“Qarabağ” qalib gəldi, “Sumqayıt” isə…

52

Aprelin 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Turun açılış matçında “Qarabağ” klubu “Səbail” komandasını qəbul edib. “Azersun Arena”da keçirilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab erkən qolla açılıb. Üçüncü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. Matçın 53-cü dəqiqəsində Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib. Üç dəqiqə sonra yenidən fərqlənən Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. Qarşılaşmanın 62-ci dəqiqəsində “dənizçilər” hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib. Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. Görüşün 86-cı dəqiqəsində rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib – 5:1.

Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Səbail” isə 11 xalla sonuncu – 8-ci pillədə qalıb.

Günün ikinci görüşü Sumqayıtda təşkil olunub. Turnir cədvəlinin ikinci hissəsində qərarlaşanların duelində “Sumqayıt”la “Sabah” qarşılaşıb. Səfərdə böyükhesablı qələbə qazanan “Sabah” avrokuboklara vəsiqə şansını davam etdirib. “Sumqayıt” isə öz meydanında biabırçı hesabla uduzub.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi” – “Zirə” matçları ilə yekun vurulacaq.