Qan dövranı xəstəliklərindən ölənlərin sayı artır: dövran dəyişib, yoxsa biz?

451

 
Xəstəlikdən qorunmaq, onu müalicə etməkdən daha asandır, deyirlər. Xəstəlik mənfi təsirlər səbəbi ilə bədəndə müəyyən əlamətlərin meydana gəlməsidir. Bu əlamətlərin özünü büruzə verməsi isə bəzi hallarda illərlə vaxt ala bilər. Çünki bədənimiz, xəstəliklərə dərhal təslim olmayıb, onunla uzun müddət mübarizə aparmaq gücünə sahibdir. Amma biz xəstəliyimiz müəyyən əlamətləri ilə özünü büruzə verdikdən sonra onun fərqində oluruq.

İnsanlarımızın 61%-i qan dövranı sistemləri xəstəliklərindən dünyasını dəyişir
Bütün dünyada ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yeri tutur. Eləcə də Azərbaycanda bu xəstəlikdən dünyasını dəyişənlər çoxdur. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2014-cü ildə Azərbaycanda dünyasını dəyişən 55 min 648 nəfərin 33 min 453-ü qan dövranı sistemi xəstəliklərindən vəfat edib.
7001 nəfəri yenitörəmələrdən, 1990-ı tənəffüs sistemi xəstəliklərindən, 2721 nəfər isə zədələnmə, zəhərlənmə, xarici təsirlər və digər səbəblərdən dünyasını dəyişib. Qardaş Türkiyə Respublikasında da ötən il vəfat edən insanların 40,4%-i qan dövranı sistemi xəstəlikləri səbəbindən dünyasını dəyişib.
Bu yazımızda qan dövranı sistemləri xəstəlikləri ilə bağlı müəyyən detallara toxunacağıq. Amma bu detallar ancaq adı çəkilən xəstəliklərdən əziyyət çəkənlər üçün maraqlı olmamalıdır. Çünki söyləyəcəyimiz məlumatlar həyatları boyunca bu cür narahatlıqlardan uzaq qalmaq istəyən istənilən sağlam insan üçün də yararlıdır.

“Xəmir xörəkləri, duz və şəkərdən az istifadə edin”
Mövzumuzla bağlı suallarımızı cavablandıran Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibbi elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirdi ki, qan dövranı sistemləri xəstəliklərinin ən çox yayılan növlərindən biri yüksək qan təzyiqidir: “Dünya əhalisinin yaşı 18-dən çox olanlarının 30-40%-ində yüksək qan təzyiqi müşahidə olunur. Yaşı 70-dən yuxarı olanların 2/3-si, 80-dən çox olanların isə 80%-i bu xəstəlikdən əziyyət çəkir”. R. Yusiflinin sözlərinə görə, bu xəstəliyin konkret səbəbi yoxdur: “Həm irsi amillər, həm insanların həyat tərzi, həm onların zərərli vərdişləri, uzun müddət davam edən xroniki stress halları, yuxu rejiminin pozulması və s. bu xəstəliyin yaranmasına gətirib çıxarır”. Müsahibimiz onu da əlavə etdi ki, qan təzyiqini aşağı salmaqla onun zərərlərindən yaxa qurtarmaq mümkün deyil: “Qan təzyiqi müəyyən orqanları – ürək, beyin, böyrəklər, ayağa və qola gedən artilleriya damarlarını zədələyir. Damarın zədələnən divarına isə xolesterinin çöküşü sürətlənir. Çünki normal halda damarların divarı o qədər hamar olur ki, ora xolesterin hopa bilmir. Xolesterin isə damara çökməyə başladısa, qarşısını almaq çətindir”.
Müsahibimizin sözlərinə görə, damarın divarında xolesterin çöküntüsü varsa, qanın təzyiqi artdığı, insanın fiziki işlə məşğul olduğu, əsəb keçirdiyi təqdirdə damar tutulması baş verir. R. Yusifli onu da əlavə etdi ki, qan təzyiqi xəstəliklərindən əziyyət çəkənlərin, siqaret, spirtli içki istifadəçilərinin övladlarının qan dövranı sistemləri xəstəliklərinə tutulma ehtimalı 70-80%-dir: “Buna görə də, həmin valideynlər uşaqlarının qidalanmasına, aktiv həyat tərzi yaşamasına, zərərli vərdişlərdən uzaq olmasına diqqət yetirməlidirlər”. “Qan təzyiqi ilə şəkər xəstəliyi “əkiz bacı”dır”, – deyən R. Yusifli sözlərini belə davam etdirdi: “Bu iki xəstəlik eyni vaxtda əmələ gəlir. Bunlardan mümkün qədər qorumaq üçün xəmir xörəkləri, duz və şəkərdən az istifadə olunmalıdır”.

