“Qanunsuz ağac qırmağa görə cərimələrin artırılması effektiv olmayacaq”

0
326

Bu günlərdə Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirildi. Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsinə görə cəzalar sərtləşir. Bu halda 5 min manatdan 7 min manatadək cərimə və ya 2 ilədək islah işləri, yaxud 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilə qədər həbs nəzərdə tutulur.

Hazırda qüvvədə olan sanksiya isə belədir: 2500 manatdan 3500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma. Bəs bu dəyişiklik yaşıllıqların qırılmasının qarşısının alınması baxımından effektli olacaqmı?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov “Yeniavaz.az” saytına açıqlamasında mövzuya belə münasibət bildirdi: “Siz sovet dövründə yaşamamısınız – o vaxt buna görə 15 sutka həbs verirdilər. Ağacı qıranın əlinə bel verib, ərazi ayırıb ağac əkdirirdilər. Bir ağacın yerinə 50-100 ağac əkdirirdilər. İndi isə cərimələr artırılır. Mənə elə gəlir ki, həmin adamları yeni yaşıllıq guşələri yaratmağa məcbur etmək lazımdır. Bir ağac qırdın, yerinə 50 ağac ək. Qanunu belə yazmaq lazımdır. Yoxsa cərimə ilə iş bitməyəcək. Cərimədən savayı belə adamları məcbur eləmək lazımdır ki, yeni ağaclar əksinlər. Əkməsələr, obyektlərini tamamilə bağlamaq lazımdır. Bir ağac qırıbsa, 100 ağac əksin, 100 ağac qırıbsa, 1000 dənəsin əksin və təhvil versin dövlətə. Təkcə əkməklə deyil, baxmasan, bir aydan sonra quruyar. Bu ağaclar üçün su çəkilməlidir və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şurası bütün bunlara nəzarət etməlidir. Başqa cür effektli ola bilməz”.

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İdarə Heyətinin sədri, hüquqşünas Samir İsayevin “Yeniavaz.az”ın sualına cavabı belə oldu: “Hər bir qanunun tətbiqetmədən öncə qiymətləndirilməsi olmalıdır. Çox təəssüf ki, bizdə qanunvericiliyə bəzi dəyişikliklər qanunun tətbiqinin effektivliyi qiymətləndirilmədən həyata keçirilir. Mən Cinayət Məcəlləsinin qanunsuz ağackəsməni nəzərdə tutan maddəsinə edilən əlavə və dəyişiklikləri bəyənmirəm. Əvvəlki halda qanunsuz ağac kəsənlərə cərimə və əlavə olaraq 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. İndiki dəyişikliklərlə ilk baxışdan cəzanın effektivliyi artırılıb. Lakin əlavə olaraq yeni bir cəza növü də daxil edilib ki, bu da 2 ilə qədər islah işlərini nəzərdə tutur. Bu cəzanın olmasını mən məqsədəmüvafiq hesab eləmirəm – Azərbaycandakı məhkəmə təcrübəsi baxımından.

Əvvəl cərimə ödənilmədiyi təqdirdə azadlıqdan məhrumetmə ilə əvəzlənə bilirdi. Yəni cərimələrin ödənilməsi üçün bu cəza növü bir “Domokl qılıncı” kimi dayanmışdı təqsirləndirilən şəxsin başının üzərində. İcra orqanları təqsirləndirilən şəxslərə bu yolla cəriməni çox qısa müddətdə ödətdirə bilirdilər. İndi isə əlavə bir cəza artırıldı – 2 il islah işi. İlk baxışdan cəriməyə nisbətən ağır, azadlıqdan məhrum etməyə görə yüngül cəzadır. Lakin həmin cəzanın həyata keçirilmə mexanizmi Azərbaycanda arzuolunan deyil. Nə baş verəcək? Sözsüz, ilk növbədə məhkəmə şəxsin əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq onun barəsində ən yüngül cəzanın tətbiqini araşdırmalıdır. Deyək ki, məhkəmə qərara gələcək ki, hansısa kənd yerində meşədə qanunsuz ağac kəsmiş şəxsə 3-4 min manat cərimə tətbiq edəcək. Əvvəllər belə idi ki, şəxs həmin cəriməni ödəmədiyi halda məhkəmə icra orqanları onu həbs edə bilərdilər. Vətəndaş da bunu bildiyi üçün mütləq cəriməni ödəməyə çalışırdı. İndi isə məhkəmə növbəti cəza kimi islah işi tətbiq eləyə bilər. Azərbaycanda bu gün şəxslərin məcburi əməyə cəlb edilməsi ilə bağlı mexanizm uğurlu deyil. Odur ki, əksər hallarda icra orqanları praktikada şəxsi iş yerlərindən arayış alırlar və bunun islah işlərinə yönəldilməsinə nail olurlar. Bu mənada dəyişiklik effektiv olmayacaq. Belə deyim, mövcud qanunun işlək mexanizmi qeyri-işlək normalarla əvəzləşdirildi. Hüququn nəzəriyyəsi ilə məşğul olan insanlar bu fikirlərimi bəlkə mənə irad tuta bilərlər. Lakin mən hüququn praktikası ilə də məşğul oluram. Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyətini bilirəm. Mənim verdiyim qiymət – hüququn tətbiqi baxımından, mövcud reallıqlarda məhkəmənin qərarının kəsərli olması və icra orqanlarının işinin təşkil olunması baxımından verilmiş rəydir. Bundan əlavə, qanunsuz ağac kəsənlərin bəziləri arayış gətirəcəklər ki, mən heç bir yerdə işləmirəm. İşləmirsə nə olmalıdır? Onu işlə təmin etməlidirlər ki, barəsində islah işləri tətbiq olunsun. Hansı ictimai işlərə cəlb edəcəklər? Sovet dövründə bu işlər bir mexanizm idi. İnsanları göndərirdilər işçi qüvvəsinin az olduğu bölgələrə və orada işlədirdilər. Bizdə bu dəqiqə elə bir şərait yoxdur axı. Bu mənada mən bu cəzanı islah olunma baxımından qeyri-effektiv bir cəza hesab eləyirəm.

Cərimələrin artırılmasının effektivliyi o zaman baş verir ki, onu ödətdirmək mümkün olsun. Dediyim kimi, Cinayət Məcəlləsinə alternativ cəza əlavə olunduğu üçün qanunsuz ağac qırma ilə bağlı cərimənin məbləğinin artırılmasının effektivliyi az olacaq”.

Nicat İntiqam