Poema
Şair-Rəssam Adil Mirseyidin xatirəsinə
Yadındamı
Əhmədlidə “Köhnə Bakı” çayxanası…
Şair dostlarımız
Kəmaləddin Qədim, Fəxri Müslüm, Rafail Tağızadə, Nazim Şah…
aman Allah
və bir də sən və mən …
Elə də uzun bir zaman
keçməyib ki … o gündən.
Görüş yerimiz idi o çayxana.
Oturardıq yayxana-yayxana…
saatlarca danışardıq
şeirdən, sənətdən…
Ay ustad, kimsə duymazdı ki,
sən etdiyin şirin-şəkər
söz – söhbətdən.
Danışardıq günortadan axşamacan,
danışardıq Günəşindən ağ şamacan…
***
Nə olsun ki,
indi geridə qalıb o günlərim.
Nə olsun ki,
kəsilmək bilmir həsrətinin yanqısından
ahım … naləm … ünlərim …
Nə olsun ki, yoxluğun
gözlərimin önündə …
Qəlbim ki … səninlədir.
İçimi rahatladır, könlümü sərinlədir
Tanrının hər günüdə …
Keçəmirəm keçdiyimiz yolları,
seyr etmirəm sehrinə daldığımız
uca-uca ağacları,
yarpaq-yarpaq dolları.
Ötəmmirəm saatlarca oturduğumuz
çayxananın yanından,
yoxluğunun hər ağrısı
axır o an damarımdan, qanımdan …
Gündüzləri … gecələri
Bakının xəzirisi, gilavarı ilə
qol-boyun belə
keçəmmirəm səninlə birgəkeçdiyimiz,
indi səfil-sərgan qalmış
cansıxıcı “qızdırmalı” küçələri …
Yazdıqların şeir-şeir,
nəğmə – nəğmə dilimdə,
ölümə meydan oxuyan
şeirlərini oxuduqca
məndən qaçır uzaq ölüm də …
Şeirlərindən qanadlanan duyğuların
quş kimi qonur budaqdan-budağa…
Pərvanə şamın başına
fırlanan kimi
elə axşam-sabah
çevrəndə fırlanıram,
gedəmmirəm ki … heç uzağa.
***
Hər kitabın
yaddaşlardan silinməyən bir tablo,
hər tablon yaddaşının
rənglərini əks etdirən bir kitab…
Hər bir kitabın, hər bir tablon
ruhundan qopub gələn ismarıc,
insanlığa etdiyin bir xitab,
daha məndə qoymusan ki, tab…
Hər əsərin şərab dolu bir badə,
sənsizliyi unutmaqçün
içirəm də hər vədə…
Hər şeirində sözdən rəngə,
hər tablonda rəngdən sözə keçmisən,
sözü rəngə, rəngi sözə qata-qata
qıpqırmızı şərab kimi
düp deyincə içmisən …
Gahi sözdən, gahi rəngdən
böyük sənət meydanında
özünə türlü-türlü
qara sevda biçmisən…
Kim deyər ki, bu dünyadan
sən əliboş köçmüsən…
ölümə meydan oxuyan,
baş daşını kəfəninə
büküb gəzdirən,
heç çıxmayan
insanlıq adlanan cizgidən,
ay güzgüdən boylanan
güzgüdəki adam,
səni tanımaqda,
səni sevməkdə,
səni qəlbimə köçürməkdə
necə də məstəm, necədə şadam…
***
Həyatın boyu özün-özünə
heç baxdınmı güzgülərdən,
astarını, üzünü görüb
heç qorxdunmu üzündəki cizgilərdən…
özünü qoruya bildinmi,
səni sənə qısqanaraq
ayağının altındaca
quyu qazan özgələrdən…
Güzgülərdən bir ev
tikdirə bildinmi özünə,
rəngən, sözdən umuddan başqa
bir ocaq çata bildinmi,
qızınasan istisinə… közünə…
Di gəl ki, yüzlər,minlər,yüz minlər…
heyrət etdi şeirindəki
hər bəndinə, hər beytinə,
hər misrana, hər sözünə…
Qara-qara sevdalarının
kətan üzərindəki
türlü-türlü boyasına, rənginə,
ruhun uymasa da,
bu həyatın, bu dünyanın
min bir sirli ahənginə…
“Bir güzgüdən çıxıb
təzədən girsən də başqa bir güzgüyə”
yenə özün oldun,
bənzəmədin ki, heç özgəyə…
Sinə gərib “hərblərə”
söz-söz, rəng-rəng hopdun elə qəlblərə…
İndi ayrı bir dünyanın sakinisən,
post modernist şeirimizin
yaradıcısı, ilkinisən.
