Qarabağ qazisi: Bizi irəli aparan inam idi

Azərbaycan Prezidenti, Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 gün davam edən Vətən müharibəsində öz hərbi qüdrətini bir daha göstərdi. Ordumuz, həmçinin düşmən üzərində zəfər qazanmaqla erməni ordusu barədə uydurulan yalançı mifləri də darmadağın etdi. Bu gün hər birimiz torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsi üçün canını fəda edən əsgər və zabitlərimizə minnətdarlıq edir, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.

44 günlük Vətən müharibəsində iştirak edən və qələbədə payı olan oğullarımızdan biri də Bayramov Rahul Mərdan oğludur. Rahul Lerik rayonunda dünyaya göz açıb. O, 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Tərtər rayonundakı  “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayanda o da döyüşlərə atılıb. Talış kəndi və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezidentin Sərəncamı ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Rahul Bayramov  savaşdan qazi kimi qayıdıb.  O, oktyabrın 14-də Suqovuşan uğrunda gedən döyüşdə 4 qəlpə yarası alıb. Həkimlər rəy veriblər ki, qəlpələrin çıxarılması onun sağlamlığı üçün risklidir. Onlar fizioterapiya vasitəsilə Rahulun 1 ilə yaxın müddətə ayağa qalxacağını bildiriblər.

Rahul Bayramov “İki sahil” qəzetinə açıqlamasında yaralansa belə düşməndən qisasını aldığını söylədi. Eyni zamanda döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda – torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə vurğuladı:  “Hətta mən deyərdim ki, 27 ilin həsrətini 44 günə bitirən Azərbaycan Ordusunun hər bir əsgər və zabiti bu Qələbəyə görə hər cür ehtirama, tərifə layiqdir. Onları irəli aparan inam idi. Yeri gəlmişkən onu da qeyd edim ki, Ali Baş Komandan İlham Əliyev müharibə günlərində verdiyi hər bir açıqlamasında rəşadətli ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirdiyini vurğulayırdı. Bəli, ordumuzun gücü, qüdrəti, həmçinin Ali Baş Komandanımızın düşünülmüş siyasəti sayəsində Vətən müharibəsinin sonunda tarixi Qələbənin bizim olacağına hər kəs inanırdı. Bu inamın formalaşmasında xalqımızın bir yumruq kimi birləşərək əsl dövlət-ordu birliyini nümayiş etdirməsi də önəmli rol oynadı. Hətta mən deyərdim ki, həmin günlərdəki dəmir yumruğumuz döyüş meydanındakı hər bir əsgər və zabitimizin güvənc yeri oldu.”

 

Yaralı əsgərimiz ona göstərilən diqqətdən da razı qaldığını dilə gətirdi: “Təkcə mənə deyil, Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə, eləcə də döyüş meydanında olan bütün hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlığımı bildirməyi özümə borc bilirəm.”

Qvami Məhəbbətoğlu, “İki sahil”