“Qarabağ” qalib gəldi

574

İyulun 30-da futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası ilk oyununu keçirib.“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanın “Zaltsburq” komandası ilə qarşılaşıb.
Ukraynalı baş hakim Serhiy Boikonun idarə etdiyi görüşün 2-ci dəqiqəsində “Qarabağ” futbolçusu Danilo Diaz hesabı açıb.
Görüşün 34-cü dəqiqəsində kobud oyuna görə, “Zaltsburq”un futbolçusu Kristian Şvelger qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Səkkiz dəqiqə sonra qırmızı vərəqə “Qarabağ”ın kapitanı Admir Teliyə göstərilib.
Matçın 77-ci dəqiqəsində Avstriya klubunun futbolçusu Conatan Soriano hesabı bərabərləşdirib. Görüşün 86-cı dəqiqəsində Reynaldo “Qarabağ”ı hesabda önə çıxarıb. Bir dəqiqə sonra kobud oyuna görə, Reynaldo qırmızı vərəqə alıb.
Azlıqda qalmasına baxmayaraq Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Oyun elə 2-1 hesabı ilə başa çatıb. Beləliklə, “Qarabağ” Azərbaycan klubları arasında Çempionlar Iiqasının III təsnifat mərhələsində qələbə qazanan ilk komanda kimi tarixə düşür.
Komandalar arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək.
Turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Qarabağ” öncəki turda Maltanın “Valetta” komandasını yarışdan kənarlaşdırıb.