De, görüm ay ustad,
o yatdığın yer, könlüncəmi…
ora da şeirlərin kimi,
rənglərin, boyaların kimi
zərif…incəmi…
***
Şeir yazmırdı ki, bulud adam.
İstəsəydi də yaza bilməzdi ki …
Sadəcə duyğularını boyadı söz-söz
Nə də ki…
ya kağızda olsun, ya da kətanda
çəkdimi hansısa bir lövhə…
İstəsəydidə yol verməzdi
belə bir “acınacaqlı” səhvə.
çünki “bütün könüllər sınıq,
bütün ürəklər çatlaq,
bütün bülbüllər divanə,
bütün mələklər suçlu” idi onun üçün…
Ona görə də
ruhunun çırpıntılarını
boyalarla köçürdü lövhələrə.
Könül verdi fincan-fincan qəhvəlrə.
Gahi bulud adam oldu,
gahi güzgüdəki adam.
Güzgüdən boylanıb baxdı buludlara,
buludlardan da oğrun-oğrun,
yorğun-yorğun seyr etdi güzgüləri.
Söz-söz, rəng-rəng açıb tökdü
içindəki əsrarəngiz cizgiləri.
Bunun harası
doğru deyil ki, qadam…
***
“ay işığı-fil sümüyü rəngində
ay işığı-pəncərəmdə kəpənək
həyəcanlıyam ay işığı tək
əlini sinəmə qoy
gör necə vurur ürək” – deyən şair
səni nə yağmurlardan soruram,
səni nə durnalardan soruram,
səni nə rüzgarlardan soruram,
səni nə aynalardan soruram.
Sorub da özümü nədən yoruram…
Kimdən isə sormağa,
öz-özümü yormağa
varmı görən bir nədən?…
Sənə qarşı olan sevgim
bədirlənmiş Ay kimi,
göy üzündə ulduzlar tək elə dən-dən,
səni bəlkə qoparmışam göylərdən…
nə yerdəsən, nə göydəsən.
İnnmırsan yar köksümü,
yaxşı-yaxşı bax…
odur elə qəlbimdəsən…
***
Hər görüşümüzdə
danışardın sözdən, boyadan,
sənət adlı ülvi “röyadan”…
səniydin mənə
hər cürə sənəti sevdirən
ruhumu mürgüdən oyadan,
Danışardın sevə-sevə
sənətdəki alilərdən,əlilərdən, vəlilərdən-
Van Qoq kimi, Qogen kimi, İbn-Sina kimi,
Füzuli kimi, Nazim Hikmət kimi
böyük-böyük “dəlilərdən”…
özünü sənətə qırsaqqız ilə
yapışdıran zəlilərdən…
Danışardın usanmadan yorulmadan,
sənə edilən haqsızlıqlardan
çəkinmdən, darılmadan.
Danışardın sözlı rəngin, rənglə sözün
ahənginin astarından, bezindən,
nəfəsimə nəfəs verərdin,
təzə sevda, həvəs verərdin
qəlbindəki həm qorundan, közündən…
Hər şeirində söz açardın ölümdən,
kətan üstə naxış vurardın
Vətən torpağının
tər qoxuyan çiçəyindən, gülündən…
***
Qara sevdaların oldun yolçusu.
Qara sevdaları böyüdə-böyüdə,
dəc vurduğun xırmanında
xəlbirindən keçirib dəyirmanında
söz-söz, rəng-rəng üyüdə-üyüdə
sən də böyüdün, ay ustad,
üzünə gülsə də, hər kəs –
qohumlar, yadlar, dostlar, tanışlar
di gəl ki, üzünə gülmədi həyat.
Aşa-aşa, daşa-daşa.
çırpdı səni daşdan-daşa,
vurdu səni yerdən-yerə
hər labirintində, hər keçidində,
hər tinində, dalanında, döngəsində,
zamansa əzdi səni
öz amansız məngənəsində…
Sən isə gecəli, gündüzlü
yaratdın gül üzlü
şeirlərini, tablolarını.
