Qanunsuz parklanmaya qarşı tədbirlər keçiriləcək

46

Paytaxt ərazisində parklanma üçün nəzərdə tutulan ərazilərdən qanunsuz istifadə edilməsi halları vətəndaşların haqlı narazılığına səbəb olur. Bu cür halların aradan qaldırılması məqsədilə bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.

Bunu açıqlamasında Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, araşdırmalar və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapır.

“Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyaza malik olduqlarını deyirlər. Təbii ki, yol hərəkəti qaydaları, eləcə də qanunla qorunan digər hüquq və öhdəliklər müzakirə edilmədən yerinə yetirilməli, bununla da qanunun aliliyi təmin olunmalıdır”, – deyə bölmə rəisi bildirib.

Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis idarələrinin və Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə əlavə tədbirlər planı çərçivəsində nəzərdə tutulan prosesə start verib.