“Qarabağ” “İnter”in dərsini verə biləcəkmi?

0
472

Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Baş tutacaq 4 qarşılaşmadan 3-ü paytaxtda, biri isə Sumqayıtda oynanılacaq.

Şübhəsiz ki, günün mərkəzi oyunu paytaxtda, “İnter Arena”da baş tutacaq “İnter” – “Qarabağ” qarşılaşmasıdır. Ötən tur ard-arda ikinci dəfə çempionluğunu təmin etmiş ağdamlılarla ikinciliyi dəqiqləşmiş “bankirlər”in qarşılaşması formal xarakterli olacaq.

Ancaq matçda prinsipiallıq yaradan amillər də yox deyil. Belə ki, Qurban Qurbanov və onun çempion komandası bu mövsüm bir dəfə də olsun Sxadadzenin “dujinası”na qalib gələ bilməyib. Üstəlik, çempionatı major notda bitirmək üçün bu son şans olacaq. Çünki, “atlılar” sonuncu turu reqlamentə görə “istirahətlə” keçirəcəklər.

“Bankirlər” üçün də bu oyun az əhəmiyyət daşımır. Son vaxtlar maddi sıxıntılar çəkən klub da çempiona qalib gələrək əhval-ruhiyyəsini düzəltməyə çalışacaq. Kaxaber Sxadadzenin yetirmələri həm də 18 oyundu məğlub edə bilmədiyi rəqiblə matçlardakı sindromu qırmağa çalışacaq.

“Neftçi” üçün də bu turu həlledici hesab etmək olar. “Ağ-qaralar” üçüncülük şanslarını son tura daşımaq istəyirlərsə bu gün mütləq qalib gəlməlidilər. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmış “Qəbələ”dən 4 xal geri qalan “flaqman” formal da olsa davam edən bürünc şansını saxlayır. Bunun üçün Arif Əsədovun yetirmələri bu gün “Bakı” üzərində qələbə qazanmalı, gələn tur isə “Bakı”nın “Qəbələ”ni məğlub etməsi üçün dua etməlidilər.

Hələliksə “Neftçi”nin önündə duran əsas vəzifə Biləcəri səfərindən itkisiz qayıtmaqdır.

Turun digər görüşləri isə mükafatlar baxımından heç bir əhəmiyyət kəsb etmir. AZAL-a qonaq olacaq “Simurq” qələbə qazanacağı halda 5-ci pillədə möhkəmlənəcək. “Təyyarəçilər” isə hazırda bir pillə özlərindən irəlidə olan rəqiblərini keçmək istəyirlərsə qalib gəlməyə borcludular. Belə olan halda xallar bərabərləşəcək ki, hər şeyə son turda aydınlıq gələcək.

Və nəhayət turun paytaxtdan kənarda baş tutacaq tək oyununda “Sumqayıt” “Xəzər Lənkəran”ı qonaq edəcək. İlk altılığa düşmək şanslarını saxlayan cənublular “gənclik şəhəri”nin sakinlərinə qalib gəlməklə səfərdəki 7 oyunluq xalsızlıq sindromuna da son qoya bilərlər. Ardıcıl 3 oyundu məğlub olan sumqayıtlılar isə bu dəfə öz meydanında bu gedişə dur demək istəyir.

Ruslan Sadıqov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here