Qara çörək

81

 

(Həyatın içindən)

 

Bayaqdan bəri səs-küyləri yazın gəlişi ilə coşub daşan quşların şaqraq nəğmələri kimi ətrafa yayılan məhəllə uşaqları ilə oynamağa imkan tapıb yenicə küçəyə çıxmışdı ki, ögey qardaşının soyuqluğu bütün vücudunu bürüyən səsi onu bir an əvvəl çıxdığı köhnə, darısqal evin aynabəndsiz balkonuna qaytardı.

– Ə, bu nə oyundu açmısan başımıza? Mənim atamın çörəyini itlər yeyir, sən qonşu uşağından çörək dilənmisən? – Urəyinə bıçaq kimi batan suallar bitər-bitməz yumşaq sifətində təndirə yapışan kündələr kimi şappıldayan şillələr qulaqlarını heç nə eşitməz etməklə kifayətlənməyib, gözlərini də aysız gecənin zülmətinə qərq etdi. Daha nələr deyildiyinı və sifətini yandıran şillələrin sayını xatırlaya bilmədi. Qolundan tutub qaldıraraq:

– Sən də özündən çıxanda sərhəddini aşırsan. Öldürəcəksən? Anasına, el-camaata necə cavab verərsən? Mən də bir qələtdi, elədim. Daha demədim ki…,- deyən qardaşı arvadının qorxu və qəzəb dolu səsini getdikcə daha aydın eşitməyə başladı; dünyanın ürəyini yandıracaq hönkürtü ilə ağlamaq istəsə də, boğuldu, qəhəri daşa dönüb səhvini başa düşməyin təsəllisi kimi sinəsinə çökdü.

Növbəti dayanacaqda qəfil dayanan avtobus onu bu acı xəyaldan ayırdı.

***

Rəşid müəllim qonşu rayondakı özəl klinikaların birindən müalicə təyinatı alıb gəlirdi. “Bir dəqiqəyə tərpənirik”, – deyə müştəri toplayan taksi sürücülərinə məhəl qoymayıb, avtovağzala yollandı. Avtobusla yol getməyi sevirdi. Maşın irəlilədikcə geridə qalan mənzərələri insanın yaşadıqca arxada qoyduğu, zaman-zaman vərəqləyib oxumaq istədiyi ömür kitabının  səhifələrinə bənzədirdi.

Son vaxtlar səhhətində baş verən narahatlıqlar həkimə müraciət etməyin zamanı gəldiyindən xəbər verirdi. Gənclikdə tükənməz sandığın sağlamlıq büdrədikcə yaşlı insanların “Canınızın qədrini bilin ki, sonra peşman olmayasınız”, nəsihətinə qulaq asmamağın  təəssüfünü yaşamalı olursan.

Həkim həyatında böyük rol oynamış, sevimli müəllimlərindən olan Rəşid müəllimə əyləşməyi təklif edib yer göstərdi, özü isə ayaq üstdə dayanıb hal-əhval tutmağa başladı. O, müəllimini görməyinə nə qədər sevindisə, bir zamanlar dağ kimi vüqarlı, möhkəm və ötkəm görünən bu insanın səhhətindən gileylənməsinə də bir o qədər məyus oldu.

Şagirdinin ədəb gözləməyi müəllimin diqqətindən yayınmadı, gülümsəyərək onun da əyləşməsini istədi. Bir qədər söz-söhbətdən sonra həkim müayinə edib, ciddi bir problemin olmadığına xəstədən çox özü sevindi.

Həkim inam və təbəssümlə, mehribancasına dedi: – Maşallah, müəllim, sapsağlamsınız. Dediyiniz və sizə xəstəlik kimi görününən hallar sadəcə yaşla bağlı məsələlərdir. Şayəd sizin yaşınıza yetişə bilsək, həkimliyimizə  baxmayaraq, biz də belə olacağıq.

Rəşid müəllim bir qədər sərt tövr alıb: – Yetişə bilsək nə deməkmiş? Siz daha sağlam, daha uzun ömür yaşamalısınız. Gözəl dövrdə yaşayırıq. Nə var Allaha şükür? – dedi.

Həkim ərkyana: – Doğrudur, amma hanı bizdə sizlərdə olan o səbir, təmkin? Biz stress qurbanlarıyıq.

Müəllim bir az da dirəndi: – Doktor, əzizim, həkimlər yaxşı bilirlər ki, sağlamlığın açarı elə səbir, təmkindir də, elə deyil? Dahi Nizami əbəs yerə deməyib ki:

Dözümü, yumşaqlığı, təmkini yerdən öyrən,

Hər şeydən vaz keçməyi, əsən yellərdən öyrən.

Müəlliminin hər situasiya üçün hazırcavablığına çoxdan bələd olan həkim: – Elədir ki, var, müəllim, – deyib razılaşdı. Yazdığı təyinatı verib əlavə etdi: – Müəllim, bəlkə də deməyim bir az yersiz görünə bilər, siz onsuz da sinifdə dərs bouynca gəzişər, ancaq jurnal yazmaq üçün əyləşərdiniz, çalışın yenə hərəkətli olun; yağlı-üzlü yeməklərdən çəkinin; meyvə-tərəvəzə üstünlük verin; yemək rejiminizdə qismən dəyişiklik edin, az-az və gün ərzində yediyinizi uç deyil beş öyündə yeyin; kifayət qədər su için, bir də çalışın süfrənizdən qara çörək əskik olmasın. Ümidvaram ki, haqqında danışdığınız hallar sizi bir daha narahat etməyəcək.

