“Qarabağ Azərbaycandır!”

0
61

İnsan sosial varlıqdır. O, öz xoşbəxtliyini cəmiyyət içərisində tapa bilir. İnsanlar həm fərd, həm də ayrı-ayrı dövlətlər nümunəsində  bir-birilərindən asılıdır. Artıq qlobal inteqrasiya vüsət almaqdadır. Təcrid olunmuş, bağlı qapılar arxasında yaşayıb, inkişaf etmək mümkün deyil. Sovet dövləti, o boyda ərazisi, gücü, potensialı olmasına baxmayaraq, qapalı sərhədlər içərisində yetmiş il yaşaya bildi.

Bizlər, elə sən də, yetmiş il çəkici oraqla birlikdə, sosializmin qurulmasında iştirak etmiş fəhlə, kəndli və əsgər birliyi, həmrəyliyi rəmzi olaraq görmüşük, elə deyilmi, Ermənistan? Sən əlini heç oraq tutmağa, əkib becərməyə alışdırmadın. Həmişə başqalarının hesabına yaşadın. Yaşamağın cəhənnəmə, o qədər qudurdun ki, başqalrını yaşamağa qoymadın. Elə bildin ki, dünya ancaq sənin üçün yaradılıb.

Çəkic tumağa vərdiş oldun. Biz çox dedik, sən eşitmək istəmədin. İndi o çəkic nəinki barmağını, başını da əzir.

***

Uzun illər davam edən bu nəsihət həm də düşünməyin üçün, daha doğrusu, düşüncə tərzini dəyişdirmək üçün bir möhlət idi. İstifadə etsəydin bu gün gözünü silmək üçün əllər axtarmazdın. Hansı dinə qulluq etdiyin də dumanlıdır. Müqəddəs kitabınız “İncildə” Allahın ən böyük əmrlərindən ikincisi “Qonşunu özün kimi sev.” (Mark 12:31) əmridir. Zərrə qədər imanın varsa, əlini olmayan vicdanının üstünə qoyub, bu sadə suala cavab verə bilərsənmi: – Azərbaycana demirəm, dünyaya gəldiyindən bəri bu əmrə əməl etmisən? Dilin lal olsun, heç boş başınla da bu suala müsbət cavab verə bilməzsən. Ayağının dəydiyi hər yerdə qanlar töküb, evlər yıxmısan, anaları ağlar qoymusan. Heç müqəddəratın olmadığı halda bütün dünyanı “müqəddəratını təyin etmək” hiyləsinə inandırmaq üçün dəridən-qabıqdan çıxmısan, ancaq ilan dərisini yeniləsə də, xislətini dəyişdirmədiyi kimi, sən də elə olduğun kimi qalmısan. Unutma ki, dəyişməsən, zaman səni çox sərt şəkildə dəyişdirəcək. İt olsan da, qonşumuzsan. Nəsihətdən anlamayanı müsibət başa salar, deyiblər ulularımız sənin kimi nankorlar üçün.

***

Daha bir məsələ. Ötən əsrin əvvəllərində Türkiyə, o cümlədən Azərbaycanda törətdiyin qırğınlara baxmayaraq, sənə yenə süfrəmizdə yer verdik, çörəyimizi yeyib, suyumuzu içdin. Həmin əsrin 70-ci illərində mən Bakıda tələbə olmuşam. Ermənilərin paytaxtımızda necə firavan, arxayın, ərkli yaşayıb, yaxşı vəzifələrdə çalışdıqlarının şahidiyəm. Universitetimizdə nə qədər erməni tələbələr oxuyurdu. Biz hər şeyi unutmuşduq, əslində Sovet rejimi unutdurmuşdu bizlərə acı keçmişimizi. Sən bu, ölçüyəgəlməz humanizmdən utanmadın. Ona görə də halal çörəyimiz indi gözündən gəlir. Yanan yeri su ilə söndürərlər. Ancaq kürəyini söykədiyin havadarlar yanan yerə yağ töküb otuz il onu körükləməklə məşğul oldular. Sən və havadarların Azərbaycanın səbrini son damlasınacan tükətdiniz. Şir yatanda aciz görünsə də, duranda vahiməsindən tülkülərin bağrı partlar.

