“Qarabağ” qələbə, “Neftçi” 2 il əvvəlki uğur iddiasında

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına bugün yekun vurulacaq. 
Avrokuboklarda mübarizəni davam etdirəcək hər iki Azərbaycan təmsilçisi də növbəti sınağına bugün çıxacaq. Qrup mərhələsinin bir addımlığında olan ötən mövsümün titul sahibləri fərqli vaxtda və ayrı məkanlarda ilk oyununu keçirəcək. Azərbaycan azarkeşlərinin diqqəti əvvəl “Qarabağ”a yönələcək. Ölkə çempionu 4-cü dəfə yüksəldiyi pley-off mərhələsi sindromunu qırmağa çalışacaq. İndiyədək bu raundu keçə bilməyən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə görüşəcək. 5 il əvvəl səfərdə 1:3 hesabı ilə uduzduğu rəqibi Bakıda yenə bilməyən “Qarabağ” bu dəfə doğma azarkeşlər önündə qələbə iddiasındadır. Çünki qrup mərhələsi şanslarını qorumaq üçün qələbə vacibdir. Avrokuboklardakı son iki ev oyununda qalib gələn Qurban Qurbanovun yetirmələri gələn həftə Hollandiyada çətinlik çəkməmək üçün seriyasını davam etdirməlidir. Serbiyada “Partizan”ın qonağı olacaq “Neftçi” 2 il əvvəlki uğurunu təkrarlamaq iddiasındadır. Yeganə pley-off duelində qalib gələn paytaxt təmsilçisi eyni nəticəyə bu dəfə də imza atmaq əzmindədir. 2012/13 mövsümündə Topaz Premyer Liqasının bombardiri olan Nikolas Kanalesi böyük ümidlərlə geri qaytaran “ağ-qaralar” bugün çililinin də xidmətindən yararlana biləcək. Azərbaycan kubokunun qalibi cavab oyunu üçün qənaətbəxş nəticə əldə etmək niyyətindədir. Böyükağa Hacıyevin yetirmələri Belqradda uduzmamalı, imkan daxilində qol da vurmalıdır. Son iki səfər matçında qələbələri sıralayan bakılılar da tanış rəqiblə görüşəcək. Bu iki komanda 2012/13 mövsümündə Avropa Liqasının eyni qrupunda yer almışdı. Həmin vaxt səfərdə qolsuz bərabərliklə kifayətlənən “Neftçi” Bakıda 1:1 hesabı ilə kifayətlənmişdi. Serblərin qapısına qolu “ağ-qaralar”ın indiki kapitanı Flavinyo vurmuşdu.