Rəşid müəllim özünə xas yumşaq bir təbəssümlə dedi: – Mən artıq sağaldım. Allah köməyin olsun, sənin kimi həkimlərin mehriban dili, gülər üzü şəfa verir adama. Şox sağ ol, hörmətin artıq olsun.

Həkim koridor boyunca şirin-şirin söhbət edərək müəllimini çıxış qapısına qədər yola salıb, çox sevdiyi insanın səhhətindən arxayın, sevincək kabinetinə döndü.

***

Avtobus yoluna davam etməyə başladı. Rəşid müəllim bir müddət əvvəl qırılmış acı xatirəyə bir daha dönmək istəmədi, lakin həkimin  “çalışın süfrənizdən qara çörək əskik olmasın” sözləri onu yenə o arzuolunmaz keçmişə qaytara bildi:

Böyük bir ailədə böyüyrdü Rəşid. O zamanlar kənd əhalisinin əksəriyyəti elə kənddə yaşayıb işləyirdi. Cabirin atası, onların qonşusu, rayon mərkəzində işləyən az sayda adamlardan idi. Rəşidgil pis dolanmırdılar. O dövrə məxsus hər şeyləri vardı. Qonşusunun yoldaşcasına təklif etdiyi ağ şəhər çörəyi tikəsini götürməyə də bilərdi; anasının kəndin dəyirmanında üyüdülən kəpəkli buğda unundan bişirdiyi çörəklər nə qədər ləzzətli olsa da, rəngi qara olurdu. Nə biləydi ki, nəfsinə uymaq ona necə başa gələcəkdi.

Bir gün qonşu uşağı Cabiri məhəllə yolunun başında görüb onun yanına getdi. Cabir iştahla yavan, ağ şəhər çörəyi yeyirdi. O, yaşca özündən kiçik qonşusuna da təklif etdi. Dişlədiyi tikənin xoş qoxusu və damağından yayılan şirin dadını təzəcə duyurdu ki, bulaqdan gələn gəlinləri görüb: – Rəşid, utanmırsan? Başqasından çörək dilənirsən? – dedi. Cabir nə qədər dil töksə də, gəlin deyinə-deyinə uzaqlaşdı. Uşaqlıq illərinin gözəlliklərindən biri də unutqanlıqdır deyəsən. Günün sonunacan başına gələn çox şeylər kimi bu da Rəşidin yadından çıxdı.

***

Kiçik olmasına baxmayaraq, Rəşid fermada işləyən ata-anasına kömək edir, özündən böyük qardaş-bacılarının uşaqlarına da baxırdı. Atası fermada qarovul, anası da sağıcı idi. O, səhər tezdən kitab-dəftərini götürüb sağıma gedən anası ilə fermaya gedər, onun qulluq etdiyi inəklərin ot-ələfini daşıyıb axurlarına doldurar, sonra məktəbə tələsərdi. Hərdən gözləri müəllimə baxsa da, dərsdə mürgüləyərdi. Əla qiymətlərlə oxuduğu üçün bəzi müəllimlər onun bu halını görməməzliyə salardılar. Əslində Rəşidin arxayın kitab oxumağa, ev tapşırıqlarını yazmağa vaxtı da olmurdu. O, güc-bəla ilə vaxt tapırdı uşaqlıq və şagirdlik həyatını yaşamağa. O gün də ev tapşırıqlarını icra etməyə elə təzəcə əlinə imkan düşmüşdü ki, qardaşı arvadı ondan uşağını götürüb, onu xeyli aralıda yaşayan atası evinə ötürməsini istədi. Artıq yorulmuş və dərs növbəsinin vaxtının daraldığından həycanlanmağa başlayan Rəşid: – Özünüz gedin, mən tapşırıqlarımı yazıram, – deyib, qəti şəkildə etiraz etdi. Gəlin onu fikrindən daşındırmaq üçün hədələyərək: – Srağagün Cabirdən çörək diləndiyini qardaşına deyib, sənə bir toy tutduraram mən də. Onda ağlın başına gələr, – dedi.

Rəşid artıq öz işinə dalmışdı. Gəlinin dediklərini eşitsə də, cavab vermədi. O da mızıldanaraq uşağını götürüb getdi.

***

Üstündən uzun illər keçsə də, Rəşid müəllim o hadisəni sanki bu gün baş verirmiş kimi xatırlayırdı. Anası onu qanadı qırılmış quş kimi ümidsiz görüb nə baş verdiyini soruşanda o, futbol komandasının uduzduğunu, uşaqlar arasında dava düşdüyünü bəhanə gətirib, bir tikə çörəkdən ötrü insafsızcasına cəzalandırıldığını gizlətmiş, sonradan yadına düşəndə ürəyi sizlasa da, heç vaxt dilinə gətirməmişdi.

Rəşid müəllim artıq güclü tufandan sonra yorğun düşüb mışıl-mışıl yatan dəniz kimi sakit idi. İndi o, bir zamanlar onun sözünə, nəsihətinə əməl etməli olan şagirdinin məsləhətləri ilə yaşamalı olacaqdı. Nə qədər şirin bir qismət!

Yenə avtobusun pəncərəsindən ətrafa boylandı. Daha sürətlə geridə qalan mənzərələri seyr edərək, təbəssümlə dərin köks ötürüb öz-özünə pıçıldadı: – Mənim uşaqlıq xatirələrim qadağan olunmuş ən maraqlı kitab kimidir.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

2016