Qan qrupunu söylə,deyim sən kimsən…

0
42

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir.Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir. Heç bilirdinizmi  ki, yaponların bir-birilə tanış olarkən verdikləri suallar içərisində ən populyarı «qan qrupun hansıdır?» sualıdır. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir.

Birinci qan qrupu

«Lider olmaq» və «yaşamaq» onlar üçün sinonim sözlərdir. Onlar məqsədə doğru can atır, dözümlü olur, öz güclərinə güvənirlər. Hətta kifayət qədər özündən razı, özünə vurğun və lovğadırlar. Tənqidə dözümləri demək olar ki, yox dərəcəsindədir.

Birinci qan qrupuna sahib olan kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər.

Birinci qan qrupuna  sahib olan qadınlar isə qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar yad kişilərlə necə davranmağı çox yaxşı bacarırlar. Yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir, eyni zamanda əldə etdiklərini də güclü «caynaqlarından» çətin ki, buraxalar. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.

İkinci qan qrupu

Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır. Kollektivdə özlərini əla hiss edir və adətən liderliyə can atmırlar.

İkinci qan qrupuna sahib olan kişilər sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə  oynayırlar. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.

Bu qan qrupundan olan qadınlar isə utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? – Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? – Xeyr, birdən o, başqa şey fikirləşər.  Qısamüddətli münasibətlər onlar üçün deyil. Bu qadınlar əla ömür-gün yoldaşı olub, sona qədər ərlərinə sadiq qalırlar.

Üçüncü qan qrupu

Üçüncü qan qrupuna sahib olan insanlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Hiyləgər olub asanlıqla başqalarının təcrübəsini mənimsəyir və yad cəmiyyətə maneəsiz uyğunlaşırlar. Birinci qrupun liderliyi və ikinci qrupun tabeçiliyi onlarda yoxdur, istənilən vəziyyətdən çıxa bilir, müstəqilliklərini daima qoruyub- saxlayırlar. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.

Bu qan  qrupuna sahib olan kişilər  köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır.  Rədd cavabını da çox normal qəbul edir.

Üçüncü qan  qrupuna sahib olan qadınlar isə adətən kobud olur. Bu tip qadınlar  ömrüboyu sadiq həyat yoldaşı ola bilər və bununla yanaşı onlarla əks cinsin nümayəndəsi ilə dostluq edə bilərlər.

Dördüncü qan qrupu

Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar. Adətən onları sevirlər, ancaq dərindən tanıya bilmirlər, çünki müxtəlif donlara girməyi əla bacarırlar. Çox mütaliə edir, hərtərəfli, erudisiyalı olurlar, lakin mübahisə etməkdən çəkinirlər. Karyera pilləsinə laqeyd yanaşırlar, buna baxmayaraq, tale özü onları yüksəldir.

Dördüncü qan qrupuna sahib olan kişilər əlavə güc sərf etmədən qadınları asanlıqla toruna sala bilirlər. Onun oyunu zərif və alicənab olur. Ancaq özü aşiq olduqda hər şey dəyişir, ehtirasla hərəkət edən bu tip münasibətlərdə məntiq unudulur.

Dördüncü qan qrupuna sahib qadınlar isə  sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alırlar. Bir çox kişilər bu qadınlara olan sevgilərindən ağıllarını itirdikləri halda, qadınlar əksər hallarda başqa kişilər üçün ağlayırlar.

Samirə Tağıyeva, “İki sahil”