“Qanun dəyişiklikləri, əlavələr gözlənilən səmərəni vermir”

386

“Hər bir qanunun tətbiqetmədən öncə qiymətləndirilməsi olmalıdır. Çox təəssüf ki, bizdə qanunvericiliyə bəzi dəyişikliklər qanunun tətbiqinin effektivliyi qiymətləndirilmədən həyata keçirilir”. Bu sözləri “Yeni Avaz” qəzetinə açıqlamasında “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İdarə Heyətinin sədri, hüquqşünas Samir İsayev demişdi. Hüquqşünas hüququn praktikası ilə də məşğul olduğunu və Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyətini bildiyi üçün bu qənaətə gəldiyini vurğulamışdı. Bəs Azərbaycanın digər tanınmış hüquqşünasları bu barədə nə düşünürlər?
Hüquqşünas Müzəffər baxışın sualımıza cavabı belə oldu: “Azərbaycanda qanunvericiliyin qəbulunda, tətbiqində, icrasında çox ciddi problemlər var. Qüdrətli dövlətlərdə qanunların hazırlanması, qanunların tətbiqi üçün dövlət hüquq institutları fəaliyyət göstərir. Yeri gəlmişkən, sovet dövründə də Dövlət Hüquq İnstitutu var idi. Bu institut araşdırma aparırdı. Deyək ki, bir ağacın kəsilməsinə görə 5 min manat məbləğində cərimə müəyyən edildi, Astaranın Siyakeş kəndində bir ağac kəsən adam bu pulu ödəyə biləcək, yoxsa bilməyəcək? Tədqiqatlar aparılmalıdır”.
“Görürlər Almaniyada belə bir şey var, gətirib tətbiq eləyirlər bura”
Müzəffər Baxış deyir ki, qanun qəbul eləmək çox asandır: “Milli Məclisdə tez-tez qanun qəbul edirlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Azərbaycanda qanuna hətta xırda bir dəyişiklik olanda da tapıb oxuyuram. Çatdırıb oxumaq olmur. Nazirlər Kabinetinin qərarlarını çatdırmaq oxumaq mümkün olmur. O qədər qanun, qərar qəbul olunur ki. Çoxunun heç əhəmiyyəti də yoxdur, tətbiqi mümkün deyil. Götürürlər Rusiyadan tərcümə edirlər, görürlər Almaniyada belə bir şey var, gətirib tətbiq eləyirlər bura. Yəni bunlar çox ciddi məsələlərdir. Əlbəttə, qanun qəbul etmək asan prosesdir. Əsas onun tətbiqidir, icrasıdır. Qanun icra olunmayandan sonra…
Axşamlar mən Konstitusiyamızı oxuyuram və ləzzətli yatıram. Sabah dururam ki, yox, bunun tətbiqi çox çətindir. Hamı məhkəmə qarşısında bərabərdir, hara gedirsən deyirlər “get o tərəfə”, amma kimi ki, tapşırırlar o keçir qapıdan. Bu məsələlər Azərbaycanda həddindən artıq çətindir”.
“Qanunu qəbul eləmək asandır, əsas tətbiqi məsələsidir”
“Qanunu nə var qəbul eləməyə, əsas tətbiqi məsələsidir”,-deyə sözlərinə davam edən M. Baxış: “Bu barədə institutlar işləməlidir – qəbul eləsək, bunun icrası necə olacaq, hansı qaydada həyata keçiriləcək? Deyək ki, hə, qanunsuz ağac kəsməyə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq etdik. Bir nəfər 5 ağac kəsdi və getdi 5 il həbsxanada qaldı, dövlət hesabına həmin müddətdə orada çörək yeməlidir. Bu ziyanla o ziyanı tutuşdurmaq lazımdır ki, nə dərəcədə effektlidir bu cəza? Ümumiyyətlə, bizim əksər qanunlarımız, əksər məcəllələrimiz Rusiya məcəllələrindən, Rusiya qanunlarından olduğu kimi köçürmədir. Bura Rusiya deyil ki, bura Azərbaycandır. Buranın öz xüsusiyyətləri var, özünün iqtisadiyyatı var, adət-ənənəsi var. Buna görə də bizdə bununla bağlı ciddi çətinliklər yaranır”.
“Filan qanuna dəyişiklik etmək istəyiriksə, nəyə gətirib çıxaracaq?”
