Qarabağ əlillərinin sosial təminatı vəziyyəti ilə bağlı elektron baza olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 Bildirilib ki, məlumat bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi məlumatlar (əlillik qrupları, o cümlədən dövlət hesabına mənzil, minik avtomobili ilə təmin olunma vəziyyəti, yaxud bu təminat növləri ilə təmin edilmək üçün növbədə olub-olmamasına  dair qeydlər və s.) əksini tapıb. Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən edərək aradan qaldırmaqdır. Belə ki, sistemləşdirilmiş informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər görüləcək. Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin görülməsinə şərait yaradacaq. Bundan başqa, son vaxtlar bir sıra mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi xoşagəlməz hallara rast gəlinməkdədir. Yaradılan məlumat bazası bu kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə şəxslərin həqiqətən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan verəcək.

 

“Belə bir elektron bazasına

çoxdan ehtiyac var idi”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a açıqlama verən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas dedi ki, Qarabağ əlilləri və onların sosial təminatı vəziyyəti ilə bağlı elektron bazanın olması çox müsbət haldır: “Çox təəssüf ki, son illərədək bir çox insanlar Qarabağ əlili olmaya-olmaya müxtəlif yerlərdə özlərini bu cür təqdim edirdilər. Hətta bundan başqa məqsədlə istifadə edilməsi barədədə fikirlər səsləndirilirdi. Əgər bir insan tutaq ki, hansısa dövlət idarəsində, yaxud özəl təşkilatda özünü Qarabağ əlili kimi təqdim edirdisə, qarşı tərəfin həmin anda bunu dəqiqləşdirmək imkanı yox idi. Amma nazirliyin açıqlamasından belə aydın olur ki, artıq sayta daxil olmaqla bunu dəqiqləşdirmək mümkün olacaq. Zənnimcə, bu çox yaxşı haldır. Təəssüf ki, başqa səbəblərdən əlil olanların bəziləri özlərini Qarabağ əlili kimi təqdim etməklə həm də real əlillərin nüfuzuna xələl gətirə bilirdilər. Çox yaxşı haldır ki, bunun qarşısı alınacaq. Bundan başqa, elektron məlumat bazasında Qarabağ əlillərinin sosial təminatı vəziyyəti ilə bağlı da məlumatlar yer alacaq ki, bu da şəffaflığa xidmət edir. Zənnimcə, belə bir elektron bazasına çoxdan ehtiyac var idi”.

Nicat İntiqam