“Qarabağ” bu dəfə meydana qisas əzmi ilə çıxacaq

514

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək.  2014/15 mövsümünün son qarşılaşması Qəbələdə baş tutacaq.

Bu il XXIII dəfə sahibini tapacaq kubok uğrunda ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparacaq.

Ən son 6 il əvvəl kubokda final oynamış “Qarabağ” daha bir titul qazanaraq 22 ildən sonra yenidən “Qızıl dubl”u rəsmiləşdirmək istəyir. Ağdamlılar tarixindəki ilk və tək belə uğura 1993-cü ildə nail olmuşdu.

8-ci dəfə final oynamağın həyəcanını yaşayacaq “Qarabağ” bu mübarizədən qalib ayrılsa, 4-cü dəfə kuboku qazanmış olacaq. Bununla da “Qarabağ” “Kəpəz”in göstəricisini təkrarlamış olacaq.

Finalın digər iştirakçısı “Neftçi” isə 10-cu dəfə çıxdığı həlledici qarşılaşmada 7-ci qələbəsini qazanmaq niyyətindədi. Son iki ilin kubokunu muzeyinə aparan “ağ-qaralar” bu dəfə də ənənəni davam etdirməyə məcburdu. Əks halda, mövsüm titulsuz başa vurulmuş olacaq.

Ard-arda 4 dəfə finalda oynamaqla ilkə imza atan “flaqman” ardıcıl 3-cü dəfə qələbə sevinci yaşayaraq bu sahədə də rekorda sahib olmaq istəyir.

Komandalar ölkə kubokunun finalında ən son 19 il əvvəl, 1996-cı ildə qarşılaşmışdılar. Həmin görüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılan “Qarabağ” bu dəfə meydana həm də qisas əzmi ilə çıxacaq.

Həlledici matçdan öncə heyətlərə baxsaq, “Neftçi”dən Flavinyonun yoxluğunu ciddi itki hesab etmək olar. Ancaq Araz Abdullayevin zədəsini sağaldaraq sıraya dönməsi “ağ-qaralar”ın üzünü güldürən məqamlardandı.

“Qarabağ” cəbhəsində isə Çumbinyo və Namiq Ələsgərovun mövsümü çoxdan qapadıqlarını nəzərə alsaq, heyətlə bağlı ciddi bir problemi yoxdu.

Bu dəfəki final oyunu məkan baxımından da bir ilklə yadda qalacaq. Qarşılaşma kubokun tarixində birinci dəfə Qəbələdə keçiriləcək. Daha öncə isə final matçları ancaq Bakıda və Sumqayıtda baş tutub.