“Digesta” hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynov da mövzunun günümüzün aktual problemlərindən biri olduğunu söylədi: “Mən də bu fikirlə razıyam, Samir müəllim çox haqlıdır. Bu hüquq nəzəriyyəsinin problemidir, amma belə düşünülə bilər ki, yalnız hüquqşünasların işidir. Qanunvericilik prosesində iştirak eləyən ayrı-ayrı vəzifəli şəxslər, qurumlar hamısı hüquq nəzəriyyəsini, hüquq nəzəriyyəsində müddəaları çox yüksək səviyyədə bilməlidirlər. Qanun ictimai münasibətləri tənzimləyən normalardır. İctimai münasibətləri tənzimləyən normalar real ictimai münasibətlərə uyğun olmalıdır, ictimai münasibətləri konkret tənzimləməlidir, mücərrəd olmamalıdır. Hansısa həyata keçirilə bilməyən, icrası mümkün olmayan normalar, qaydalar ola bilməz, varsa, bu, qanunu cəmiyyətin gözündən salmaq deməkdir. Belə bir şey çox təhlükəlidir cəmiyyət üçün. Ona görə də qanunverici orqan proqnozlaşdırmalıdır ki, mən filan qanuna dəyişiklik etmək istəyirəmsə, bu nəyə gətirib çıxaracaq, ictimai münasibətləri hansı istiqamətə yönəldəcək, hansı problemin aradan qaldırılmasını təmin eləyəcək? Hətta yeni bir problem çıxarsa, onun həll edilməsi yolları da müəyyən edilməlidir. Bax, bu məsələlər bütün xırdalıqlarına qədər hesablanmalıdır”.
“Onların özlərini işlətmək lazımdır”
Ərşad Hüseynov hesab edir ki, qanunu dəyişdirmək, əlavələr etmək hələ problemin həll olunması demək deyil: “Tutaq ki, qanunu dəyişirlər. Bir neçə gün öncə Milli Məclisdə ekologiya ilə bağlı qanunvericiliyə dəyişikliklər olundu, əsas da ağackəsmə ilə bağlı sanksiyalar sərtləşdirildi. Soruşan lazımdır, sanksiyanı niyə sərtləşdirirsiniz? Deyək ki, əvvəlki halda qanunsuz ağac kəsən adama 3000 manat cərimə nəzərdə tutulurdu, indi bunu edirsən 5000 manat. Haradan götürdün bunu? Belə çıxır ki, əvvəlki cərimə öz işini görə bilmirdi. Təhlil varmı? Mən əminəm ki, təhlil yoxdur. Sadəcə olaraq orada müəyyən maraqlar var. Müəyyən insanlar qanunun normalarını bəzən ürəkləri istəyəndə tətbiq edirlər, bəzən tətbiq eləmirlər. Məsələn, biri haqqında tətbiq edirlər, başqası haqqında tətbiq eləmirlər. Ona görə də ümumi mənzərədən belə çıxır ki, meşələri məsuliyyət yüngüldür, ona görər qırırlar. Xeyr, meşələri ona görə qırırlar ki, meşəni qıranlara heç kəs heç nə demir. Bir çoxları meşəqıranlarla əlbirdilər, onların havadarıdılar. Belə olan halda tutaq ki, ağac kəsməyə görə lap ölüm cəzası müəyyən elə, heç bir əhəmiyyəti olmayacaq. Tətbiq eləməyəndən sonra kimə lazımdır? Qanunvericiliyə dəyişiklik ediləndə təhlil aparılmalıdır, niyə əvvəlki məzmunda işləmədi? Bəzən qanunu tətbiq etməli olanlar özləri işlətmirlər, olanların özlərini işlətmək lazımdır. Onları məcbur eləmək lazımdır. Onda qanuna dəyişiklik etməyə ehtiyac qalmır. Yanaşmalar belə olmalıdır. Səmərəlilik belə əldə olunur. Hüquq norması kağızın üzərində yazılmış sözlərdir. Həmin o kağızın üzərində yazılmış sözləri konkret vəzifəli şəxs, insan, konkret dövlət orqanı icra eləməsə, kağızın üstündən o sözlər özü qalxıb camaatın arasında münasibətləri tənzimləyəsi deyil ki? Bu məsələlər nəzərə alınmalıdır. Hüquq normalarını dəyişəndə, qəbul eləyəndə, ümumiyyətlə, bu tipli məsələlərdə onun səmərəliliyi ön planda olmalıdır. Bu norma nəyi dəyişəcək, onunla nəyə nail olmaq olar? Bir çox hallarda bunlar nəzərə alınmır deyə effekti olmur”.
Nicat İntiqam