Qarabağ münaqişəsinin həllinə növbəti düyün

425

Prezident Vladimir Putin tərəfindən Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişin təsdiqlənməsi bölgədə yeni təhlükəli vəziyyət əmələ gətirib. Bu baxımdan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilən Azərbaycanda da Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması birmənalı qarşılanmayıb. İş orasındadır ki, Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanla birgər hərbi qoşun birləşmələrini yaratması Moskvanın vasitəçilik missiyasını şübhə altına alıb. Məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov Rusiya-Ermənistan hərbi qoşun birləşmələrinin yaradılmasının işğalçı Ermənistanı daha da şirnikləndirəcəyini və onların sülh danışıqlarında çox sərt mövqedən çıxış edəcəyini vurğuladı. Rasim Musabəyov: “Ermənistan-Rusiya hərbi qoşun birləşmələrinin yaradılması əslində mahiyyət etibarı ilə heç nəyi dəyişdirmir. Onsuz da Ermənistanda Rusiyanın hərbi bazası var. Bundan əlavə Ermənistan və Rusiya hərbi-strateji müttəfiqlərdir. Rusiya Ermənistanı müntəzəm olaraq silahlandırmaqda davam edir. Belə bir vəziyyətdə Ermənistanla Rusiya arasında hərbi qoşun birləşmələrinin yaradılması işğalçı dövləti gözləyə bilən təhlükədən sığortalamağa xidmət edir. Əgər Ermənistanda olan Rusiya bazası erməniləri Türkiyə qorxusundan sığortalayırdısa, yeni yaradılan qoşun birləşmələri Naxçıvan tərəfdən gələ biləcək təhlükənin qarşını almağa xidmət edə bilər. Bu baxımdan yeni hərbi qoşun birləşmələrinə komandanlığın erməni generalına tapşırılması zənnimcə, erməniləri şirnikləndirərək münaqişənin həlli yolunda daha bir maneəyə çevriləcək. Bu isə olduqca təhlikəlidir və belə bir addımın atılması Qarabağ münaqişəsinin həllinə vurulacaq daha bir düyün olacaq. Bütün hallarda Rusiya-Ermənistan birgə qoşun birləşmələrinin yaradılması regiona yaxşı heç nə vəd etmir”,-dedi.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Rusiya-Ermənistan hərbi qoşun birləşmələrinin yaradılmasını region üçün yeni təhlükə mənbəyi adlandırdı. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında yeni hərbi qoşun birləşmələrinin yaradılması və ona erməni general Karapetyanın komandan təyin edilməsi həm Azərbaycan, həm də Gürcüstan üçün ciddi təhdid deməkdir. Üzeyir Cəfərov: “Azərbaycan Prezidenti İlham Əliyev Lələtəpədə olarkən Ermənistana mesaj göndərdi ki, onlar heç kimə arxalanmasınlar. Azərbaycan öz gücü ilə işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Dərhal da buna reaksiya Rusiyadan gəldi və Putin iki ölkə birgə hərbi-qoşun birləşmələrinin yaradılması barədə sənədi təsdiqlədi. Halbuki buna ehtiyac da yox idi. Çünki onsuz da Rusiya ilə Ermənistan hərbi müttəfiqdilər və Moskva daim Ermənistanı ən müasir silahlarla, o cümlədən strateji təyinatlı “İsgəndər” raketləri ilə təchiz edib. Belə bir vəziyyətdə iki ölkə arasında birgə hərbi qoşun birləşmələrinin yaradılması və oraya erməni generalın komandan təyin edilməsi Qarabağ münaqişəsinin həllində status-kvonun qorunub saxlanılmasına xidmət edir. Rusiya belə bir addımı atmaqla Azərbaycana qeyri-səmimi münasibət bəslədiyini nümayiş etdirir və bu, bölgədə sabitliyi təhlükə altında qoyacaq”,-dedi.
Əziz Mustafa