***

İllər bouynca beynəxalq vədlərdən bezmiş Azərbaycan axır ki, səninlə öz dilində danışmağa məcbur oldu. Öz siyasi-hərbi uzaqgörənliyi və intellektual səviyyəsinə dünyanı heyran qoyan Prezidentimiz möhtərəm İlham Əliyev sənin daha çox “küçə adamına” bənzəyən quldurbaşı N. Paşinyanına bütün dünyanın eşitdiyi tərzdə dedi ki, ölmək istəmirsənsə çıx  bizim torpağımızdan. Cəhənnəm ol! Dişinəcən silahlansan da bu qətiyyət və sonsuz vətən sevgisi ilə silahlanmış Azərbaycan əsgəri qarşısından saman kimi sovruldun. Bundan da betər günə qalacaqsan, ay zavallı Ermənistan.

***

Azərbaycan ordusu öz müqəddəs torpaqlarını sənin kimi yırtıcıdan təmizləmək üçün apardığı Vətən Müharibəsində dünya hərb sənətində layiqli yer tutacaq səhifələr yazdı. Bu şərəfli tarix öz torpağımızda, halal qanımızla yarandı. Bu gün bütün dünya “Qarabağ Azərbaycandır!” deyir:

 

Addımların torpağından güc alır,

Ermənidən yer də, göy də öc alır,

Bayrağımız zirvə-zirvə ucalır,

Gözləmişik bu günləri haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Vətən üçün sən hər şeyə hazırsan,

Düşmənin gözündə səngər qazırsan,

Həm tarix yaradıb, tarix yazırsan,

Gözləmişik bu günləri haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Sovurduqca işğalçının qəsdini,

Qaçır qoyub bayrağını, postunu,

Tanıyırıq yurdumuzun dostunu,

Gözləmişik bu günləri haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Arxanda dağ kimi durub el hamı,

Sönəcək yağının öləzik şamı,

Aləm alqışlayır şanlı İlhamı.

İnanmışıq bu qüdrətə haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

A dünya, “Qarabağ Azərbaycandır!”

(Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə ünvanladığım məktubdan)

***

Ermənistan, sən Azərbaycanın ürəyi, qədim Şuşamızı Qarabağ konfliktinin həlli üçün danışıqların getdiyi bir zamanda, hiyləgərcəsinə işğal edib, 9 may Qələbə Gününə qatmışdın öz iyrənc, şərəfsiz əməlini; Azərbaycanın müzəffər ordusu əsgərlərinin şücaəti ilə, şanlı Ali Baş Komandanının rəhbərliyi altında, dostlu-düşmənli bütün dünyanın gözü qarşısında, döyüş meydanında sənin başını əzərək öz dədə-baba yurdumuzu mərd-mərdanə, igidcəsinə azad edib, gözəl diyarımızın ayrılıq həsrətinə son qoydu. Bizlər üçün nə böyük xoşbəxtlik! Sənin üçün isə layiq olduğun rəzalət!

***

Sən dupduru suları əcəl bulandırmısan,

Sülhə gedən körpünü min kərə sındırmısan.

 

Yurduma göz yaşları yağdı yağış yerinə,

Utanmadan hiylənə dünyanı qandırmısan.

 

Çəmənimdə arxayın ağnamğın bir yana,

Qarabağ bizim! – deyə göylərə anqırmısan.

 

Gündüzlərin qaranlıq, gecə yuxun qarışıb,

Vicdanında Xocalı, gözündə qan durmusan.

 

Rahib deyir: – Paşinyan, sızla, için-için yan,

Sanma hünər göstərib tarixi yandırmısan.

 

Eşq olsun Azərbaycan xalqının sarsılmaz birliyinə, müzəffər ordumuzun rəşadəti və Ali Baş Komandanımız İlham Əliyevin polad iradəsinə!

 

Rahib Sədullayev (Alpanlı)

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi