Qarabağ qaziləri: “İnsanlarımızdakı döyüş əhvali-ruhiyyəsini çox yüksək qiymətləndiririk”

0
359

Son günlər erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş ordumuzun bu uğurları hər kəsin ürəyincədir. İnsanlarımızda böyük ruh yüksəkliyi, döyüş əzmi var. Ötən ilin avqustunda cəbhədə baş verənlərdən fərqli olaraq, indi əksər insanlar və saytlar dezinformasiya xarakterli məlumatlar yaymır, düşmənin təxribatına uymurlar. Mövzu ilə bağlı suallarımızı keçmiş döyüşçü və könüllülərə ünvanladıq.

“Qoşunlarımızın qəhrəmanlığı
düşməndə qıcıq yaradır”
Hərbi ekspert Üzeyir Cəfərov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində mövzunu belə şərh etdi: “Mən insanlarımızdakı əhvali-ruhiyyəni, birliyi çox yüksək qiymətləndirirəm. Əvvəlki vaxtlardan fərqli olaraq, bu gün Azərbaycan vətəndaşları özlərini, belə deyək, ordusu ilə bərabər hiss eləyir və baş verənlərə çox normal, ağıllı və təmkinli münasibət göstərirlər. 2014-cü ilin avqustunda sosial şəbəkələrdə, mətbuatda dəqiqləşdirilməmiş, təsdiq edilməmiş məlumatların yayılmasından fərqli olaraq, bu dəfə daha çox Müdafiə Nazirliyinin verdiyi məlumatlara istinad olunur və düşmənin diversiya xarakterli, dezinformasiya xarakterli məlumatlarından istifadə edilmir; bu nöqteyi-nəzərdən çox yaxşıdır. Gün ərzində aktiv əməliyyatlar gedir deyə yaxşı olardı ki, Müdafiə Nazirliyi məlumatları ictimaiyyətə və mətbuata daha operativ şəkildə çatdırsın ki, düşmən bu vaxtdan istifadə eləyib hər hansı bir dezinformasiyanı, yalanı dövriyyəyə buraxmasın. Azərbaycan bu gün haqq uğrunda vuruşur və öz ərazi bütövlüyünün təmin olunması və separatçılardan təmizlənməsi üçün əlindən gələni eləyir. Ona görə də qoşunlarımızın qəhrəmanlığı düşməndə qıcıq yaradır və onlar belə deyək, ordumuzu gözdən salmaq üçün təxribatlara əl atırlar. Bunların qarşısını almaq üçün hamımız əlbir olmalıyıq. İstər sosial şəbəkələrdə, istər mediada çalışmalıyıq ki, düşmən bu faktorlardan istifadə eləməsin. Ümumilikdə götürəndə çox yaxşı haldır, mən sevinirəm ki, 2014-cü ilin avqustunda baş verənlərdən sonra müəyyən təcrübə var və insanlar lazım olan dəstəyi verirlər. Lakin tam ideal vəziyyət demək olmaz. Bu da təbiidir. Çalışmaq lazımdır ki, ordumuza bundan sonra da dəstək olaq, ordumuzun uğurlarının üstünə uğurlar gətirək”.
Üzeyir Cəfərov Bakıdan cəbhəyanı rayonlara könüllülərin üz tutması xəbərlərinə belə münasibət bildirdi: “Mən indiki halda buna heç bir əsas, lüzum görmürəm. Mən bu insanları başa düşürəm, təşəkkür eləyirəm, belə deyək də, əsgərlərimizin yanında olmaq cəhdlərinə görə. Amma indiki halda onların orada olması yaxşı halla bərabər, müəyyən problemlərdə yarada bilər. Ona görə ki, əsgərlər konkret olaraq komandirlərin nə demək istədiklərini bilirlər, amma kənardan gələn şəxslər bir qədər ola bilsin ki, ümumi ab-havaya maneçilik törətsinlər.
Bir məqamı da qeyd etmək istəyirəm – cəbhədəki bu vəziyyət uzunmüddətli olarsa, yaxşı olar ki, Müdafiə Nazirliyi Qarabağ savaşında iştirak eləmiş könüllülərin gənc əsgərlərimizlə birgə olmasına şərait yaratsın. Döyüş görməmiş əsgərlərimizə, heç olmasa, mənəvi dəstək olmaq üçün 1990-cı illərin əvvəlində cəbhədə döyüşmüş insanların səngərlərdə olmasına şərait yaradılmalıdır. Hər halda bunun yaxşı tərəfini düşünmək, dəyərləndirmək olar və ancaq ümumi əhvali-ruhiyyənin üzərinə xoş ovqat gətirər”.

“Könüllülər arasında
sevincindən ağlayanlar da var”
Qarabağ müharibəsinin könüllü iştirakçısı, ilk snayper qadın Növrəstə Yusifovanın isə sualımıza cavabı belə oldu: “Əhvali-ruhiyyə çox gözəldir. Cəbhədə baş verənləri izləyirəm, amma heyfsilənirəm. Niyə? Çünki biz orada deyilik? Nə olar, bizi aparsınlar cəbhəyə. Biz könüllülər əlimizdən nə gəlirsə, kiçik də olsa dəstəyimizi göstərək. Təkcə arzuladığım budur. Keçmiş könüllülər bir-birimizi təbrik edirik, ancaq deyirik ki, heyif, orada deyilik. İcazə versinlər döyüşümüzü davam etdirək. Könüllülərin cəbhədə yeri ayrıdır. İnsanlarımızdakı döyüş-əhvali ruhiyyəsini görüb çox sevinirəm. Mən bilsəm ki, Bakıda cəbhəyə kimsə gedib, nə isə bir iş görür, günü bu gün ora yollanaram. Gecə saat 4-ə qədər yatmırıq, cəbhədə baş verənləri izləməyə çalışırıq, hansısa xəbər olanda zəngləşirik. Xəbərləri o qədər də izləməyən bizlər, loru dillə desək, sallanıb qalmışıq ekranın qarşısında. Əsas qidamız xəbərlərdir. Şəhidlərimizin yerinə sevinirəm ki, vətən uğrunda şəhid olublar. Orada yüksəkliklər alınırsa, hansısa irəliləyiş varsa, erməniyə kiçik də olsa bir zərbə dəyirsə, bu bizim fəxrimizdir, fəxarətimizdir. Könüllülər arasında sevincindən ağlayanlar da var. Bunların hamısı sevinc göz yaşlarıdır. Allah bizə həmişə sevindirici xəbərlər nəsib eləsin”.
“Düşmənin son atəş nöqtəsi susdurulana qədər davam eləməlidir”
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu “Zaman-Azərbaycan”a müsahibəsində hazırda cəbhə bölgəsində olduqlarını söylədi: “Müharibə veteranları, əlillər, şəhidlərlə bağlı 10-a yaxın təşkilat cəbhə bölgəsindəyik. Bu gün (dünən) Göygöldə şəhid Sərxan Bağırovun dəfnində iştirak etdik. Dəfndə 10 mindən artıq insan – böyük bir izdiham var idi. Şəhidimiz hərbi orkestrin müşayiəti ilə dəfn olundu. Gəncədə də bir şəhidin dəfnində iştirak elədik. Tərtərdə yerli əhali ilə görüşmək istəyirdik. Gördük ki, yerli İcra Hakimiyyəti əhali ilə görüşür, minlərlə əhali var idi.
Sosial şəbəkələrdə cəbhə bölgəsindəki insanların ruhu, coşqunluğu yoxdur. Bu hissləri sosial şəbəkəyə vermək olmur. Göygöldə şahidi olduq – insanlar alqış səsləri ilə dəfn etdilər şəhidi. Şəmistan Əlizamanlı Tərtərdə çıxışı zamanı “İgid əsgər, möhkəm dayan” mahnısını ifa elədi, bütün camaat ayaq üstə alqışladı. Bütün bunlar onu göstərir ki, xalqımız, millətimiz – hamı ordumuzun, əks hücum həmlələrindən çox ruhlanıb, əhalidə böyük ruh yüksəkliyi yaranıb. Hesab edirəm ki, imkan daxilində, mümkün qədər bu əməliyyatlar düşmənin son atəş nöqtəsi susdurulana qədər davam eləməlidir.
Onu da deyim ki, 2014-cü ilin avqustundakından fərqli olaraq, indi sanki insanlarımızda birlik var. Belə deyək, çox ciddi nöqsana yol verilməyib, amma hiss edirsən ki, bəzi insanlar var ki, içlərində nə isə bir narazılıq var, kin var bu dövlətə, xalqa, bu millətə qarşı bir nifrət var. Müxtəlif jurnalist qrupları ilə əlaqə saxlayırıq. Belə deyək, bu gün ən radikal, ən kəskin tənqid mövqeyi tutan jurnalistlər də ölkəmizin bu məqamında həmrəylik nümayiş etdirir və bu da məni çox sevindirir. Xırda qüsurlar var və ola bilər, hamı eyni düşüncədə, eyni ağılda deyil. Zaman-zaman bunların hamısı nizamlanacaq.
Son olaraq onu deyim ki, cəbhədə son baş verənlər ordumuzun düşmənin dinc əhaliyə qarşı yönəltdiyi atəş nöqtələrini susdurmaq üçün, dinc əhalimizin təhlükəsizliyini təmin etmək üçün keçirdiyi bir əməliyyatdır. Xalqımızın, ordumuzun bu ruhunu gördük, müəyyən məlumatlar əldə elədik – inandırım sizi, geniş miqyasda, arsenalında olan bütün silahlardan istifadə edərək ölkəmiz geniş müdafiə əməliyyatları həyata keçirsə, çox qısa müddətdə Qarabağı düşmən işğalından azad edə bilərik”.

Nicat İntiqam