Özünün olmayan
o dörd divarın arasında,
yol gedə-gedə
gələcəyi hər an gözlənilən
olumla ölümün
miskin səhrasında…
***
Qarayanız, ortaboy, çəlimsiz,
bığ yeri yenicə tərləmiş,
kitabını, dəftərini çin-çin dərləmiş
utancaq bir oğlan
üst-başında kənd qoxusu,
gözlərində bir şəhər həyəcanı,
bir şəhər yuxusu,
başında gənclik ab-havası,
çiynində qara çantası
üz tutdu Ləkidən Bakıya…
Ömür kitabına yeni-yeni
nağıllar yaza-yaza,
həyatın keşməkeşlərindən
zorluqla keçib
sənət yollarında dişiylə, dırnağıyla
özünə təzə cığır qaza-qaza…
gahi qələmi, gahi fırçasıyla…
çantasında gəzdirdiyi
bölünməyən sənət parçasıyla…
gündən-günə havalandı…
Elə göylərdə uça-uça da
yüz minlərlə könüllərdə yuvalandı…
Bu günüylə deyil –
ağrısıyla, acısıyla, ahıyla
yaşadı daha çox sevdiyi
qara sevdasıyla…
Qarlı bir qış günündə doğulsa da,
qızmar bir yay günündə isə
şeirləri, rəngləri ilə birgə
ürəklərə hopa-hopa
çəkdiyi əzablardan, zillətlərdən
qurtararaq yaxa,
köç etdi ana torpağa…
Bir zamanlar necə getmişdi
Ləkidən Bakıya,
eləcə də döndü Bakıdan Ləkiyə…
Bu dəfə əbədi olaraq…
***
Səni çox gec tapdım, ay ustad,
tez də itirdim.
Bu az zaman kəsiyində də
səndən bir ömürlük dərs götürdüm…
Səni tanıdım ilk öncə bir şair kimi,
sonra bir rəssam kimi,
daha sonra isə insan kimi.
Elə o insanlığın ilə də oldun
qəlbimin hakimi…
Sən ölmədin…
qara torpaqda deyil, ürəklərdəsən…
Yüzlərin, minlərin…
on minlərin, yüz minlərin…
Sevənlərinin ürəyində,
Sən yaşayırsan şeirimizin
mayasında, duzunda, çörəyində.
Sən yaşayacaqsan poeziyamızın
çox minillik durna köçündə,
Adil Mirseyid adında…
Adil Mirseyid ağırlığında…
Adil Mirseyid biçimində…
***
Yenə yağmurlu bir payız günü…
Yenə o keçmiş məskənimiz-
elə o əvvəlki birgə oturduğumuz yer-
“Köhnə Bakı”- o çayxana…
Sənli düşüncələr içərisində
oturmuşam dalğın halda –
“yayxana-yayxana”…
Məkan eyni…sahibkar eyni…çayçı eyni…
Xarhaxarla yanan soba da eyni…
Hətta şaqqaşaqla yuyulan
qab-qacaqdan qopan səda da eyni…
Hər şey yerli – yerində…
Qəvvaslar tək baş vurduğum
fikir ümmanımsa dərində…
Di gəl ki… nə sən varsan…
nə də ki, o birilər…
Dağılıb o sənli düzən, o sənli təntənə,
sən yoxsan deyə
hərə çəkilib bir tinə…
…Bayırdakı yağmur da
peşman deyil işindən,
qara-qara buludlar
“süd” eydirir döşündən…
Sənin dediyin tək
“Payız yağışları yağir ömrümə”…
Yaddaşımda elə sənli
sürü-sürü anılar,
köksümdəsə həsrət dolu yanqılar…
Oturmuşam o həminki masada
elə sənlə üz-üzə,
baxmaqdayam göz qırpmadan göz-gözə…
Səni düşünürəm…və düşündükcə də
şeirlərindəki
uca-uca mor dağlar düşür yadıma,
tablolarındakı
bəyaz-bəyaz çiçəklər yetir dadıma…
Səni o dağlar kimi vüqarlı, aşılmaz,
o çiçəklər kimi
zərif… kövrək görürəm həmişə,
ay boynubükük, qəlbi qırıq bənövşə…
Hər səni andıqca bir sevgi
sarır içimi…isti… sıcaq…
ürək dolusu… qucaq-qucaq…
Kim deyə bilər ki, mən sənə yadam.
əllərin əllərimdə,
gözlərin gözlərimdə-
mən səninləyəm,
ey güzgüdəki “yalquzaq” Adam…
4-9 Dekabr 2017 –ci il.
Ələsgər Talıboğlu
Şair-publisist,
Məmməd Araz mükafatı laureantı