“Stress bir çox xəstəliklərə rəvac verir”
Qan dövranı xəstəliklərinin əmələ gəlməsində stress amilinin də olmasını nəzərə alıb, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov ilə əlaqə saxladıq. Onun sözlərinə görə, bir çox xəstəliklərin yaranma səbəblərindən biri də məhz stresdir: “Stress bir çox xəstəliklərə rəvac verir. İnsanlarımız çalışmalıdırlar ki, stresdən qorunsunlar. Bunun üçün istəklərimiz, hədəflərimiz imkanlarımız daxilində olmalıdır. Xüsusən də gənclərimizdə səbirsizlik müşahidə olunur. Onlar az zamanda daha çox şey əldə etmək istəyirlər. Şübhəsiz ki, insanın gözləntisi ilə reallıq üst-üstə düşmədikdə, onda stress yaranır. Bu gun ailədaxili ziddiyətlər, iş mühitinin normal olmaması stress formalaşdıran amillərdir. Stressin səbəblərindən biri də internetin olması, sürət əsrində yaşamağımızdır”. Stresdən qorunmağın yolları haqqında da məlumat verən müsahibimiz bunları dedi: “İnsanlar stresdən qorunmaq üçün doğmaları, yaxınları ilə daha çox vaxt keçirməlidirlər, onlarla canlı ünsiyyətə can atmalıdırlar. Belə olan halda insanda mənəvi rahatlıq yaranır. Mənəvi rahatlıq isə stressə qarşı ən yaxşı immunitetdir”.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, mövzumuzu belə yükunlaşdırırıq:
– Hərəkətli olmalıyıq.
Hərəkətli olmaq, arada bir də mümkün qədər özümüzü yormaq ürək və damar sistemi üçün çox faydalıdır. Bunun üçün ürək döyüntülərimiz sürətlənənə və tənginəfəs olana qədər fiziki hərəkətlər edilməlidir. Amma bu hər gün tənginəfəs olana qədər qaçmaq kimi başa düşülməməlidir. Biz rahat və əyləncəli, müəyyən günlərdə nizamlı olaraq, həyata keçirilən bədən hərəkətlərini nəzərdə tuturuq. Əsas odur ki, bədən hərəkətləri də daxil olmaqla, günlük həyatımızda ölçünü qoruyaq.
– Düzgün qidalanmalıyıq.
Qan dövranı sisteminin sağlamlığı xüsusilə yağdan düzgün istifadədən çox asılıdır. Bir çoxlarımız qidalanma zamanı lazım olandan çox yağ istifadə edirik. Çoxumuza məlumdur ki, xüsusilə kərə yağları qandakı xolesterinin artmasına birbaşa təsir göstərir, nəticədə isə müxtəlif qan dövranı sistemi xəstəliklərinin yaranmasına gətirib çıxarır. Buna görə də bir çox həkimlər kərə yağdan istifadəni birmənalı olaraq dayandırmağı, onun əvəzinə bitki yağlarından istifadə etməyi tövsiyə edir. Amma aparılan son araşdırmaların nəticələrinə görə, bir çox bitki yağları da qanda xolesterinin artmasına səbəb olur. Bundan da belə nəticə çıxarmaq olar ki, hər cür yağdan istifadəni məhdudlaşdırmaq lazımdır. Qan dövranı sistemləri xəstəliklərindən mümkün qədər qorunmaq üçün daha çox meyvə-tərəvəz yemək, paxlalı bitki (lobya və noxud) məhsullarından hazırlanan qidalardan istifadə etmək lazımdır. Qeyd edək ki, paxlalı bitkilər və yulaf qandakı xolesterinin azalmasına müsbət təsir edir.
– Tütün və alkoqoldan imtina etməliyik.
Səhhətinə diqqət edən kəslər, xüsusilə də ürək və damar sistemləri xəstəliklərindən qorunmaq istəyənlər birmənalı olaraq siqareti və spirtli içkidən istifadəni dayandırmalıdırlar.
– Stressə düşməməliyik.
Günümüzün sürətli həyat tərzindən qaynaqlanan stress, başda qan dövranı, sinir sistemi xəstəlikləri olmaqla bir çox xəstəliklərin yaranmasına səbəb olur. Stress nisbi anlayışdır. Yəni onun təsirləri insanlara görə dəyişə bilər. Stressin təsirlərini araşdırmaq əvəzinə, ondan uzaq gəzməyə çalışın.

Elvin Əliyev