Qapıdöyənlər

583

Son illər ölkəmizdə fəaliyyət göstərən futbol klublarında belə adət dəbə düşüb. Klubun baş məşqçisi istefa verəndə, yaxud da işindən uzaqlaşdırılanda yeni bir məşqçi axtarışına çıxırlar. Təbii ki, burada qeyri-adi heç nə yoxdur, komandaya yeni baş məşqçi təyin olunmalıdır. Heç mənim də məqsədim bu barədə yazmaq deyil. Yazmaq istədiyim alayı şeydəndir, yəni alayı dəbdəndir.

Bəli, bu və ya digər klubun qapısını döyürlər. Klubdan kimsə qapıya çıxır və soruşur:

– Hə, nə istəyirsən?

– İstəyirəm, sizin klubun baş məşqçisi işləyim.

Klubun rəsmisi görəndə ki, qapını döyən bizim yerli mütəxəssislərdəndir, yəni azərbaycanlıdır, elə həmin an cavab verir ki, bəs mənim baş məşqçiyə əsla ehtiyacım yoxdur.

– A bəy, bu barədə bütün qəzetlərə məlumat vermisiniz axı?

– Xeyr, xeyr. Bizə baş məşqçi-filan lazım deyil.

Amma bəzi klub rəsmiləri çox mərdanə cavab verirlər ki, bəs biz yerli mütəxəssislə işləmək istəmirik. Odur ki, heç bunun səbəbini açıqlamadan bildirirlər ki, rica edirik, bir daha bizi narahat etməyəsiniz. Halbuki yerli məşqçi onlara demək istəyir ki, balam, axı məhz yerli mütəxəssislər sayəsində “Neftçi”, daha sonra “Qarabağ” Avropa miqyasında öz sözlərini demədimi? Amma deyin görüm hansı əcnəbinin rəhbərlik etdiyi komandamız Bilərcəridən o tərəfə keçib, nə isə deyib?

Axırda “klub strategiyasına” uyğun gəlməyən yerli mütəxəssis çarəsiz qalıb gedib oturur evinin bir küncündə. İndi məmləkətimizdə belə “oturaq” həyat tərzi keçirən mütəxəssislər kifayət qədərdir.

Bu yerdə bir haşiyəyə çıxıb bizim yerli məşqçiləri qınamaq istəyirəm: yekə kişidirlər, adları sanları var, qapı-qapı gəzib özlərinə iş axtarırlar. Axı niyə indiyədək sizin bir meneceriniz belə yoxdur, hə? Halbuki indi adi bir müğənninin də meneceri var. Məgər onların bütün işlərini həmin menecerlər görmürlər?

Hə, onu deyirdim axı. Baş məşqçiyə ehtiyacları olan klub rəhbərləri də başlayırlar əcnəbi məşqçilərin qapılarını döyməyə… Bu məqsədlə, demək olar ki, futbolun inkişaf etdiyi bütün ölkələrə öz elçilərini göndərirlər. Mənim fikrimcə, bu adətin bir neçə yaxşı cəhəti var. Necə deyərlər, dünyada hər bir pis işin yaxşı tərəfi də olur. Biri budur ki, klub rəhbərləri dünya ölkələrini gəzə-gəzə öz klublarını, eləcə də Azərbaycanımızı təbliğ edirlər. İkincisi, dünyanın müxtəlif millətlərinin nümayəndələri ilə mehribanlaşırlar və bununla da yeni-yeni əməkdaşlıqların əsasını qoyurlar. Digər tərəfdən, həmin əcnəbiləri ölkəmizə gətirməklə onlara inkişafımızı öz gözləri ilə görməyə şərait yaradırlar. Doğrudur, həmin əcnəbi məşqçilər bizə çox baha başa gəlir. Amma yenə şükr eləmək lazımdır. Yəni yuxarıda ərz etdiyim kimi dünyada hər bir pis işin yaxşı tərəfi də var. Yenə buna Allah bərəkət versin.

Burada bir maraqlı məqama da toxunmaq istəyirəm. Nədənsə əcnəbi məşqçilər klublarımızda o qədər də çox yaşaya bilmirlər. Yəni onların ömrü qısa olur: məsələn, Mustafa Dənizli 5, Con Toşak 6, həmçinin Vinfrid Şefer 6 aydan sonra, daha doğrusu, heç çamadanlarını boşaltmağa imkan tapmamış fəaliyyətlərinə xitam veriblər. Bu məsələdə itirən isə yalnız onlar deyil, həm də komandalar olublar.

Bəli, bu günlərdə “Qəbələ”yə yeni baş məşqçi təyin olundu. Yəni rumıniyalı Dorinel Munteanunu ukraynalı mütəxəssis Roman Qriqorçuk (Səhv etmirəmsə, o, onillik tarixi olan “Qəbələ”nin dördüncü əcnəbi baş mütəxəssisidir)əvəzləyib. Şəxsən mən onun təqdimat mərasimindəki çıxışından belə başa düşdüm ki, o, “Qəbələ”də hekayə, povest yox, məhz adına uyğun nəsə yazmaq, daha doğrusu, roman yazmaq fikrindədir. Sizi bilmirəm, amma mən onun roman yazacağına tam əminəm. Ona da əminəm ki, onun yazdığı tarixi roman olmayacaq. Nəsə alayı şey olacaq. Yenə deyirəm, dünyada hər bir yaxşı işin pis tərəfi də olur.

Qvami Məhəbbətoğlu