“Qarabağ” ilk yarımfinalçı olub

61

Futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

İlk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib – 6:0.

Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Ramil Şeydayev 43-cü dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. İki dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. Matçın 84-cü dəqiqəsində fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Qarabağ” adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mərhələdə “Sumqayıt” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi “Keşlə” isə mübarizəni dayandırıb.

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Bu gün “Sabah” “Neftçi”ni, fevralın 13-də isə “Qəbələ” klubu “Sumqayıt”ı, “Səbail” komandası isə “Zirə”ni qəbul edəcək.