiyada təhsilimi davam etdirmişəm. Onu da deyim ki, bu  məktəblərdə çox şeylər öyrənmişəm və təcrübəli hərbçilərin, komandirlərin tövsiyələrindən, məsləhətlərindən faydalanmışam. 2011-ci ildə leytenant rütbəsi alaraq ön cəhbəyə yollanmışam. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurmuşam.

-Hərb sənətini seçməyiniz təsadüfi olub, yoxsa?

– Yox… Mən hələ kiçik yaşlarımdan, əgər belə demək mümkünsə, ağlım kəsəndən hərblə bağlı filmlərin vurğunu olmuşam. “Uzaq sahillərdə” filminə isə dəfələrlə baxmışam və həmin ekran əsərinin qəhrəmanı Mehdi Hüseynzadənin şücaətinə yaxşı mənada qibtə etmişəm. O mənim idealım olub. Bir də… bu sənəti seçməyimdə ərazilərimizi işğal etmiş ermənilərə olan nifrətim önəmli rol oynayıb. Atam da məni hərbçi kimi görmək istəyirdi.

-Aprel döyüşü sizin ilk döyüşünüz olub?

– Yox, aprelə qədər bir neçə döyüşdə olmuşdum. Onlardan biri barədə danışmaq istərdim. 2014-cü ilin avqustunda Ağdam istiqamətində düşmən təxribatının qarşısını alarkən 12 nəfərdən ibarət dəstəmiz pusquya düşdü. Buna baxmayaraq mühasirəni yarmağa və 40-50 nəfərdən ibarət erməni dəstəsini məhv etməyi bacardıq. Həmin döyüşdə “kəşfiyyatın Mixaylosu” kimi tanınan kapitan Mühüd Orucov da bizimlə idi. Daha doğrusu, o qrup komandiri idi, mən də müavini.  Həmin döyüşdə Pərvin Əliyev, Elçin Əliyev, Rahid Hüseynov şəhid oldular. Yeri gəlmişkən, ölkə başçısı N saylı hərbi hissədə həmin döyüşün iştirakçıları ilə görüşdü və bizə mükafatlar təqdim etdi. Həmin mükafat mənim aləmimdə çox qiymətlidir.

– O mükafatın nə olduğunu bilmək olarmı?

– “Tissot” markalı qol saatı idi. O hədiyyəni göz bəbəyim kimi qoruyuram. Özü də bir qayda olaraq ondan toy məclislərində və bir də rəsmi tədbirlərdə istifadə edirəm.

– Həmin mükafat təqdim olunarkən hansı hisslər keçirdiniz?

-Sözün düzü, o hissləri nəql etməyə söz tapmaqda çətinlik çəkirəm. Amma onu deyə bilərəm ki, Prezidentdən, Ali Baş Komandandan belə bir mükafat almaq hər bir zabit üçün şərəfdir. Mən də bu şərəfə nail olmuşam. Bir məsələni də vurğulamaq istərdim. Ümumiyyətlə, biz döyüşçülər əsla mükafata görə vuruşmuruq. İşğal altındakı ərazilərimizi azad etmək bizim borcumuzdur.

– Bəs Aprel döyüşləri barədə nələr deyə bilərsiniz?

-Bəribaşdan deyim ki, Prezidentimizin də bildirdiyi kimi, Aprel döyüşləri Azərbaycan Ordusunun böyük tarixi qələbəsi, müasir tariximizin ən uğurlu hərbi əməliyyatlarından biridir. Bu döyüş bir daha göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır.

Mən o döyüşlər zamanı əvvəlcə 12 nəfərdən ibarət dəstəmizlə Goranboy istiqamətində döyüşürdüm. Düşmənin bir taborunu məhv etdik. Sonra isə Ağdərənin Talış kəndi istiqamətinə göndərildim. Amma nə gizlədim, hər dəfə Aprel döyüşlərindən söz düşəndə öz çevikliyi ilə fərqlənən kapitan Mühüd Orucov gözlərim qarşısında canlanır. O həmişə deyirdi ki, erməni kimdir ki, üzbəüz gələndə məni güllə ilə vursun. O həmin döyüşdə uzaqdan atılan tank mərmisinin qurbanı oldu. Aprel döyüşlərində Toğrul Fərəczadə, Seymur Baxışov, Şahin Cavadzadə, Teymur Qasımov… şəhid oldular. İndi mən onların ailələri ilə əlaqə saxlayıram. Onları heç zaman unutmayacağam.

-Bəs yaralanmağınızı necə xatırlayırsınız?

-Bizə xəbər gəldi ki, qrup komandiri Ağasəmi Şahgəldiyevin qrupu mühasirəyə düşüb. Düşmənin canlı qüvvəsini məhv edərək onların səngərinə yaxınlaşdıq. Birdən ayağımın altında partlayış hiss etdim. Elə bildim ki, qumbara atdılar. Sən demə, minaya düşmüşəmmiş. Yerə yıxıldım. İstədim qalxam, amma bacarmadım. Sol ayağıma baxıb gördüm ki, çox ağır yaralanmışam. Sağ ayağım da zədələnib. Dedim, Vətən sağ olsun, təki itirdiyim ayağım olsun. Yaddaşım pozulan təhər oldu.  Buna baxmayaraq, özümü itirmədim, yəni Allahdan mənə güc gəldi, məndən bir az kənara düşmüş avtomatımı birtəhər götürüb, onun darağını dəyişib yerimdə döyüş mövqeyimi tutdum və mənə tərəf gələn 3 ermənini cəhənnəmə vasil elədim. Sonra isə özüm-özümə ilk tibbi yardım göstərdim.

– Bəs sizi oradan uzaqlaşdıran silahdaşınız yadınıza gəlirmi?

– Bəzi səbəblərdən onun adını açıqlamaq istəmirəm. Amma həmin o silahdaşım çox böyük risk etdi. O məni çiyninə qoyub minalanmış ərazi ilə qaçmağa başladı. Halbuki hər an minaya düşmək təhlükəsi var idi. Bilirsinizmi, minalanmış sahənin bir xüsusiyyəti var:  birinə düşməsən, digərinə düşməlisən. O məqamda Allah bizim ikimizi də qorudu. Sən demə, mənim xilaskarım heç özü də bilmədən ayaqlarını harada boşluq var, ora atıbmış. Bu mənada bizim sağ qalmağımızı bir möcüzə kimi də dəyərləndirmək olar.

– O anlarda gözləriniz qarşısında nələr, kimlər canlandı?

– Mənimlə nəfəs alan, hər dəfə evə gələndə qucağıma yüyürüb atılan  və o zaman 4 yaşında olan övladım Sinan…

-Şəhid ailələrinə, qazilərə göstərilən qayğı və diqqət sizi qane edirmi?

– Bayaq dedim, biz hansısa şəxsi məqsəd naminə döyüşlərə atılmırıq, şəhid, ya qazi olmuruq. Buna rəğmən, dövlətimiz bizi diqqət mərkəzində saxlayır. Şəxsən mən mənzillə təmin olunmuşam, birinci qrup Qarabağ əlili kimi normal pensiya alıram. Qazı olmağıma baxmayaraq, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kəşfiyyat ixtisası üzrə müəlliməm. Üstəlik, maşın növbəsinə də götürülmüşəm. Göstərdiyim xidmətlərə görə ölkə başçısı tərəfindən “Üçüncü dərəcəli” medal ilə təltif edilmişəm. Bir məsələdən də söz açmaq istəyirəm. Prezidentimiz, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərirlər. Mən də bundan bəhrələnmişəm. Belə ki, Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunmuşam.

-Elə isə bir qədər də müalicə prosesindən söz açasınız…

– Gəncə hospitalında sol ayağımı dizdən aşağı amputasiya etdilər. Sonra məni helikopterlə Bakıya göndərdilər. Burada həkimlər sağ ayağıma baxıb dedilər ki, qanqrena ola bilər, odur ki, o da amputasiya olunmalıdır. Həkimlərdən biri – polkovnik-leytenant Mahir Əliyev mənim sol ayağımın kəsildiyini görüb çox mütəəssir oldu. Dedi ki, bu xəstə ilə şəxsən özüm məşğul olacağam. O, düz bir ay mənim sağ ayağımın müalicəsi üzərində çalışdı. İnandırım sizi heç evə də getmirdi. Uzun sözün qısası, beləcə, həmin həkim sağ ayağımın yalnız daban hissəsini amputasiya etməklə mənə sevinc bəxş etdi.

– Aprel döyüşlərindən 3 il keçir… Yolunuz erməni işğalından azad edilmiş ərazilərimizə düşübmü?

-Əlbəttə. Elə hospitaldan çıxan günü oğlumla birgə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələtəpəyə yollandım və orada bir qurbanlıq kəsdim. Bu günə qədər oğlumla orada bir neçə dəfə olmuşam.

– Yeri gəlmişkən, oğlunuza orada nələr danışdınız?

– Cocuq Mərcanlını oğluma göstərib dedim ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində indi insanların təhlükəsiz yaşaması mümkün olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Cocuq Mərcanlı qısa müddətdə təzədən tikilib-qurulub. Burada hər cür şəraiti, o cümlədən işığı, suyu, qazı olan rahat evlər inşa edilib. Kəndin uşaq və yeniyetmələri müasir məktəb binasında təhsil alırlar. Kənddə Şuşa məscidinin bənzəri də istifadəyə verilib. Sevinirəm ki, bu zəfərdə mənim də payım var… Bu zaman oğlum dedi ki, bəs işğal altında olan digər ərazilərimiz ermənilərdən nə vaxt azad olunacaq? Dedim, darıxma, oğul, həmin əraziləri də azad edəcəyik. Hə, yeri gəlmişkən, oğlum hərdən deyir ki, ata, sənin ayağını mərmi qoparıb, dəmir, yəni protez “ayaq” düzəltdirmisən ki, onu daha güllə, mərmi zədələməsin? Ata, bu dəfə döyüşə girsən sənə daha heç nə bata bilməz. Oğlum da mənim yolumu davam etdirmək niyyətindədir.

– Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

-Bu il birinci sinfə gedəcək oğlumla şahmat oynayıram.

Qvami Məhəbbətoğlu, “İki sahil”